600-ə yaxın polis işdən çıxarıldı, 5 prokuror və İstanbulun yeni polis rəisi haqda təhqiqat başladıldı
Zəncani sanksiyaları yardığını etiraf etdi: «Amerikalıların əlinə keçsəydim, indi Quantanamoda olardım»
Türkiyədə İzmir Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında korrupsiya, tenderlərdə qanunsuzluq ittihamı ilə yeni həbslər həyata keçirilib. İzmir Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan cinayət işi çərçivəsində bu gün səhər tezdən İzmir, İstanbul, Ankara, Van və Hatayda 25 nəfər saxlanılıb. Onların arasında Dənizçilik, Nəqliyyat və Kommunikasiya Nazirliyinin tabeliyində olan İzmir və İskəndərun limanlarının rəhbərləri, eyni nazirliyin Dövlət Dəmir Yolları İdarəsinin sabiq və indiki məmurları, iş adamları da var. Polis Dövlət Dəmir Yollarının Ankaradakı Baş İdarəsinin binasında axtarış aparıb. Əməliyyat çərçivəsində saxlanılanların ümumi sayının 100-ə çatacağı bildirilir. Maraqlıdır ki, cəmi bir neçə saat sonra əməliyyatın icrasına qərar verən polis rəisinin iki müavini və iki şöbə rəisi işdən uzaqlaşdırılıb.
«Böyük rüşvət əməliyyatını» başladan polis rəislərindən biri də vəzifədə qalmadı
Hökumət İstanbul da daxil olmaqla, Türkiyənin böyük şəhərlərinin polis idarələrini nurçulara yaxın polislərdən təmizləməkdə davam edir. Yanvarın 7-nə keçən gecə Ankara Polis İdarəsində 560 polis məmuru işdən çıxarılıb. Onlardan 80-ni polisdə yüksək vəzifə tuturdu. İdarənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər Şöbəsinin demək olar ki, bütün əməkdaşları «təmizləmə əməliyyatı»nın qurbanı olub. İşdən çıxarılanlar arasında hökumətin Gəzi Parkı olaylarından sonra mükafatlandırdığı polis rəisinin müavini Mahmud Azmaz da var. Beləliklə, 17 dekabr əməliyyatını başladan polis rəislərindən biri də vəzifədə qalmadı.
Prokuror düz deyir, yoxsa Ali Ağaoğlu?
Bu gün növbəti şok qərar hakim və prokurorlarla bğalı şikayətləri araşdıran qurumdan – HSYK-nın 3-cü dairəsindən gəlib. Qurum aralarında «böyük rüşvət əməliyyatını» araşdıran prokuror Zəkəriyyə Öz başda olmaqla ümumilikdə 5 prokuror – Cəlal Qara, Müəmmər Akkaş, Turan Çolakkadı, Oqtay Ərdoğan, həmçinin İstanbulun yeni polis rəisi Selami Altınok haqqında təhqiqat başladılması qərarını verib. Qurumun 3-cü dairə başqanı Əhməd Hamsici bütün üzv hakimlərə qərarla bağlı heç bir açıqlama verməməyi tapşırıb və açıqlama verənlərin məsuliyyət daşıyacağını bildirib. Qərarı şərh edən İstanbulun polis rəisi Selami Altınok isə«Hər şeydə bir xeyir var, xəbərim yoxdur» deməklə kifayətlənib. Qeyd edək ki, HSYK fəaliyyəti dövründə ilk dəfədir ki, hər hansı polis rəisi haqda qərar çıxarır.
Qurum həmçinin prokuror Zəkəriyyə Özə ünvanlanan son ittihamı da müzakirə edib. «Böyük rüşvət əməliyyatında» saxlanılan, sonradan azad edilən iş adamı Ali Ağaoğlu Zəkəriyyə Özün ötən ilin payızında ailəsi ilə birgə Dubaya səfərini maliyyələşdirdiyini və 78 min lirəlik xərc çəkdiyini bildirib. Prokuror isə ittihamı rədd edərək Dubay səfərinə 4250 dollar xərclədiyini və bütün hesabları özünün ödədiyini bildirib. Prokuror Öz əlavə edib ki, çirkin iftiranı təsdiqləyə bilsələr, istefa verməyə hazırdır.
Dövlət Zərraba rəsmi mühafizəçi ayırıbmış
«Böyük rüşvət əməliyyatı»nda saxlanılan və hazırda Metris həbsxanasında cəza çəkən iş adamı Rza Zərrab daha bir zərbə ilə üzləşib. Texnoloci avadanlıqlar istehsal edən və mallarını dünyanın 50 ölkəsinə satan məşhur «Sarkuysan» şirkəti İdarə Heyətinin 6 yanvar qərarı ilə Zərrabla işbirliyinə son verib. R.Zərrab şirkətin İdarə Heyətinin üzvlərindən biri idi. «Sarkuysan»ın adından yayılan açıqlamada iş adamının İdarə Heyətindən könüllü olaraq istefa verdiyi bildirilir.
