Afrika inqilablarının «səbəbi»
Azərbaycan həkimləri ən kasıb ölkələrdəki həmkarlarından da pis yaşayır
Korrupsiyaya qarşı mübarizə aparacağını bəyan edən hökumət hələ ki, yalnız sıravi işçiləri, geniş səlahiyyəti olmayan kiçik məmurları cəzalandırmaq yolunu tutub. O da sirr deyil ki, bəzi sahələrdə əmək haqqının cüzi olması rüşvətə yol açır. Burda ilk növbədə səhiyyə və təhsil sahəsini göstərmək olar. Əmək haqqı normal yaşayış üçün bəs etməyən həkim və müəllimlər çıxış yolunu rüşvət almaqda görür. Həkimlər xəstələrin, müəllimlər isə şagirdlərin hesabına yaşamaq məcburiyyətində qalır. Belə olan halda təbii ki, “rüşvət alma” deməklə rüşvətxorluğa son qoymaq mümkün deyil. Antikorrupsiya tədbirlərinin effektiv olması üçün büdcə təşkilatlarında çalışanların əmək haqqının yüksəldiləcəyini gözləmək olardı. Lakin hökumət hələ tələsmir. Bəzi millət vəkilləri isə may ayında büdcəyə yenidən baxılacağını mümkün sayır. Yalnız bundan sonra əmək haqlarının yüksəldilməsindən söhbət gedə bilər. Bu da hələ dəqiq deyil. O vaxta qədər isə əmək haqqı hesabına dolana bilməyən həkim, yaxud müəllim vəziyyətdən çıxış yolunu özü axtarmalı olacaq. Yüksək rifahdan, sürətli inkişafdan danışan Azərbaycan hökuməti üçün vətəndaşların taleyi yenə də ikinci dərəcəli məsələdir. Hazırda məqsəd yalnız korrupsiya ilə mübarizə görüntüsü yaratmaqdır.
Qeyd edək ki, rəsmilər ölkədəki iqtisadi vəziyyəti digər dövlətlərlə, xüsusilə də qonşularla müqayisə etməyi özünə məşğuliyyət seçib. Yalançı statistika Azərbaycan vətəndaşının firavan yaşadığını, hətta inkişaf etmiş dövlətlərin ölkəmizə həsəd apardığını deyir. Bəs reallıqda vəziyyət necədir?
Bunun üçün kiçik araşdırma apardıq və nəticə rəsmilərin yalanını bir daha təsdiqlədi. Müqayisə üçün deyək ki, Azərbaycanda müəllimlərin maaşı 220, həkimlərin maaşı isə 150-200 manatdır. Rəsmi statistikaya görə, yaşayış minimumu 95 manat olsa da, müstəqil iqtisadçıların hesablaması bu rəqəmin 168 manat təşkil etdiyini deyir.
Avropada həkim baş nazirdən çox maaş alır
ABŞ-da həkimlərin orta aylıq əmək haqqı 14,5 min dollar təşkil edir. Isveçrədə bu göstərici 7,8 min avro, Böyük Britaniyada 7 min avrodur. Onu da qeyd edək ki, Britaniyada sahə həkimlərinin aldığı əmək haqqı baş nazirin maaşından çoxdur. Israildə səhiyyə işçiləri 7467,917 dollar, Niderlandda 6,3 min, Fransada 6 min avro, Sinqapurda isə 6 min dollar, Almaniyada 5,5 min avro, Yaponiya və Tayvanda 5,4 min dollar, Italiyada 5,2 min avro, Ispaniyada 5 min, Danimarkada 4,6 min avro, Finlandiya və Portuqaliyada 2,5 min avro, Küveytdə 2,4 min dollar, Estoniyada 2,1 min, Çexiyada 1,6 min, Polşada 1,5 min, Latviyada 1,1 min, Litvada 900, Rumıniyada 650 avro, Çində 350 dollar təşkil edir.
Göründüyü kimi, Azərbaycan həkimləri ilə ABŞ, Avropa və dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə işçilərinin əmək haqqı arasında fərq müqayisəolunmaz dərəcədədir.
Indi keçək MBD ölkələrinə, əsasən də qonşu dövlətlərə.
