Həmkarımız Seymur bəyin oğurlanaraq vəhşicəsinə döyülməsi haqqında “Mətbuat Şurası”nın sədri Əflatun Amaşovun dünən dedikləri əlbəttə, yalnız onun öz ağlının məhsulu deyil. Ona bu sözlərin daha yüksək dairələrdən pıçıldandığına şübhə yoxdur.
Bəs Amaşov nə deyib? Sitat: “Jurnalistə təzyiq cəmiyyətdə gərginliyin yaranmasında maraqlı olan üçüncü tərəfin işi ola bilər”. Mən başa düşmürəm, cəmiyyətdə gərginliyin yaranmasında maraqlı olan bu “üçüncü tərəf” indiyədək niyə heç vaxt gedib bir nazirin də ağzını-burnunu qanatmır? Bu “üçüncü tərəf” niyə bircə dəfə də yaltaq, hakimiyyətə sağdan-soldan girən yandaş jurnalistə çırtma vurmur? Niyə bircə dəfə də hansısa yaptokratın cibindən nəşə tapmır?
Ümumiyyətlə, hakimiyyətin hər özbaşınalığından, zorakılığından, qəddarlığından sonra işin içinə soxuşdurulmağa çalışılan bu “üçüncü tərəf” kimdir, nədir, nəçidir? Kişidir, yoxsa qadındır? Kökdür, yoxsa arıqdır? Burnu uzundur, yoxsa qısa? Canlı, yoxsa cansız varlıqdır? Ən əsası, o “üçüncü qüvvə” hansı qüdrət sahibidir ki, Ilham Əliyev və ətrafının gecə-gündüz sabitlik nağılları ilə süslədiyi bir ölkədə belə rahatca at oynada bilir? Əlbəttə, bunlar hamısı yersiz suallardır, çünki Azərbaycanda jurnalistlərə, siyasi fəallara qarşı terror bizzat hakimiyyətdən qaynaqlanır, “üçüncü tərəf” isə rejimin öz cinayətlərini ört-basdır etmək üçün quraşdırdığı mifdən başqa bir şey deyil. Belə əfsanələr uydurmaq diktatura rejimlərinin ənənəvi, sevimli hobbisidir. Həmin əfsanələrin ümumi məzmunu belədir: guya hardasa sizi sevməyən bir qüvvə var, o, hər an sizə pislik etmək üçün pusqudadır, ölkədə xoşagəlməz nə baş verirsə, bunu mütləq həmin “üçüncü qüvvə” həyata keçirir. Əcəb nağıldır: rüşvəti siz alır, seçkini siz saxtalaşdırır, mitinqləri siz yasaqlayır, jurnalistləri siz həbs edirsiniz, amma bunların hamısının faturası naməlum qüvvəyə kəsilir! Bilirsiniz, nə var? Gedin işinizlə məşğul olun! Bizim qarnımız artıq belə boş, filfilo laflara çoxdan doyub. Bu cür ucuz söhbətlərlə artıq heç burnu fırtıqlı bağça uşağını da aldatmaq, qandırmaq mümkün deyil.
***
Deyək ki, lap elə Seymur bəyi hansısa gözəgörünməz, odda yanmaz, suda batmaz, başqa planetdən gələn “üçüncü tərəf” oğurlayaraq döyüb, bəs Eynulla Fətullayevi necə, onudamı “üçüncü tərəf” həbsdə çürüdür? Avropa Məhkəməsinin “dərhal azad edin” hökmü çıxarmasına rəğmən Eynullanı hələ də dəmir barmaqlıqlar arxasında tutandamı “üçüncü tərəf”dir? Rüşvətidəmi “üçüncü qüvvə” alır? Dubay villalarıdamı “üçüncü qüvvə”nindir? Seçkiləridəmi “üçüncü qüvvə” saxtalaşdırır? Bəlkə özünə “ömürlük referendumu” keçirən də “üçüncü qüvvə” idi?
***
Bir vaxtlar yaptokratlar Azərbaycan hakimiyyətini rüşvətə, korrupsiyaya rəvac verdiyinə görə tənqid edən xarici təşkilatları da “üçüncü qüvvəyə” – “Azərbaycanı sevməyən qüvvələrə işləməkdə” günahlandırırdılar. Bu, əlbəttə, absurd idi. Azərbaycanı sevməyən qüvvələr Azərbaycanda korrupsiyanın, rüşvətin ləğvində niyə maraqlı olmalı idilər ki? Azərbaycanı sevməyən qüvvələr məntiqlə ölkənin daha da korrupsiyalaşmasını istəməli deyildilərmi?
“Azərbaycanı sevməyən qüvvələr” hansı ağılla bu ölkədə söz azadlığının, seçib-seçilmək, özgürcə toplaşmaq azadlığının qeydinə qalmalıdırlar? O necə Azərbaycanı sevməyən qüvvədir ki, sizdən demokratiya tələb edir, hüquq və azadlıqlara sayğı tələb edir? O necə Azərbaycanı sevməyən qüvvədir ki, həm də Azərbaycanın çağdaşlaşmasını, modernləşməsini istəyir? Azərbaycanı sevməməklə Azərbaycanda ədalət istəmək necə bir araya sığa bilər?
Yox, əgər sizin üçün ölkəni sevmək büdcəni sökmək üçündürsə… Əgər siz Azərbaycanı sevdiyiniz üçün bütöv bir millətin sərvətini bir ailəyə mal edirsinizsə… Əgər sizin üçün Azərbaycanı sevməyin göstəricisi insanların bütün haqlarını, azadlıqlarını əllərindən almaq, nəhəng korrupsiya piramidası yaratmaq, monarxiya eşqinə düşmək, fərqli düşüncəyə, alternativ fikrə savaş açmaqdırsa, Allahı sevərsiniz, sevməyin Azərbaycanı!
Imkan verin, bizi bir az da “bizi sevməyənlər” sevsinlər…