Haradasa bir il əvvəl idi; Bakıda donuz qripi təhlükəsi yaranmışdı (heyvanın adını səhv sala bilərəm), daha doğrusu həmişəki kimi qazanmaq üçün küy qoparmışdılar; hamı xoflanmışdı və apteklərə elə bir hücum başlamışdı ki, günün ən zəruri tələbat malı maska olmuşdu.
Qripdən qorunmaq üçün hər kəs maska axtarırdı. Fəndgirlər dərhal tələbatı görüb, maskaların qiymətini qaldırdılar. O da yadımdadı ki, mən o vaxt maska sözü yerinə yaşmaq yazırdım.
Nə isə, o xof ötdü getdi, kimsə də donuz qripinə yoluxmadı. Çünki elə bir qrip ümumiyyətlə, mövcud deyildi.
Indi başqa maskalar dəbə minib. Qara maskalar. Bu maskaları hakimiyyətin qoçuları taxır. Yəqin düşündünüz ki, onlar nədən qorunmaq istəyirlər?
Onları xoflandıran “xəstəliyin” adı azadlıq, ədalət, bərabərlik, qardaşlıq və bunlara görə baş verə biləcək inqilabdı. Bu isə hansısa yalançı donuz qripi deyil. Xofun yeri var!
Indi nəinki hakimiyyət, onun başında duranlar, bütövlükdə dövlət bu maskaya bürünüb. Nə qədər zavallı, iyrənc və gülünc, bir o qədər də absurd olan bir yol – inqilabdan maskayla qorunmaq…
Hansısa qara maska və o maskanı taxanlar, yəni maskalılar düşünür ki, hakimiyyəti bu yolla xilas eləmək, on illərlə əldə saxlamaq olar. Tarix göstərdi ki, zaman-zaman o maskadan istifadə eləyən diktatorlar – Pinoçetlər, Səddam Hüseynlər, Bin Əlilər, Hüsnü Mübarəklər, Qəzzafilər, Bəşər Əsədlər və neçə-neçə “lar-lər” bu maskalardan xeyir görməyiblər. Sonu urvatdan düşüb bir qəpiklik olmaq, ölkədən qovulmaq, boğazına çatı salınmaqla bitir. Ancaq görünür, Azərbaycanda hakimiyyətdə olanların dünyadan xəbəri yoxdu – nə qəzet oxuyurlar, nə televiziyalara baxırlar, nə də tarix kitablarını vərəqləyirlər. Burada hətta dünyanın Süleymana qalmamasından da bir yapistin xəbərdar olması inandırıcı deyil. Yoxsa inqilabların buro-buro vaxtında altı nəfərə qara maska geyindirib bir jurnalistin, analitikin üstünə göndərib onu vəhşicəsinə döydürtməz, öz murdar əməllərini hələ utanmaz-utanmaz videoya da çəkdirməzdilər.
Bəlkə yuxarılarda, dövlət başçısı, nazirlər səviyyəsində masqaradlar təşkil edilir, orda azad düşüncəli adamların döyülmə, işgəncə səhnələrini seyr eləyib xüsusi zövq alırlar? Əylənir, şərab içib kefə baxırlar? Zarafat kimi gəlsə də, mən hətta bunun gerçək ola biləcəyinə də inanıram. Bax, Azərbaycan hakim elitası indi bu əxlaqla yaşayır, idarə edir.
Jurnalistləri, azad fikirli fəalları oğurlayan, videokameralar qurulmuş özəl yerlərə aparıb işgəncələr verən qara maskalılar artdıqca, hakimiyyət daha müdafiəsiz və çılpaq vəziyyətə düşür. Çünki son vaxtlar tez-tez qarşımıza çıxan bu maskalar əslində hakimiyyətin, rejimin bu günəcən taxdığı maskalardı. Artıq o maskalar yırtılıb, indi o nimdaş maskaları qoçular taxır. Rejim isə yeni maskalara bürünür – korrupsiyaya qarşı maska, yumurtanın qiymətini salan maska…
Böyük Media forumunda Sərdar Cəlaloğlu and içib dedi ki, bir tanışı “QAI”də olub, hansısa işini rüşvətsiz görmək istəyib, ama ona hansısa rəis mərdü-mərdanə elan eləyib ki, bu gündən korrupsiya tədbirləri başa çatıb və indi qiymət əvvəlkinə nisbətən iki dəfə artıqdı. Bu da korrupsiya pəhrizinin sonu. Yazmışdım axı – dövlət başçısı korrupsiyanın, rüşvətin miqyası və qiyməti ilə bağlı Tarif Şurasına təklif göndərib, indi o rəisin sözündən sonra məlum olur ki, Şura təklifləri qəbul eləyib – qiymətlər qalxıb.
Bunlar bir yana. Məni Seymur Həzini döyəndən sonra onun iki ucuz telefonunu götürən maskalıların hərəkəti düşündürür. Yəni onlar o qədər kasıbdı ki? Müharibələrdə belə olur – əsgərlərə qələbədən sonra soyğunçuluq izni verilir. Ancaq öz vətəndaşlarını döydürmək qələbə sayılırmı? Doğrusunu elə döydürən özü bilər.