Maraqlıdır ki, hələ məlum olaylardan əvvəl – ötən ilin iyun ayında Türkiyə mediası Zərrabın «Sarkuysan»ın İdarə Heyətinə 41 səs əvəzinə, 40 səs toplayaraq qəbul edildiyini yazmışdı. İdarə Heyəti üzvlərindən biri açıqlama verərək Zərrabın şirkətdə niyə təmsil olunmaq istədiyini anlamadığını bildirmişdi. Mətbuat isə ehtimal edirdi ki, bir qolu da ABŞ-da yerləşən «Sarkuysan»a daxil olmaq Zərraba İranla qızıl ticarəti aparmaq üçün yeni bir kanal açacaq. İdarə Heyətinin adını açıqlamayan üzvü onu da bildirmişdi ki, Zərrab qurumun iclaslarına dövlətin ayırdığı rəsmi mühafizəçilərlə, həmçinin keçmiş Daxili işlər nazirinin oğlu Barış Gülərlə qatılırmış: «Zərrab iclasda olanda mühafizəçilər aşağıda gözləyirdi. Hətta bir dəfə aşağıda onu gözləyənlərdən birinin Barış Gülər olduğu bilinəndə mühafizəçilərə şirkətin başqa bir iclas otağı ayrılmışdı».
Məşhur qadın geyim markası olan «İpekyol» da məlum olaylara görə Zərrab ailəsi ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. CHP-dən olan millət vəkili Aydın Ayaydının qardaşı Yalçın Ayaydına məxsus şirkət R.Zərrabla işbirliyini İranda həyata keçirməyi düşünürdü. Y.Ayaydın bildirib ki, artıq heç bir əməkdaşlıqdan söhbət gedə bilməz və bu məsələ onlar üçün bitmiş sayılır.
10 dəqiqə vaxt, 300 lirə pul…
Türkiyə mediasının yazdığına görə, Metris həbsxanasında Zərraba ailəsi ilə danışmaq üçün həftədə cəmi 10 dəqiqə vaxt verilir. Vaxt bitən kimi əlaqə avtomatik olaraq kəsilir. Hesabına isə həftə ərzində 300 lirə (təxminən 150 manat) pul köçürülür. Üstəlik karantin müddətində bu pulu belə, ala bilməyib. «İşə baxın, bir vaxtlar əli milyonlarla oynayan adam indi 300 lirənin ümidinə qalıb. Həyatın cilvəsi belədir. Nə oldum deyil, nə olacam deyəcəksən…», deyə mətbuat Zərrabın düşdüyü vəziyyəti qiymətləndirib.
Zəncani: «Özümü və şirkətlərimi böyük risk altına qoydum»
Ötən həftə həbs edilərək Tehrandakı həbsxanalardan birinə salınan Rza Zərrabın İrandakı milyarder şəriki Babək Zəncanidən şok etiraf gəlib. Zəncani bugünə qədərki iddialarının əksinə olaraq İrana qarşı tətbiq olunan sanksiyaları illərdir yardığını etiraf edib. Həbsindən iki gün əvvəl «Facebook» səhifəsində yazdığı «Həqiqətlər nədir?» yazısında Zəncani qeyd edib ki, İran Mərkəzi Bankına və İran Beynəlxalq Neft Şirkətinə tətbiq edilən embarqolara məhəl qoymayıb: «Əgər amerikalıların əlinə keçsəydim, indi Quantanamoda olardım. Embarqolara baxmayaraq, buralara iki milyard keçirtməyə nail oldum. Lakin bəzi çevrələr durumdan əleyhimə istifadə edərək mənimlə hesablaşmaq istədilər. Amerikalılar bu pulların İrana daxil olmasını istəmirdilər. BMT və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları yararaq özüm də böyük risk altına girmişdim. Həm özümə məxsus, həm də əməkdaşlıq etdiyim şirkətlər «qara siyahıya» düşə, Avropaya gedişim qadağan oluna bilərdi. Bütün bunlara rəğmən, bu işləri gördüm. İndi parlamentdəki hörmətli deputatlardan soruşuram. Hansı iş adamı belə bir riskə gedə bilərdi?». Qeyd edək ki, son günlərə qədər Zəncani ittihamları rədd edir, fəaliyyətində hər hansı qanunsuzluğa yol vermədiyini bəyan edirdi. İranlı milyarder Türkiyə mediasının onu Rza Zərrabın şəriki kimi gündəmə gətirməsindən sonra ifşa olundu. Bundan sonra İran prezidenti Həsən Ruhani onun fəaliyyətinin araşdırılması, sanksiyaları yarması barədə ittihamlar subut olunacağı təqdirdə isə barəsində tədbir görülməsi barədə göstəriş verdi. Hazırda onun neft satışından əldə etdiyi qazanca görə İran Mərkəzi Bankına 2 milyarddan artıq borcunun olduğu bildirilir. İlk vaxtlar Zəncani dövlətə olan bütün borcunu ödədiyini bildirir və əlində bunu təsdiq edən sənədlərin olduğunu bildirirdi. Lakin dövlət həmin sənədlərlə bağlı ziddiyyətin olduğunu və borcun ödənmədiyini iddia edir.
İstefa verən nazir millət vəkilliyindən getməyəcək
Bu arada, son olaylara görə istefa verən nazirlərdən Ərdoğan Bayraqdarın millət vəkilliyindən getməyəcəyi məlum olub. Keçmiş Ətraf mühit və şəhərsalma naziri olan Bayraqdar baş nazir Ərdoğana sərt təpkisi ilə diqqət çəkmişdi. Bayraqdar bildirmişdi ki, ona hazır istefa mətni göndərilib və bunu vəzifədən getmək üçün basqı kimi qiymətləndirir. Bütün layihələri Rəcəb Tayyib Ərdoğanın razılığı ilə həyata keçirdiyini bildirən keçmiş nazir rüşvət ittihamlarını rədd etmiş və lazımdırsa, baş nazir istefa versin demişdi.
Gültəkin