Ya Yanukoviç kimi təzyiq altında, ya Sərkisyan kimi böhran içində, ya da AB strukturlarında
Günlərdir Ukraynanı müzakirə edir, izləyirik. Avrointeqrasiya məsələsi bizim üçün də mühüm mövzudur. Hesab edirik ki, bu bizim ölkəmiz üçün də mühüm bir hadisədir. Istər Ukranyada səbəb olduğu etiraz dalğasının genişlənməsi baxımından, istərsə də dünyanın bu olaylara mövqeyi prizmasından baş verənlər siyasi iqlimin dəyişdiyini deməyə tam əsas verir.
Bu mənada AB-nin postsovet məkanında genişlənməsi və Rusiyanın göstərdiyi müqavimət bir qədər fərqli şərh olunmalıdır. Daha doğrusu həqiqi izah ondan ibarətdir ki, Rusiya faktiki itirdiyi nüfuz bölgələrini indi rəsmən itirir və onun etirazı da bunadır. Yəni bu elə də ciddi mənada siyasi gələcək üçün təhlükə törədə bilən bir müqavimət deyil. Ona görə də biz diqqəti ikinci mühüm məqama yönəltməyin vaxtı olduğunu düşünürük. Söhbət Azərbaycanın AB-yə inteqrasiyası kontekstində baş verən proseslərdən, tormozlayıcı və yaxşı mənada təhrikedici rol oynayan faktorların fəallaşmasından gedir.
Ingilis nazir sıranı göstərdi
“Biz Avropa Birliyinin Azərbaycanla daha yaxından əməkdaşlıq etməsini səbirsizliklə gözləyirik və ümid edirəm ki, assosiasiya sazişinə doğru danışıqlara təkan verilə biləcək”- bunu Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lininqton deyib. Açıqlamadan aydın görünür ki, Azərbaycan hakimiyyətinin AB ilə münasibətlərin yeni mərhələyə (Asossasiya sazişi üzrə) keçməsini ləngitmə cəhdləri Qərb strukturlarını daha korrekt addımlar atmağa məcbur edib. Aydın şəkildə Ilham Əliyevə işarə vurulur ki, ciddi addım atmaq sırası Azərbaycandadır. Söhbət növbəti dalğada Ukrayna ilə yanaşı Azərbaycanın da geosiyasi yönümünü və iqtisadi siyasi institutlaşma modelini müəyyənləşdirməkdir. Heç kimə sirr deyil ki, Putinin Ermənistanda “Biz Cənibi Qafqazdan getmək istəmirik, mövqelərimizi möhkəmləndiririk” bəyanatları AB-ni daha ciddi düşündürüb. Buna görə də postsovet məkanında, xüsusilə Cənubi Qafqazda Azərbaycanın hara ilə daha sıx bağlı olması çox önəmlidir. Bu təkcə Azərbaycanın iqtisadi və siyasi əhəmiyyəti ilə yekunlaşmır. Azərbaycan Orta Asiyanın enerji resursları və təhlükəslik sistemi seçimi baxımından da çox mühüm əhəmiyyətli nöqtədə yerləşir. Bu baxımdan Rusiyanın daha dərinə gedən addımlar atmaq imkanını məhdudlaşdırmaq üçün Azərbaycanın Avropa strukturlanda bərkiməsi vazkeçilməzdir. Ona görə də Ilham Əliyev ciddi düşünməli və baş verənlərdən dərs götürməlidir. Həm Ermənistandakı fəlakət, həm Ukraynadakı etirazlar nəticə çıxarmaq üçün ciddi əsaslardır.
Seymur Həzi