Milli Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri Gültəkin Hacıbəyli dekabrın 3-də Avropa Birliyinin ölkəmizdəki missiyasının rəhbəri Toralf Pilz ilə görüşüb. Görüşdə Azərbaycan- AB əlaqələri, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın vəziyyəti, Azərbaycandakı seçkisonrakı durum, insan haqları və azadlıqlarının vəziyyəti, siyasi təqiblər, həbslər və s. mövzularda geniş fikir mübadiləsi aparılıb.
Gültəkin Hacıbəyli Milli Şuranın əsas strateji prioritetləri sırasında Azərbaycanın Avropa strukturlarına inteqrasiyası və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasının önəmini vurğulayıb. O, həmçinin, Milli Şuranın Ukrayna xalqının Avrointeqrasiya ilə bağlı apardığı mübarizəyə mənəvi dəstək verdiyini bildirib.
Toralf Pilz Avropa Birliyinin Azərbaycan siyasi həyatını təmsil edən bütün qüvvələrlə əməkdaşlıqda maraqlı olduğunu, Azərbaycanla Şərq Tərəfdaşlığı proqramı çərçivəsində daha böyük nailiyyətlər əldə etmək istəyini dilə gətirib. O, Avropa Birliyinin Azərbaycanla münasibətlərdə demokratik meyarlara, xüsusilə fikir, söz, sərbəst toplaşma azadlıqlarının, ədalətli mühakimə hüququnun, siyasi plüralizmin təmin olunmasına böyük önəm verdiyini vurğulayıb. Pilz missiyanın İlqar Məmmədov, Tofiq Yaqublu, NİDA-çılar və başqa siyasi fəalların məhkəmə proseslərini nəzarətdə saxladığını da bildirib.