Qurumun fəaliyyətinin davam etdirilib-etdirilməməsi müzakirə olunub
Dekabrın 25-də Ictimai Palatanın Koordinasiya Şurasının iclası olub. Iclas Koordinasiya Şurasının dönəm sədri Isa Qəmbər tərəfindən çağırılıb. Daha sonra Isa Qəmbər “Yeni Müsavat”a Koordinasiya Şurasında keçirilən müzakirələr barədə açıqlama verib: “Bilirsiniz ki, son zamanlar Ictimai Palata nisbətən səngidilmiş rejimdə fəaliyyət göstərir və vaxtaşırı Koordinasiya Şurasının toplantılarını keçirərək durum dəyərləndirilməsi edirik.
Koordinasiya Şurası toplandı və toplantının konkret səbəbləri də var idi. Yəni il başa çatmaq üzrədir, ilin son çərşənbə günüdür-adətən çərşənbə günləri Koordinasiya Şurasının toplantısı olur – üç gündən sonra isə 28 dekabr Ictimai Palatanın yaranmasının üçüncü ildönümü tamam olur. Yeri gəlmişkən, bu münasibətlə Ictimai Palatanın bütün üzvlərini və tərəfdarlarını təbrik edirik. Toplantıda təbii ki, ölkədəki və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparıldı. ATƏT-in Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri ilə bağlı yekun rəyi haqqında müzakirələr oldu. Yekun rəyin öyrənilməsi bizim tərəfimizdən davam edəcək. Indilik onu deyə bilərik ki, ATƏT-in yekun rəyində də seçki sabahı -10 oktyabrda bildirilmiş prinsipial mövqe davam etdirilib. Yəni seçki məntəqələrinin 58 faizindən çoxunda səslərin pis, yaxud çox pis sayılması məsələsidir, digər seçki pozuntularıdır ki, hamısı yekun rəydə təkrar olunub. Bu, o deməkdir ki, beynəlxalq birliyin bu seçkilərə mənfi münasibəti davam etməkdədir”.
I.Qəmbər Koordinasiya Şurasının Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsinə də münasibət bildirdiyini deyib: “Bütövlükdə siyasi sifarişli məhkəmələrin gedişi ilə bağlı fikir mübadiləsi aparıldı. Ictimai Palatanın Koordinasiya Şurası sifarişli məhkəmə proseslərinə son qoyulması və bütün siyasi məhbusların, vicdan məhbuslarının azad olunmasını tələb etdi. Eyni zamanda vətəndaş cəmiyyətinə qarşı yaradılmış növbəti təhlükələrlə bağlı fikir mübadiləsi aparıldı. Bilirsiniz ki, yeni qanun layihəsində vətəndaş cəmiyyəti strukturlarının, QHT-lərin fəaliyyətini daha da ağırlaşdıracaq, daha da çox hakimiyyətin nəzarətinə keçirəcək istiqamətdə dəyişikliklər nəzərdə tutulub. Bu məsələdə Koordinasiya Şurası vətəndaş cəmiyyətinə, QHT-lərə, ictimai xadimlərimizə tam dəstəyini bir daha ifadə etdi, hakimiyyəti bu anti-demokratik addımlardan çəkinməyə çağırdı”.
“Ictimai Palatanın buraxılıb-buraxılmaması məsələsi də müzakirə olundumu” sualına cavabında I.Qəmbər bildirib ki, bu barədə müzakirələr aparılıb: “Ictimai Palatanın fəaliyyətinin davam etdirilib-etdirilməməsi məsələsi yenə də müzakirə olundu. Bir müddət əvvəl toplantıların bəzilərində bu mövzu gündəmə gəlmişdi. Bu gün də müzakirə davam etdi və çox maraqlı müzakirələr oldu. Hələlik mövqe ondan ibarətdir ki, bu müzakirələr davam etdirilsin”.