“Dilənçi” Ermənistanın həkimi 385 dollar maaş alır
Məsələn, Rusiyada həkimlərin orta aylıq əmək haqqı 800 dollar təşkil edir. Ancaq bu məbləğ səhiyyədə çalışanları qane etmir və onlar mütamadi olaraq hökumətdən bu məsələyə baxmağı tələb edir. Belarus həkimləri də azərbaycanlı həmkarlarından çox maaş alır. Bu ölkədə tibb işçilərinin minimum əmək haqqı 340 dollar təşkil edir. Qazaxıstanda bu göstərici 300-800 dollar arası, Ukraynada isə 300 dollardır. Nisbətən aşağı göstərici Gürcüstandadır. Bu ölkədə həkimlər azərbaycanlı həmkarları qədər əmək haqqı alır. Ancaq bu məbləğ yaşayış minimumundan xeyli yüksəkdir.
Türkmənistanda büdcə təşkilatlarında çalışanların orta aylıq əmək haqqı 180-200 dollardır. Ancaq bu pula 1128 kq çörək, yaxud 65 kq ət, 270 kq qənd, 49 kq yağ almaq olar. Onu da xatırlatmaq lazımdır ki, bu ölkənin əhalisi istifadə etdiyi təbii qaz, elektrik enerjisi, suya görə pul ödəmir. Digər kommunal xərclər isə simvolikdir.
YAP hakimiyyətinin dilənçi kimi təqdim etdiyi Ermənistanda isə… həkimlər minimum 385,601 dollar alır. Bu ölkədə yaşayış minimumu isə 140 dollardır.
Kasıb Anqola həkimlərə 2500 dollar maaş verir
Azərbaycan hökuməti ərəb ölkələrində baş verən inqilablara səbəb kimi bu ölkələrdəki sosial-iqtisadi durumun ağırlığını göstərir. Bir müddət əvvəl “Azadlıq”ın bununla bağlı apardığı araşdırma hökumətin növbəti dəfə yalan dediyini üzə çıxardı. Indi də, yeri gəlmişkən, bu ölkələrdə həkimlərin əmək haqqına nəzər salaq. Məsələn, Liviyada həkimlərin maaşı orta hesabla 2 min dollar təşkil edir. Qeyd edək ki, bu ölkədə səhiyyə yüksək səviyyədədir və tibb müəssisələrində xidmət pulsuzdur.
Tunisdə isə dövlət tibb müəssisələrində çalışan həkimlər 1200 dollar, özəl xəstəxanalarda isə 4 mindən 10 min dollara qədər maaş alır.
Yəmən həkimlərinin əmək haqqı 1500-3000 dollardır. Tibb bacılarının maaşı isə 350-400 dollar arasındadır. Qiymətlər isə xeyli aşağıdır. Məsələn, bu ölkədə bir aylıq ərzaq normasına cəmi 85 dollar lazımdır.
Dünyanın ən kasıb ölkələrindən biri sayılan Anqolada da həkimlər Azərbaycan həkimlərindən yüksək əmək haqqı alır. Səhiyyədə çalışanların maaşı 500-2500 dollar arasındadır.
Avropada ən yüksək maaş Türkiyədə
Azərbaycanda yaxşı müalicə ala bilməyən xəstələr, adətən, qonşu Irana üz tutur. Bu ölkədə səhiyyənin səviyyəsi ilə yanaşı bu sahədə çalışanların əmək haqqı da yüksəkdir. Iranda 1000 dollardan aşağı əmək haqqı alan həkim yoxdur. Qardaş Türkiyədə isə həkimlər 900 dollardan 2500 dollara qədər əmək haqqı alır. Bəzi əyalətlərdə isə, məsələn, Şərqi Anadoluda bu məbləğ 10 min dollara çatır.
Ən kasıb müəllimlər Azərbaycandadır
Qısaca müəllimlərin də vəziyyətinə nəzər salaq. Bu sahədə də ən acınacaqlı vəziyyət Azərbaycandadır. Belə ki, Rusiyada orta məktəb müəllimlərinin minimum əmək haqqı 600 dollar, Belarusda 361 dollar, Gürcüstanda 400-600 dollar, Ermənistanda 240 dollar, Qazaxıstanda 440 dollar, Özbəkistanda isə hətta 4 min dollardır.
Təbii ki, ABŞ və Avropada bu göstərici daha yüksəkdir. Belə ki, ABŞ-da müəllimin orta illik əmək haqqı 40-45 min dollar arasındadır. Bəzi ştatlarda isə bu göstərici 60 min dollara çatır. Avropa müəllimləri isə minimum 1500-3800 avro əmək haqqı alır.
Bütün bunlar bir daha Azərbaycan hökumətinin uğurlu inkişaf və korrupsiyaya qarşı mübarizə ilə bağlı dediklərinin yalan olduğunu üzə çıxarır. Bu istiqamətdə araşdırmaların davamı kimi başqa yalanları da üzə çıxarmağa çalışacağıq.
Fizzə Heydərli