yaxud, geriyə baxma, qoca…
Getdiyi cığırın sonu göründükcə yağmaladıqlarının bir gün əlindən çıxacağından ehtiyatlanıb axır zamanlar başını itirmişdi, – deyirlər. Itirdiyi başın qarşılığında gücünü yumruq-təpiyə vermiş adamın atdığı təpiklərin bir gün özünün arxa nahiyəsindən dəyəcəyi anın intizarında olanlar çox idi. Və dəydi də…
Hələ bir neçə il öncə hərbçi bir dostumun “bilsəydim ki, biz Füzulini ermənilərdən azad edib Nəbi Muxtarova təslim edəcəyik, əlimə silah götürməzdim, vallah” sözlərini xatırladım… Adamın doğulub boya-başa çatdığı rayonun əhalisinə bunca yağı kəsilməsini dərk etməkdə çoxlarının məntiqi hələ də acizdir.
Qəbuluna düşə bilməyən şəhid qadını onun getdiyini görüncə ardınca düşərək “Nəbi müəllim, indi mən dərdimi kimə deyim, millət vəkili Bahar Muradovaya müraciət edim?” – sözlərinə “…, qayıtsam səni ayağımın altına salacam” – cavabını verən başçının hirsini əsabələrinin qulağına pıçıldadığı “Nəbi müəllim, şəhid ailəsidir” sözləri də soyutmayıb. O,
“Küçə şəhid ailələri ilə doludur” kimi gözləmədikləri dəhşətli cavabla üzləşmişdilər.
O axşam 105 minlik əhalisi və torpaqlarının böyük bir hissəsi işğal altında olan Füzuli rayon camaatı doğrudan da sevinirdi. Hamı bir-birini təbrik edirdi. Elə bil rayon erməni işğalından azad olunmuşdu. Hamıda bir inamsızlıq da var idi. Doğrudanmı 18 il bir rayona qan udduran, onun sərvətlərini talayan, insanlarına çörək pulu adı altında verilən qəpik-quruşa belə göz dikməkdən utanmayan bir şəxs vəzifəsindən azad edilmişdi?.. Ürəyimdə çoxdan yaranmış qənaət həmin axşam elə bil özünü bir daha təsdiqləyirdi. Füzuli rayonunun əhalisinin sinəsində erməni dağı ilə bərabər, heç də ondan geri qalmayan Nəbi Muxtarov dağı dayanır.
Talan
Heydər Əliyev siyasi kursunu “dəstəkləyə-dəstəkləyə” hələ sovetlər dönəmində rayonda tikilən nə vardısa, hamısını hərraca çıxararaq satan keçmiş başçının kommersiya istedadı ilə bağlı artıq lətifələr danışılır. Belə ki, metal boru alıcıları ilə qiymət sövdələşən icra başçısı alıcıların borunu ondan ucuz qiymətə almaq istədiklərini duyunca dərhal onlara Bakıda bir neçə boru bazarı olduğunu və hər bazarda metal borunun satış qiymətini xatırladaraq malı özünə sərf edən qiymətə realizə edə bilmişdi. Bir zamanlar rayonda iri sənaye müəssisələrindən sayılan pambıqtəmizləmə, gübrə, cihazqayırma kimi zavodların şveller, metal künclüklər, şiferlər və digər tikinti materialları sökülərək ətraf rayonların bazarlarında satılmışdır. Işğaldan əvvəl pambıqtəmizləmə zavodunda çalışmış Horadiz qəsəbə əhalisi sökülərək satılan materiallardan əmlak payı qismində onlara çatacaq payın olması barədə bir neçə dəfə məsələ qaldırsalar da şikayətlərinə məhəl qoyulmamışdı. Hələ sovetlər dönəmində çəkilmiş Horadiz-Bəhmənli su xəttinin boruları, çaxır zavodlarında olan 150-dən artıq 300 tonluq çaxır çənləri, əvvəllər Maşın-Traktor Stansiyası (MTS) kimi fəaliyyət göstərmiş müəssisənin yanacaqdoldurma məntəqəsindəki 50-dən artıq yanacaq çəni günün günorta çağında əhalinin gözü qarşısındaca maşınlara yüklənərək satışa göndərilmişdi.
Tamah
Nəbi Muxtarovu başqa rayonların icra başçılarından fərqləndirən bir cəhət ondan ibarətdir ki, onlar rəhbərlik etdikləri rayonun bir qism adamdan rüşvət aldıqları halda Nəbi Muxtarov rayonun bütün əhalisindən, hətta 6 aylıq körpəsindən belə rüşvət alıb. Belə ki, rayon əhalisinə çörək pulu adı altında verilən müavinətin hər adambaşına düşən miqdarından icra başçısına çatacaq pay müavinət paylanmamışdan öncə hesablanaraq banklarda saxlanılırdı.
