Qəzetlər səyyar satışa qadağadan çıxış yolu axtarır
«Son çörək pulumuza da əl atırlar; belə getsə vətəndaşlıqdan imtina edəcəyik»
Yanvarın 17-də qəzet rəhbərləri və yayım firmalarının nümayəndələri Bakı şəhər Ticarət Departamentinin səyyar qəzet və jurnal satışına qadağa qoyması ilə bağlı müzakirə aparıb. Toplantı “Gündəm xəbər” qəzetinin redaksiyasında keçirilib. Toplantıda Bakı şəhər Ticarət Departamentinin qərarı ilə qəzetlərin satışına ciddi zərər dəyəcəyi qeyd olunub, vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində məlum oldu ki, tətbiq olunan qadağadan sonra 300 nəfər iş yerini itirəcək.
İlk olaraq polisin son reydləri zamanı zərərçəkən yayım firmalarının nümayəndələri söz aldılar. Fərdi sahibkar İbad Manafov bildirdi ki, o yeddi ildir ki, BŞİH-nin verdiyi lisenziya ilə fəaliyyət göstərir. 2014-cü il üçün də lisenziya ilin əvvəlindən alınıb. Amma bu sənəd Səbail rayon polis idarəsinin reydləri zamanı qanunsuz sayılıb: «Bir saatın içərisində bizim lisenziyamız ləğv olundu. Bizə dedilər ki, siz şəhəri çirkləndirirsiniz. Artıq baş verənlərlə bağlı Mətbuat Şurasına, ombudsmana müraciət etmişik. Xarici ölkələrdə mətbuat yayımına qarşı bu cür münasibət yoxdur. Bizim əməkdaşların əksəriyyəti Qarabağ əlilləridir. Artıq bizim son çörək pulumuza da əl atırlar. Əgər bu addımlar davam etsə biz rəsmi şəkildə vətəndaşlıqdan imtina edəcəyik».
«Demokratiyadan danışmağa dəyməz»
“Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərli bildirdi ki, gündəlik qəzetlərin əsas gəlir mənbəyi səyyar satışdan əldə olunan vəsaitlərdir. Çünki səyyar satışlar həftədə bir, bəzən iki dəfə qəzetlərə hesabat verərək, satılan nüsxələrin pulunu təqdim edirlər. Yayım firmaları isə bu vəsaiti yalnız bir və ya iki ay sonra mətbu orqanlarına çatdırırlar: «Azərbaycanın demokratik dövlət olduğu bəyan edilir. Əgər belədirsə, o zaman nəyə görə səyyar satış ləğv olunur. Qəzetlərin səyyar satışı ləğv olunacaqsa demokratiyadan danışmağa dəyməz. Hazırda bizim 135 min cəriməmiz var. Bu üzdən hesabımız bağlıdır. Bu tərəfdən də yayımı sıradan çıxarırlar. Biz nə etməliyik? Ailəmizi necə dolandırmalıyıq. Bizim bir çıxış yolumuz qalır, ölkəni tərk etmək. Çünki tənqidlərimizə görə heç yerdə iş tapa bilməyəcəyik».
«Azad yayım» səyyar satış firmasının nümayəndəsi İntiqam Aslanov bildirdi ki, əməkdaşları polisin təzyiqləri, cərimələri üzündən artıq qəzet satışı ilə məşğul olmağa çəkinirlər.
«Yayım Assosasiyası»nın sədri Yaşar Zeynalov bildirdi ki, artıq bir ildir ki, qəzet yayımı ilə məşğul olanlar müxtəlif yerlərdə, müxtəlif vaxtlarda təzyiqlərlə üzləşirdilər. Amma son addımların araşdırılması göstərdi ki, bu tədbirlər birbaşa meriyanın göstərişi ilə reallaşdırılıb. Y.Zeynalov təklif etdi ki, növbəti görüş qəzet redaktorlarının iştirakı ilə yaxın günlərdə Mətbuat Şurasında keçirilməlidir. Ona qədər isə yayım firmalarında çalışanların, qəzet redaksiyalarının əməkdaşlarının imzası ilə dövlət başçısına məktub ünvanlanmalıdır. «Məktubda xüsusilə vurğulanmalıdır ki, meriya Bakıya 300 yeni köşkün gətiriləcəyini deyir. Buyursunlar həmin köşkləri ilk olaraq bura toplaşan yayım firmalarına təklif etsinlər. Biz də həmin köşklərdə qəzet satışını reallaşdıraq», deyə Y.Zeynalov bildirdi.
