Rejimin müxalif yazarlara qarşı münasibətinin bir adı var.
Düşmənçilik!
Vəssalam.
Elmar Hüseynovu nədən qətlə yetirdilər?
Başqa bir nədəni yox.
Yalnız yazdıqlarına görə.
Eynulla Fətullayevi nəyə görə həbs ediblər?
Qələminə görə.
Kimdən xəbər alsanız, bu cavabı eşidəcəksiniz.
Bir vaxt qoçular “Yeni Müsavat”ın yazarlarından Elbəyi Həsənlini cəzalandırmaq üçün zorla təyyarəyə mindirib Naxçıvana aparmışdılar.
Elbəyinin günahı tənqidi yazılar yazmağında idi.
“Yeni Müsavat”çı Kamil Tağısoyun başına torba keçirib o ki var döymüşdü iqtidar qoçuları.
Kamilin də döyülməsinin baisi rejimə tuşladığı qələmi idi.
O qəzetin daha bir əməkdaşı Zamin Hacını da yazdıqlarına görə yumruğa-təpiyə qonaq etmişdi qoçular.
“Bizim yol”un baş redaktoru Bahəddin Həziyevi də yazdıqlarına rəğmən vəhşicəsinə döyən iqtidar qoçuları idi.
Uzatmağa lüzum yox, nə qədər müxalif yazarı YAP-ın bəslədiyi qoçular təhdid ediblər, söyüblər, döyüblər.
Kim ki, bu rejimin gerçək mahiyyətinə güzgü tutaraq, eybəcərliklərini ifşa edir, ona cəza payı ayrılıb.
Hər kəs növbəsini gözləsin.
3 gün əvvəl gənc və istedadlı yazar Seymur Həzinin növbəsi idi.
Iqtidarın maskalı muzdurları əməliyyat düzənləyib Seymur bəyin cəzasını verdilər.
Hər kəsə bəlli ki, “Azadlıq” qəzetində yazdıqlarına görə Seymuru döydülər.
Seymurun özgə suçu yox ki.
Tək suçu YAP iqtidarının cinayətlərini qələmə almasıdır.
ŞƏR haqqı yazanların qarşısında aciz durumda olduğu üçün ZOR adlı silahından yararlanır.
ŞƏRə haqqa, ədalətə tapınanlar, azadlığı dərk edənlər yox, tulapayı üçün sinov gedən manqurtlar sərf edir.
Nə qədər qələm əhli şəri tərənnüm etdiyinə görə mükafatlandırılıb.
Kimi mandat qazandı, kimi pul, kimi ev, kimi maşın…
Seymur Həzinin içindəki MƏN isə ŞƏRin şəninə nəsə yazmağa imkan vermir.
Və bu səbəbdən də cəzaya tuş oldu.
Bir şey var ki, MƏNə sahib olmağı Allah hər kəsin qismətinə yazmır.
Nədən ki, Azərbaycanın yükü məhz MƏNi olanların çiynindədir.
MƏNi olmayan Azərbaycanın dərdinə-sərinə heç şərik ola bilərmi?
Tayfa televiziyalarında və qəzetlərində nə qədər MƏNdən məhrumun millətin əsəblərini tarıma çəkdiyini düşünün.
ŞƏR:
– tulapayına möhtacların başına sığal çəkir;
– köləliyə haqq qazandıranlara qayğı göstərir;
– mədəsinə görə başının hayına qalanları dizinin üstündə oturdur.
Zatən, Şərin fərqli bir addım atması da mümkün deyil…
ŞƏR və AZADLIQ.
Biri digərini inkar edən iki anlayış.
Seymur Həzi və məsləkdaşları bunun fərqində olduğu üçün geri çəkilməyəcək.
Və mübarizəni davam etdirəcəklər.
Döyülsələr də.
Azadlıq Şərdən xilas olanadək bu mübarizə davam edəcək.
Çünki bu, bir haqq mücadiləsidir.
Bunu maskalılara “VUR” əmrini verən o ADAMCIQların da anlaması gərək.