Şahvələd Çobanoğlu: «Hansısa nazirə bağlılığı olan, hansısa nazirin kabinetindən çıxan mən yox, Rauf Arifoğlu olub»
Xədicə Ismayıl: «Bunlar vicdanlı adamları ləkələməklə öz vicdansızlıqlarına şərik axtarırlar»
Günlərdi Rauf Arifoğlu və rəhbərlik etdiyi “Yeni Müsavat” qəzeti insanlara böhtan atmaq, Milli Şuranı gözdən salmaq, yalan məlumatlar tirajlamaqla məşğudu. “Azadlıq” qəzeti bir sayında “Əbülfəz Elçibəy Rauf Arifoğlu haqqında nə demişdi” başlıqlı yazı dərc etmişdi. Yazıda Elçibəyin Rauf Arifoğlu haqqında mənfi fikirləri yer almışdı və bu fikirlər 1999-cu ildə “Günaydın” qəzetində dərc edilmişdi. Yəni bütün deyilənlər faktlara əsasən yazılmışdı.
Bu yazıdan sonra “Yeni Müsavat” qəzeti və onun başbilənləri illər öncəyə ekskurs etdilər, yeni “arqument”lər tapdılar. Qəzet yazır ki, “Günaydın” qəzeti müstəqil qəzet olmayıb, Əli Insanovun maliyyə dəstəyi ilə çap olunub və s.
“Yeni Müsavat”ın bu böhtanlarına tanınmış jurnalist, “Günaydın” qəzetinin baş redaktoru olmuş Şahvələd Çobanoğlu da münasibət bildirdi. Şahvələd Çobanoğlu bildirdi ki, səslənən fikirlər böhtandır və Rauf Arifoğlu özü batdığı çamura başqalarını da batırmaq istəyir: “Bu faktdır ki, ”Günaydın” qəzeti Əbülfəz Elçibəyə yaxınlığı ilə seçilib. Yazırlar ki, “Günaydın” qəzetini Əli Insanov maliyyələşdirirmiş. Bir faktı deyim ki, Əli Insanovun yaxın bir adamına qarşı müsavatçı bir həkimin mövqeyini dərc etdiyimiz üçün qəzeti yüksək miqdarda cərimələmişdilər. Başqa faktlar da göstərə bilərəm. Ancaq mənim kiməsə nəyisə sübut etməyə ehtiyacım yoxdur. Rauf Arifoğlu haqqında o qədər şübhələr var ki, o qədər çamura batıb ki, hamını bu çamurda görmək istəyir. Mənim ictimai həyatım, fəaliyyətim hər kəsə bəllidir. Bütün bunlar Rauf Arifoğlunun nə qədər şantajçı və böhtançı olduğunu göstərir. Onu da qeyd edim ki, hansısa nazirə bağlılığı olan, nazir kabinetindən çıxan mən yox, Rauf Arifoğlu olub”.
Araşdırmaçı jurnalist, “Günaydın” qəzetinin redaktoru olmuş Xədicə Ismayıl da “Yeni Müsavat”ın yazdıqlarını yalan adlandırdı və vicdanlı adamlara atılan böhtan olduğunu bildirdi: “Günaydın” qəzetinin fəaliyyətində hansısa oliqarx pullarından istifadə edilməyib və bu haqda söhbət gedə bilməz… Bu qəzetdə Əli Insanovdan tutmuş digər məmurlara qədər hər kəs kəskin tənqid olunurdu. Bu səslənən fikirlər böhtanın son həddidir. Bunlar vicdanlı adamları ləkələməklə öz vicdansızlıqlarına şərik axtarırlar. “Yeni Müsavat” qəzetində son günlər bu səpkili yazılar dərc olunur. Hesab edirəm ki, özlərinin maliyyə mənbələri haqqında olan müəmmaları, başqalarına qara yaxmaqla unutdurmaq istəyirlər”.