«Hakimiyyət müstəqil mətbuatı sıradan çıxarmaq istəyir»
«Azadlıq» qəzetinin baş readktorunun birinci müavini Rahim Hacıyev isə bildirdi ki, neft pulları hesabına bir neçə prospekt tikərək onu ölkənin inkişafı kimi təqdim etmək yalnız Azərbaycan hakimiyyətinin ağlına gələ bilər. Azərbaycandan qat-qat yüksək inkişaf səviyyəsində olan ölkələr bununla öyünmürlər, çünki buna adi məsələ kimi baxırlar: «Dünyanın ən çirkli şəhərlərindən biri olan Bakıda birdən-birə məlum olur ki, qəzet satanlar şəhəri çirkləndirir. Bakının hər yerində ət, balıq, meyvə satılır. Bu fəaliyyət şəhəri çirkləndirmir, amma qəzet satışı çirkləndirir. Uzun müddətdir ki, Azərbaycan hakimiyyəti azad, tənqidçi mətbuatı sıradan çıxarmaq istəyir. Ölkədə xeyli sada qəzet var. Həmin qəzetlərin rəhbərləri üçün onların satılıb-satılmaması böyük əhəmiyyət daşımır. Əgər 90-cı illərin sonunda Azərbaycanda mətbuatın 70 faizi müstəqil idisə, hazırda söhbət 1-2 faizdən gedir. Hakimiyyət üçün Qarabağdan da mühüm məsələ azad mətbuatla mübarizədir. Son bir ildə mətbuatın susdurulması istiqamətində fantastik məhkəmə cərimələri, qanunsuz məhkəmə qərarları qəbul olunur, əlyayımına ümumiyyətlə son qoymaq istəyirlər. Dövlət vətəndaşa xidmət etməlidir. Dövlət vətəndaşın işləməsi üçün şərait yaratmalıdır. Axı mən qəzet satıram, adamlara problem yaratmıram, axşam saatlarında küçələrdə maşını yüksək sürətlə sürüb, siqnal vermirəm».
Yayın istisində, qışın soyğunda əlyayım firmalarının əməkdaşlarının əllərində qəzet satdıqlarını deyən R.Hacıyev vurğuladı ki, bu fəaliyyət onlar üçün son ümid yeridir: «Bakının neçə ərazisi var ki, orada yaşamaq mümkün deyil. Acınacaqlı şəraitdə yaşayan insanların güzaranı bu hakimiyyəti narahat etmir, amma qəzet satışı narahat edir. Mətbuat Şurasının qurultayında Əli Həsənov «Azadlıq» qəzetini xüsusi hədəf seçərək, çıxışının böyük hissəsini bu istiqamətdə etmişdi. Əli Həsənov dedi ki, «Azadlıq» qəzeti dövlətçiliyə qarşı fəaliyyət göstərir. Dövlətçiliyə qarşı fəaliyyət dedikdə isə hakimiyyətin korrupsiya əməlləri nəzərdə tutulur. Biz olanları yazırıq, korrupsiya faktlarını ortaya qoyuruq. Ona görə də bizi sıradan çıxarmaq istəyirlər. Metro insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Nəyə görə burada qəzet satışı olmamalıdır?».
Yayımla məşğul olan başqa bir sahibkar Nadir Əmirov da hesab edir ki, Mətbuat Şurası əgər hazırda yayım firmalarının üzləşdiyi problemlərlə maraqlanmırsa, o zaman bu qurumun fəaliyyəti dayandırılmalıdır. Bundan başqa N.Əmirov vurğuladı ki, əgər meriyanın qərarı ilə Bakıda küçə ticarəti yığışdırılırsa, o zaman Ticarət Departamentinin mövcudluğuna nə lüzum var.
Xəyal