Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində iki “sürpriz”lə qarşılaşdıq: birincisi, dövlət başçısının bu yubileyin rəsmi səviyyədə qeyd edilməsilə bağlı sərəncamı, ikincisi isə Rəsulzadənin adı ilə birgə çəkilən Müsavat partiyasının Milli Şuradan getməsi oldu…
Birincisi ona görə “sürpriz” oldu ki, bunadək nitqlərində Cümhuriyyətin banisinin adını belə çəkmək istəməyən prezident həmin sərəncamında isə M.Ə.Rəsulzadəni “xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim” kimi təqdim etdi. Ikincisinə gəldikdə isə, indiyədək Rəsulzadə ideyaları altında hakimiyyətə müxalif olan bir partiyanın sonda elə hakimiyyətin maraqlarına uyğun addım atması təəccüb doğurdu.
M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında prezident sərəncamını ictimaiyyət müsbət qarşılasa da, lakin bu addımı ürəkdən alqışlamağa kimsə cürət etmir. Görünür, hakimiyyətin milli tariximizə məlum münasibəti bu sərəncamın da səmimiliyini şübhə altına alır.
Elə sərəncamdan sonra iqtidara yaxın şəxslərin prezidentə ənənəvi “təşəkkür” dolu çıxışları da buna əsas yaratdı: “özünü Rəsulzadənin tərəfdarları sayan insanlar da Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini etiraf etsinlər” və ya “tarixi şəxsiyyətlər artıq bir qrupun, bir dəstənin bayraq etdiyi simvollara çevrilməsin” kimi ifadələr təmənnalı-şübhəli səslənmirmi? Üstəlik, yubileyə sayılı günlərin qaldığı bir vaxtda sərəncamın icrası ilə bağlı səs-sorağın olmaması vətəndaşların şübhələrini daha da artırmırmı?
Bu arada M.Ə.Rəsulzadənin yubileyi münasibətilə Bakıda heykəlinin ucaldılması, ev muzeyinin yaradılması, parklardan birinə adının verilməsi və s. bu kimi irəli sürülən təkliflər də cavabsız qaldı. Hətta bəzi şəxslər daha irəli gedərək Rəsulzadənin Ankaradakı məzarının Bakıya köçürülməsini də hakimiyyətdən istədi?!
Bu gün bütün bunları kənara qoyaq; realdırmı bunlar? Bunu bilə-bilə Rəsulzadənin adını da yerli-yersiz hallandırıb ona sayğısızlıq etmiş oluruq. Ustada sevgimizi onun irsini dərindən öyrənməklə, ideyaları ilə möhkəm silahlanmaqla və milli-demokratik hakimiyyət yolunda sonadək çalışmaqla nümayiş etdirək.
Sonda isə sadəcə, M.Ə.Rəsulzadənin Bakıda heykəlinin ucaldılması üçün hökumətin qərarının olmadığını bəhanə edənlərə bir daha xatırladırıq: belə qərar var!
Bu qərar Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazir Rəhim Hüseynovun imzasıyla verilib. Söhbət “Bakı şəhərində M.Ə.Rəsulzadənin abidəsinin ucaldılması haqqında” Nazirlər Kabinetinin 13 yanvar 1993-cü il tarixli, 26 saylı qərarından gedir. Həmin qərara əsasən, Mədəniyyət Nazirliyi və Rəssamlar Ittifaqına Bakı Şəhər Icra Hakimiyyətilə birlikdə abidənin layihələndirilməsi və ucaldılmasını təmin etmək, bu işi isə Mədəniyyət Nazirliyinə monumental abidələrin ucaldılmasından ötrü ayrılmış vəsait hesabına həyata keçirmək tapşırılıb. Lakin 5 ay sonra milli hakimiyyətin devrilməsi nəticəsində bu qərarın icrası dayandırılıb.
Şövkət Məmməd