Başçı vəzifəsindən azad olunduqdan sonra rayonun Qazaxlar və Əhmədalılar kəndlərində paylanmış yardımların əvvəlkilərdən dəfələrlə artıq olması onu sübut edir ki, əhalidən saxlanılaraq rayonun Əhmədbəyli bazarında satılan bu gündəlik tələbat mallarının pulu rəhbərə ödənirmiş. 2009-2010-cu illərdə respublika prezidentinin ehtiyat fondundan regionların sosial-iqtisadi inkişafı ilə bağlı rayon üçün ayrılmış 4 milyon manat pulun da hara və necə xərclənməsi suallar doğurur. Bu məbləğin ərazinin kanalizasiya sisteminin yenidən qurulmasına və inzibati binaların rənglənməsinə xərcləndiyini deyənlər, hər hansı binanın təmirinin rayonda həmin binada çalışanların ən yaxşı halda saxlanmış bir neçə aylıq əmək haqları hesabına başa gəldiyini deməyi də nədənsə unudurlar. Kanalizasiya sisteminin yenidən qurulmasına gəlincə, böyük bir hissəsi erməni işğalında olan rayon ərazisində bu sistem yalnız Horadiz şəhərində bir neçə məhəllə və 3-4 kommunal binada fəaliyyət göstərir ki, bura da hansısa milyonların xərclənməsini görən olmayıb.
Dövlətin əhaliyə verdiyi ünvanlı sosial yardımın aztəminatlı ailələr üçün nəzərdə tutulmasına baxmayaraq, bu pul müavinətləri əksər hallarda rayon əmək və əhalinin sosial müdafiə şöbəsinin müdiri Məqsəd Babayevlə “dil tapmağı” bacaran ailələr arasında 50-50-yə prinsipi əsasında bölüşdürülürdü. Illərlə davam edən bu əməliyyatdan başçının xəbərsiz olması inandırıcı görünmür. Baş verənlərə bilərəkdən göz yummaq isə bu “pay” bölgüsündə iştirakdan xəbər verir…
“Bazarkom”
Bu gün əhalinin qanı bahasına rayonda və Bakı şəhərində villalar, ticarət obyektləri tikilsə də Horadiz şəhərində ermənilərin yandırdığı yaşayış evləri öz xaraba ömürlərini yaşamaqdadır. Gündüzlər sahibsiz itlərin, gecələr bayquşların məkanına çevrilmiş bu evlər tikiləcəyi günü gözləyir. Ancaq, necə deyərlər, sən saydığını say, gör Nəbi müəllim nə sayır. Təxminən bir il əvvəl rayon icra hakimiyyətinin ərazi nümayəndəliklərinin rəsmiləri əhali arasında belə bir şayiə yaydılar ki, müəyyən pul vəsaiti ödənərsə, xaraba qalmış evlər bərpa olunaraq sahiblərinə veriləcək. Beləliklə, qapısında qoyun-inəyinə, toyuq-cücəsinə, evində xalça-gəbəsinə gücü çatan bir çox qəsəbə sakini yuxarıda adı çəkilənləri qısa zamanda bazarda pula çevirərək həmən icra nümayəndələrinə verdilər ki, bəs, kimə lazımdır “hörmət” edin, təki evlərimiz tikilsin. Icra nümayəndələri də öz növbələrində pulun bir qismini ciblərinə qoyub qalanını “yuxarıya” çatdırdılar. Əhalidən 400 min manatdan artıq pul yığılmasına baxmayaraq evlər tikilmədi ki, tikilmədi. Başçı vəzifəsindən azad edilən andan bir çox icra nümayəndələrinin bərk əl-ayağa düşərək narahat olması (Əhmədalılar kəndinin icra nümayəndəsi Murad Zeynalov infarkt keçirərək yatağa düşüb) ondan xəbər verir ki, tələb olunan məbləğləri geri qaytarmaqda keçmiş başçının onlara kömək göstərməyəcəyini indidən anlayıb başlarına çarə axtarırlar. Horadiz qəsəbəsinə şəhər statusu veriləndən sonra bahalaşan torpaq oldu ki, bu da çox yaxın gələcəkdə rayonun birinci səlahiyyətlisi üçün yeni-yeni qazanc yerlərinin açılmasından xəbər verirdi. Belə də oldu.
Başçı Horadiz şəhərinin mərkəzində fəaliyyət göstərən ət dükanlarını və meyvə-tərəvəz bazarını mərkəzdən 2 km aralıya köçürmək qərarını verdi. Antisanitariya adı altında keçirilən bu əməliyyatın yalnız bir məqsədi var idi: boşaldılmış əraziləri baha qiymətə yeni alıcılara satmaq.
