Yoahim Qauk Rusiyadakı avtoritarizmə etiraz olaraq, bu ölkəyə səfərlərdən imtina edir; Soçi Olimpiadasına da getməyəcək
Almaniya prezidenti Yoahim Qauk fevralda Soçidə keçiriləcək Olimpiadada iştirak etməyəcək. Bu barədə Almaniyanın “Şpigel” jurnalı məlumat yayıb. Prezidentin mətbuat xidmətindən bildirilib ki, belə tədbirlərdə iştirak mütləq deyil. Amma Qaukun konkret hansı səbəbdən Soçi Olimpiadasına qatılmadığına rəsmi şəkildə aydınlıq gətirilməyib.
Beləliklə, Almaniya prezidenti Soçi Olimpiadasını boykot edən ilk böyük siyasi xadim oldu. “Şpigel” yazır ki, Hauk ötən həftə Kremli bu barədə məlumatlandırıb. Onun bu addımı Rusiya hökumətinin ölkəsində insan hüquqlarına hörmətsizliyinə, müxalifətə qarşı təqib və təzyiqlərinə cavab kimi qiymətləndirilir.
Ötən ilin martında prezident olan Qauk dəfələrlə Rusiyanı qanunun aliliyinə hörmət etmədiyinə görə tənqid edib, bu ölkəyə rəsmi səfərlərdən imtina edib.
Bu ilin iyununda onunla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilməliydi. Lakin bu görüş də baş tutmadı və rəsmi məlumata görə, qrafik uyğunsuzluğu üzündən..
Qauk ötən ilin yayında keçirilən hər iki Olimpiada və Paralimpiya oyunlarına tamaşa etmək üçün Londona səfər etmişdi.
Rusiya parlamentinin xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov Qaukun bu qərarını tənqid edib: “Almaniya prezidenti Əfqanıstanda, Pakistanda qadınların, uşaqların öldürülməsini tənqid etmir. Amma Rusiyaya o qədər önəm verir ki, hətta Soçi Olimpiadasına getməkdən də imtina edir”.
Indiyə qədər əsasən incəsənət adamları, fəallar Soçi Olimpiadasını boykot etməyə çağırış etmişdilər. Onların arasında Stiven Fray, Ledi Qaqanın da adlarını çəkmək olar.
Fray hələ iyunda Britaniyanın baş naziri və Beynəlxalq Olimpiya Komitəsinə ünvanladığı açıq məktubda yazmışdı ki, 2014-cü ilin fevralında Soçidə keçiriləcək qış Olimpiya oyunlarını boykot etmək vacibdir. Lakin Britaniyanın baş naziri Devid Kemeron boykotu istisna edərək, orada olmamaqdansa, olub etiraz etməyin üstünlüyünü vurğulamışdı.
Almaniya kansleri Angela Merkel də Kemeronun bu cavabıyla razılaşaraq, Bakıda keçirilmiş “Eurovision” musiqi yarışmasını misal çəkməklə bildirmişdi ki, ictimai diqqət vəziyyətin dəyişməsinə boykotdan daha çox təsir göstərə bilər.
Siyasət şöbəsi