31 mart azərbaycanlıların soyqırım günü münasibəti ilə İctimai Palata “Şəhidlər Xiyabanı”nı ziyarət edib. Tədbirdə İctimai Palataya daxil olan ölkənin ictimai və siyasi xadimləri ilə yanaşı, sadə vətəndaşlar da iştirak edib.
Palata üzvləri Şəhidlərin məzarları önünə əklil qoyub, soyqırım və Azərbaycanın azadlığı uğurunda mübarizədə vəfat edənlərin etiramla anıblar.
Xiyabanda Müsavat, AXCP və AMİP-in liderləri İsa Qəmbər, Əli Kərimli, Yusif Bağırzadə qısa çıxışlar ediblər. Çıxışlarda Azərbaycan hakimiyyətinin bu günə sayğısız münasibəti pislənib, 31 martın dünyada tanınması istiqamətində işlərin səmərəli aparılması vacib bilinib. Mərasimə qatılan minədək insan daha sonra Şəhidlər Xiyabanındakı Türk əsgərlərinin abidəsini də ziyarət edib.
***
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğınlar törətdilər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, onminlərlə insan itkin düşmüşdür. Mart hadisələri 1998-ci ildən 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.