İcra başçısı atdığı addımlarla sahibkarların və yerli məmurların narazılığına səbəb olub
O, Heydər Əliyevin heykəlinin yerini də dəyişməyə hazırlaşır
Sumqayıtda icra orqanları ilə sakinlər arasında qarşıdurma yaranıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, qarşıdurmaya səbəb yeni icra başçısı Eldar Əzizovun apardığı söküntü işləridir. Əzizov xüsusən də kiçik ticarət köşklərini “təmizləməklə” məşğuldur və bu da sahibkarların etirazına səbəb olub. Olaylar əsasən şəhərin mərkəzi Sülh küçəsində yaşanıb.
Şəhərin bütün polis qüvvələri əraziyə cəlb olunub və etirazların genişlənməsinə imkan verilməyib.
Köşkləri sökülənlər isə vəziyyətlə barışmayacaqlarını bildiriblər.
Köşkü sökülənlərdən Almaz adlı bir xanım şəhid ailəsi olduğunu, Əzizovun söküntü əmri ilə yeganə dolanışıq yerini də itirəcəyini, buna etiraz olaraq özünə qəsd edəcəyini deyib.
Bu arada Sumqayıtın yerli hakimiyyətində baş verənlərlə bağlı maraqlı məlumatlar almışıq. Məlumatlara görə, Eldar Əzizov Mənzil Kommunal Istehsalat-Istismar Birliyinin adını dəyişib. Yeni adı Mənzil Kommunal Istehsalat Departamenti olan qurumun tabeçiliyinə 7 idarə verilib. Bura mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi, yaşıllaşdırma, işıq idarələri, şəhər kommunal təsərrüfatı və bir sıra şöbələr tabedir. Icra başçısı yaxın çevrəsinə daxil olan Abid Əliyevi departamentin rəisi vəzifəsinə təyin edib. Abid Əliyev bundan əvvəl Gəncə su və kanalizasiya idarəsinin rəhbəri vəzifəsində çalışıb.
Eldar Əzizov işdən azad etdiyi müavini Akif Zeynalova departamentdə birinci müavini postunu təklif etsə də, ikinci bundan imtina edib. Oxucuların diqqətinə çatdıraq ki, Akif Zeynalov Abşeronun icra başçısı Zakir Fərəcovun qudasıdır. Bir müddət əvvəl Şamaxıda həbs edilən bələdiyyə sədri Mürvət Zeynalov Akif Zeynalovun qardaşıdır. Zeynalovlar Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qruplaşmasına daxildir.
Məlumatlara görə, Mənzil Kommunal Istehsalat-Istismar Birliyinin sabiq rəisi Təvəkkül Məmmədov Abid Əliyevin müavini olmağa razılaşıb. Həmçinin mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi idarəsinin sabiq rəisi Gülsarə Əhmədova da ikinci şəxs olmaq təklifini qəbul edib.
Məlumatlarda həmçinin bildirilir ki, Eldar Əzizov Novruz bayramında təşkil etdiyi tədbirlə və şəhərdə başlatdığı “abadlıq işləri” ilə sahibkarların narazılığına səbəb olub. Çünki həm bayram tədbirində, həm də abadlıq işlərində sahibkarların vəsaitlərinə əl qoyulub.
Bir maraqlı məlumat da ondan ibarətdir ki, icra başçısı şəhərin mərkəzindəki parkda ucaldılan Heydər Əliyevin heykəlinin yerini dəyişmək istəyir. Bildirilir ki, Eldar Əzizov heykəli parkın mərkəzinə çəkməyə hazırlaşır. 2-ci mikrorayonla 3-cü mikrorayonun arasında yerləşən həmin parkda əvvəllər 15 sovet respublikasının şərəfinə sakinlərin “15 qardaş” adlandırdığı abidə olub.
İnformasiya şöbəsi