Hərdən fikirləşirəm ki, Azərbaycanın gəlib düşdüyü durum haqqında nəsə deməyə ehtiyac varmı? Axı hər şey o qədər aydın və çılpaqdır ki, əslində, indi hər kəs ölkədə nələrin baş verdiyini, Azərbaycanın hansı dibsiz qaranlığa, dərin bataqlığa sürükləndiyini çox yaxşı görür və bilir.
Indi kim bu haqda danışır və etiraz edir, kim bu haqda susur, kimsə bunu inkar və tam əksini iddia edirsə, artıq bu, cəsarət və vicdanla bağlı məsələdir. Vətəndaş məsuliyyəti, vətəndaş mövqeyi, vətəndaş narahatlığı ilə bağlı məsələdir.
Mən bu gün yazımda sadəcə, rəqəmlərə söz verəcəm. Qoy bir az da rəqəmlər danışsın. Bu rəqəmlərin müqayisəsi və yaratdığı mənzərə hələ də gözünü gerçəkliklərə qapayıb qulağını həqiqətlərə yumanlar üçün çox şey deyir. Düzdür, onların yenə də islah olacağına heç bir ümidim yoxdur, amma bəlkə bugünkü gerçək durumumuzu özündə aydın əks etdirən rəqəmlər onların çoxdan susmuş vicdanlarını yüngül də olsa, sızlada bildi (Yeri gəlmişkən, yazını hazırlayarkən vicdanlı iqtisadçı dostların çeşidli mətbu çıxışlarından faydalanmışam, lütfən haqlarını halal etsinlər).
Beləliklə, getdik e:
1. Azərbaycanda əhalinin hər 1000 nəfərinə cəmi 180 mənzil düşür, halbuki, inkişaf etmiş ölkələrdə bu göstərici 450-600 aralığında dəyişir.
2. Azərbaycanda təzəlikcə millət vəkillərinin, daha dəqiq desək, “Gülər parlamenti” üzvlərinin aylıq maaşı 1365 manatdan 1575 manata qaldırıldı, yəni, artım 210 manatdır. Buradan çıxan nəticə: deputatın məvacibinin təkcə artırılan hissəsi təxminən müəllimin bütöv orta aylıq məvacibinə bərabərdir.
3. Gələn il Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 58 milyon 140 min manat ayrılması nəzərdə tutulur. Fondun 110 işçisi var, ən azı, son məlumat belədir. Beləliklə, Neft Fondunun hər işçisinə 528 min 545 manat (677.622 dollar) düşür.
4. Azərbaycanda 2014-cü il üçün yaşayış minimumunun məbləği pensiyaçılar üçün 103 manat müəyyən edilib.
“Acından ölən” Avropada orta təqaüd 1900 avrodur (ən yüksək Norveçdədir – 5000 avroya yaxın, ən az isə Bolqarıstanda – 500 avroya yaxın).
Yeri gəlmişkən, “analoqsuz inkişaf”ın getdiyi ölkəmizdə təqaüdçüyə verilən 103 manata hazırda cəmi 100 kiloqram kartof almaq olar.
“Böhranda boğulan” Avropada isə kartofun qiyməti 70-80 sentdir, yəni orta statistik Avropa təqaüdçüsü 1 ayda aldığı pula ortalama 2,5 ton kartof ala bilər.
5. Azərbaycanda benzinin ucuz olduğu və bu səbəbdən bahalaşma qərarı verildiyi iddia edilirdi.
Indi isə gəlin rəqəmlərə göz ataq: ABŞ-da 1 qallon (3,785 litr) benzinin qiyməti 3,39 dollardır, yəni 1 litr 0,90 dollardır, amma orta amerikanlının gündəlik qazancında bu xərclər 3,18 faiz təşkil edir. Neftlə zəngin ölkələrdən Venesuelada 1 litr benzinin qiyməti 1,1 ABŞ senti və orta venesuelalıların qazancında 0,42 faiz, Səudiyyə Ərəbistanında 12 sent və 0,54 faiz, Küveytdə 16 sent və 0,65 faiz, Iranda 33 sent və 3,03 faiz, Misirdə 26 sent və 0,75 faiz, Birləşmiş Ərəb Əmirliyində 46 sent və 0,46 faiz, Rusiyada 90 sent və 1,82 faizdir.
Türkiyə, Litva, Belçika, Avstriya və Norveçdə yaşayanlar orta illik qazanclarının 1 faizindən azını benzinə xərcləyirlər.
Orta aylıq əməkhaqqı səviyyəsində maaş alan Azərbaycan sürücüsü isə indiyədək illik qazancının 19,8 faizini bu məqsədə xərcləyirdisə, son qiymət bahalaşmasından sonra bu göstərici 22,9 faiz təşkil edəcək.
6. 2013-cü ilin ilk 10 ayında Azərbaycan 24 milyard 656 milyonluq ixracat edib, onun cəmi 1,2 milyard manatı qeyri-neft sektorunun payına düşüb. Bir az da bəsit dillə anlatmalı olsaq: neft sektorunda təxminən 70 min insan çalışır və onlar xaricə 23,5 milyard manatlıq, yerdə qalan işləyən əhali isə cəmi 1,2 milyard manatlıq mal satıb.
Nəticə: 9 milyonluq əhalini təxminən 70 min adam dolandırır…
Bu arada, YAP-çıların dediyinə görə, xalqın acından cımıx yediyi, baş götürüb qaçdığı, bir ucdan boşalan, cəmi 2 milyon civarında əhalisi olan Ermənistan 2012-ci ildə xaricə 1,4 milyardlıq mal satıb.
Hələ də əlavə sözə ehtiyac qalırmı?!