YAP-ın rəsmi orqanı «fövqəlnazir»in inhisarında olan ərzaq məhsullarının bahalaşmasından yazdı
YAP-ın rəsmi orqanı “Yeni Azərbaycan” qəzeti növbəti dəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bostanına daş atıb. Ilham Əliyevin “yumurta müşavirəsi”ndən sonra ölkəyə idxal olunan ərzaq məhsullarının müqayisəli qiymət cədvəlini dərc etməklə Kəmaləddin Heydərovu ifşa edən qəzet bu dəfə də “fövqəlnazir”in monopoliyasında olan məhsulların baha satılmasından yazıb. “Kartel sövdələşməsi”nin sonu yaxşı nəticələnmir” başlıqlı həmin yazıda deyilir: “Bir sıra ticarət şəbəkələri hələ də malların qiymətlərini əvvəlki kimi baha təyin edir. Xüsusilə də ölkəmizə xaricdən idxal olunan məhsullar bahadır.
Məsələn, mağazalarda satılan kərə yağının qiyməti 1 qəpik də olsun ucuzlaşmayıb. Yeni Zelandiya yağı 6 manat 50 qəpik, Almaniya və Fransa yağı isə 7 manat 20 qəpikdir. Rusiyadan gətirilən aşağı keyfiyyətli kərə yağı isə 4 manat 80 qəpik təşkil edir. Ümumiyyətlə, yağ məhsullarının qiymətləri son 2-3 ay ərzində daha da artıb.
Bu tendensiya açıq-aşkar bəzi şirkətlərin haqsız rəqabətlə məşğul olduğunu və vəziyyətdən istifadə edərək daha çox qazanc əldə etmək niyyətlərinin təzahürü sayıla bilər”.
“Yeni Azərbaycan” qəzeti ad çəkməsə də, heç kəsə sirr deyil ki, ölkəyə idxal olunan kərə yağı Kəmaləddin Heydərovun inhisarındadır. Və əlbəttə, YAP-ın rəsmi orqanının fövqəlnaziri hədəf seçməsi heç də bahalaşma və inhisarçılıqla bağlı deyil. Sadəcə “antikorrupsiya şousu” çərçivəsində hakimiyyət daxilində ziddiyyətlər açıq müstəviyə keçib. Bu sırada xüsusilə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun arasındakı qarşıdurmanı göstərmək olar. “Yeni Azərbaycan” qəzetinin də PA rəhbərinin inhisarında olduğu bəllidir. Heç şübhəsiz ki, Kəmaləddin Heydərovun əleyhinə olan bu yazı Ramiz Mehdiyevin xeyir-duası ilə hazırlanıb.
İnformasiya şöbəsi