Bakıda quldurluqla məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib, 200.000 manat pul tələb ediblər. Hər iki şəxs aparılmış əməliyyat tədbirləri nəticəsində tutulub.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə isə hədələnən Mirzəyev Mirzə Rəşid oğlu Maliyyə Nazirliyi 5 saylı Xəzinədarlıq İdarəsinin rəisidir. O, daha əvvəl Xəzər və Xətai rayonlarında maliyyə idarələrinə rəhbərlik edib.
Bildirilir ki, M.Mirzəyev ona edilən təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra əməliyyat tədbirləri həyata keçirilib, Mirzəyevi və ailə üzvlərini öldürməklə hədələyən şəxslər müəyyən edilərək saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.