Qarabağ qazilərinin problemləri ilə bağlı yeddi təşkilat bir araya gələrək onların həlli vacib problemlərini müəyyənləşdirib və Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Bu barədə “Qarabağ qaziləri” birliyinin mətbuat xidməti məlumat yayıb.
Müraciətin təkliflər hissəsində deyilir:
Qazilərin az bir hissəsi hərbçi zabitlər, polis və təhlükəsizlik orqanlarının əməkdaşları, çox hissəsi isə sıravi heyətdir. Hərbçi zabitlər, polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının pensiya təminatı sıravi əsgərlərin pensiyasından 2-3 dəfə artıqdır. Orta hesabla 550-1000 manat civarındadır. Sıravi 1-ci qrup Qarabağ qazisi isə 200 manat, 2-ci qrup 160, 3-cü qrup 125 manat. Həmçinin 1-ci qrup qazi 105 manat, 2-ci qrup qazi 85 manat, 3-cü qrup qazi isə 75 manat prezident təqaüdü alır. Halbuki hökumət adam başına minimum yaşayış həddini 125 manat müəyyən etmişdir. Nəzərə alsaq ki, hər bir Azərbaycan ailəsi orta hesabla 4 nəfərdən ibarətdir, onda əlil şəxsin öz ailəsini verilən təqaüdlə dolandırması qeyri mümkündür. Bu vəsait qarşılığında, əlil arabasına məhkum olan, gözlərini itirən, əl və ayaqlarından mərhum olan qazilərin vəziyyəti daha da acınacaqlıdır.
Belə maddi sıxıntı içində yaşayan Qarabağ qazisinin öz övladları qarşısında atalıq, xanımları qarşısında ailə başçısı qürurunu qoruması çox çətindir. Bu səbəbdən də Qarabağ qazilərinin ailələrində daima müxtəlif problemlər yaşanır. Bu problemlər həm cəmiyyət, həm də qazilərin özləri və ailə üzvləri üçün müəyyən təhlükələr yaradır. Layiq olduqları diqqət və qayğını görməyən sosial problemlərlə baş-başa qalan üstəlik məmur özbaşınalığı və haqsızlığı ilə üzləşən qazilər intihar etməkdən belə çəkinmirlər.
Araşdırmalar təsdiq edir ki, təkcə 2001-ci ilədək onlarla əlil intihar etmiş və vaxtında müalicə ala bilmədiyinə görə dünyasını dəyişmişdir. Bu günlərdə – 25 dekabr 2013-cü ildə özünü yandıraraq intihar edən beş uşaq atası Zaur Həsənovun faciəli ölümü deyilənlərin acı təsdiqidir. Bu faciə onu göstərir ki, Qarabağ qazilərinin durumu həqiqətən də çox acınacaqlıdır. Mərhum Zaur Həsənovun vəziyyətində olan yüzlərlə Qarabağ əlili var. Onların da aqibəti belə sonuclana bilər. Əlillərlə işləyən dövlət qurumlarında, xüsusən də Səhiyyə Nazirliyinin xəstəxanalarında və özəl tibb klinikalarında vəziyyət dözülməz həddədir. Demək olar ki, Qarabağ qazilərinə pulsuz heç bir xidmət göstərilmir. Və ya onlar rüşvət vermədiklərinə görə lazımı tibbi xidmət ala bilmirlər. Bir neçə il əvvəl bu səbəbdən bir nəfər Qarabağ qazisi dövlət xəstəxanasında intihar etmişdi. Bir neçə nəfər isə haqsızlığa etiraz edərkən xəstəxana rəhbərliyi tərəfindən cinayətə sövq edilmişdi. Nəticədə Qarabağ qazisi həbsxanaya düşmüşdü. Dövlət İqtisad Universitetində təhsil alan övladının təhsil haqqını ödəyə bilməyən Qarabağ qazisi ali təhsil ocağının rəhbərliyinin qeyri-humanist davranışı nəticəsində damarlarını doğramışdı.
Hazırda elə Qarabağ qazisi var ki, Qarabağ müharibəsində aldığı yaranın kəskinləşməsi nəticəsində ayağının zəruri olan amputasiyasını (kəsilməsini) bankdan kredit götürərək həyata keçirmişdir. Elə əlillər var ki, xəstə azyaşlı övladlarını bankdan kredit götürərək müalicə etdirir. Rayon İcra Hakimiyyəti başçılarına müraciət etdikdə isə təhqir olunurlar. (Bu hal Kürdəmir rayonunda baş verib.) Hazırda elə məmurlar, xüsusi ilə də icra başçıları var ki, Qarabağ qazisini, şəhid ailəsini qəbul etmir, onları saya salmır. Bu azmış kimi bir çox hallarda “Ağlınız olaydı döyüşməyə getməyəydiniz ”, “Sizi kim göndərib?!” – deyərək, onları təhqir edirlər. Göründüyü kimi problemlər çox ciddidir, üstünə gedilməlidir, həllinə nail olunmalıdır.
Bütün bunları nəzərə alaraq aşağıdakıları təklif edirik:
1. Qarabağ əlillərinin (əsasən də sıravi heyətin) pensiya təminatı yaxşılaşdırılsın;
2. Qarabağ əlillərinə kommunal xidmətlər sahəsində güzəştlər tətbiq edilsin;
3. Qarabağ əlilləri və onların ailə üzvləri tibbi sığorta ilə təmin edilsin;
4. Qarabağ əlilləri və onların ailə üzvlərinin təhsil haqları dövlət tərəfindən ödənilsin;
5. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasının effektli təşkilini təmin etmək üçün Hökumət və QHT nümayəndələrindən ibarət komissiya və ya işçi qrup yaradılsın.