Kiminin qismətinə az, kiminin qismətinə çox pay düşən bu bazarda “bazarkom” vəzifəsini özünə layiq şəkildə çox məharətlə həyata keçirən başçı düz 18 il bir rayon əhalisini “tərəzidə aldatdı”. Yuxarıdakıların da gözünə dönüm, özlərini sındırıb gözlərinin ucuyla da olsa belə bir dəfə o tərəziyə baxmadılar ki, görələr tərəzi daşı dura-dura sənin barmağın “çəki” zamanı hansı həngamədən çıxır.
Kartlar sahiblərinə qaytarılır
Məvacibləri bankomatlar vasitəsilə ödənən əhali arasında çox böyük sevinc hissi yaratsa da bu sevincin ömrü elə də uzun sürmədi. Əlləri nağd pulun paylanmasından çıxan rayon rəsmiləri bu vəziyyətdən də özlərinə məxsus ustalıqla çıxış yolu tapa bildilər. Məktəb direktorları bu yaraşıqlı kartların müəllimlərin əlini belə isindirməsini onlara çox gördülər. Tez bir zamanda yığılan kartlar direktor seyflərində öz daimi “yaşayış” yerlərini tapdılar. Müəllimlərin isə hər ayın başında məktəb müdirlərinin onlara verdiyi məvaciblə razılaşmaqdan başqa çarələri qalmadı. Etiraz edənlərə barmaqları ilə göstərişin “yuxarıdan” verildiyini anladan direktorlar, özlərinin bu işdə bir günah sahibi olmadıqlarını, sadəcə yuxarıdan verilən tapşırığın aşağılarda icraçısı vəzifəsini yerinə yetirdiklərini dolayısıyla başa salırdılar. Eyni halla rayonda taxılçılıqla məşğul olan iş adamları da üzləşdi. Əyalətlərdə taxılçılığın inkişafı ilə bağlı hər hektar üçün 80 manat dəyərində ayrılmış subsidiyaları da öz ünvanına yetməzdən öncə Füzuli Rayon Icra Hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin müdiri Xanoğlan Əzimov ata malı kimi yarıya böldükdən sonra sahiblərinə çatdırılırdı. Kartlar əvvəlcədən əllərindən alınaraq Əzimovun seyfində saxlanan təsərrüfat rəhbərləri isə aldıqları yarımçıq məbləğin müqabilində tam məbləğ almaqları ilə bağlı sənədə imza atmağa məcbur edilirdilər.
“Köhnə qvardiya”
Rayona yeni təyin olunmuş icra başçısı Alı Alıyevin vəzifəsinə başladığı ilk günlərdən gördüyü işlər rayon camaatının ürəyindən nə qədər xəbər versə də “köhnə qvardiyaçılar” sayılan Şakir Hacıyevin, Məqsəd Babayevin, Tapdıq Quliyevin hələ də vəzifə başında qalmaları onlarda müəyyən suallar doğurur. Çünki illərlə rüşvət adlı “dəyirmanın” gözünə su tökməkdən savayı əllərindən xeyirli iş gəlməyən bu “qvardiya” üzvlərinin yenidən islah olunaraq saf əməl sahiblərinə çevriləcəyi inandırıcı görünmür. Horadiz şəhərinin mərkəzində özünə “Dörd çinar” kimi əzəmətli bir obyekt yapdıran Şakir Hacıyevin rayonun Haramı düzündə yerləşən böyük fermer təsərrüfatı, taxılçılıq sahələri barədə xalqın yetərincə bilgisi var. Qardaşını Zobucuq-2 qəsəbəsində bələdiyyə sədri vəzifəsinə təyin elətdirmiş Şakir müəllimin əhaliyə çatacaq yardımları rayonun “4 yol” adlanan ərazisindəki qaynı Rafael Zülfüqarova məxsus dükanda satdırmasından da əhali xəbərdardır.
“Yedi var, apardı yoxdur”
Nəbi müəllim, bu gün bərk narahat olmağın barədə xalq arasında söhbətlər dolaşır. Məmləkətdə guya korrupsiyaya qarşı başlamış mübarizə küləyinin sənə də toxunacağından ehtiyatlanırsan, deyəsən. Əgər bu deyilənlər doğrudursa, bir az sadəlövh olmağın barədə məndə fikirlər oyanır. Ona görə ki, qanrılıb bircə dəfə də olsa geriyə baxsan dünənəcən özünün də üzvü olduğun komandada rüşvətxorluğa görə heç kimin damlanmadığına bir daha əmin olarsan. Damlananlar balaca vəzifə yiyələri olan “fətişlərdi” ki, bunların da gözdən pərdə asmaqdan başqa bir zad olmadığını özün çox gözəl başa düşürsən. Amma deyirlər, bunlarda başqa bir prinsip var: “Yedi var, apardı yoxdur”. Sənin isə aparmaq istədiklərin, xalq arasında danışılanlar doğrudursa, milyonlarla ölçülür…
Əşrəf