Hökumət yeni ildə yeni «sürprizlər» vəd edir; benzinin qalxan qiyməti hələ çox “yandıracaq”…
Ekspertlər qiymət artımına heç bir iqtisadi əsasın olmadığını bildirir
Məlum olduğu kimi, Azərbaycan hökuməti yanacağın qiymətini bahalaşdırdı. Tarif Şurası bununla bağlı dekabrın 2-i axşam qərar verib. Qərara əsasən AI-80 və AI-92 markalı benzinin bir litrinin qiyməti 55 qəpikdən 70 qəpiyə, AI-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiyməti isə 45 qəpikdən 60 qəpiyə qaldırılıb. Yeni qiymətlər dekabrın 3-dən tətbiq olunub. Yanacağın qiymətinin qaldırılacağı əvvəlcədən proqnozlaşdırılsa da, bunun gələn il baş verəcəyi gözlənilirdi. Tarif Şurası isə bir neçə dəfə benzinin bahalaşacağı xəbərlərini təkzib etdi və gündəliyində belə bir məsələnin olmadığı açıqlandı.
Lakin buna baxmayaraq yanacağın qiyməti gözləniləndən də tez müddətə artdı. Bu artımın arxasında ümumi qiymət artımı dalğasının gələcəyi isə şübhəsizdir.
Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 2007-ci il yanvarın 1-də qaldırılıb. Bunun ardınca ölkədə digər mallarda da bahalaşma müşahidə edildi.
Cəmiyyət növbəti dəfə yanacağın qiymətinin artımını susqunluqla qarşılasa da, ekspertlər qiymət artımı üçün heç bir iqtisadi əsasın olmadığını deyir.
Qubad Ibadoğlu: “Bu hələ başlanğıcdır”
Iqtisadi Araşdırmalar Mərkəzinin sədri Qubad Ibadoğlu bu qiymət artımının hələ başlanğıc olduğunu deyib. Ekspertin sözlərinə görə, Tarif Şurası qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya onun nəticələrini ictimaiyyətlə bölüşmədən qiymət artımına qərar verib: “2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb. Proqnozlara görə, yalnız son artımla hökumət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur. Hesablamalar göstərir ki, AI-92 markalı avtomobil benzinindən istifadə edən sürücü yalnız gündəlik cari məqsədlər üçün ayda ən azı orta hesabla 32 manat, AI-95 benzinindən istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əməkhaqqının 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökumət 3 ay bundan əvvəlki 10 faizlik maaş artımını geri almağa başladı”.
Qubad Ibadoğlu neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu dövrdə belə artımların davamlı olacağını deyir: “Əsasən də iri vergi ödəyicilərinin (o cümlədən də ”Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökumət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir.
Belə qənaətə gəlmək olar ki, bu hələ başlanğıcdır. Bundan sonra çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin qiymətini artıracaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasına daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də qaldırılacaq. Bahalaşmanın bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün ikirəqəmli inflyasiya qaçılmazdır”.
Rövşən Ağayev: “Bahalaşmanın heç bir iqtisadi əsası yoxdur”
IqtisadiÿTəşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev öz Facebook səhifəsində bahalaşmanın heç bir iqtisadi əsasının olmadığını yazıb.
Ekspertin sözlərinə görə, dünyanın ən nəhəng neft emalı zavodlarına malik, amma özünün nefti olmayan Italiya və Sinqapurda benzinin litrinin 1 dollardan yuxarı olmasının iqtisadi əsası var. Çünki onlar Azərbaycan kimi neft ölkəsindən xam neftin tonunu hazırda 740 dollara alır və bu qiymətə alınan xammaldan emal olunan hazır məhsulun baha olması iqtisadi baxımdan əsaslandırıla bilər.
Azərbaycanda isə Dövlət Neft Şirkətinin neft-qaz çıxarma idarələri neft emalı müəssisələrinə xam neftin tonunu 56 manata (təxminən 70 dollara) satır. Belə vəziyyətdə Dövlət Neft Şirkətinin az qala dünya bazar qiymətləri ilə benzin satmasını iqtisadi baxımdan əsaslandırmaq çətin olacaq.
Ekspert əhalinin gəlirləri ilə məhsul və xidmətlərin dəyəri arasında uyğunluğun olmadığını da qeyd edir: “Norveçdə bir litr benzin 2.5 dollardı, vergilər çıxıldıqdan sonra aylıq orta əməkhaqqına 2200 litr benzin almaq mümkündür. Azərbaycanda isə hazırkı qiymət və vergilər çıxıldıqdan sonra rəsmi elan olunan aylıq orta əməkhaqqına 550 litr benzin almaq olar. Norveçdə 2 dollar yarıma satılan Avro-5 standartına uyğun benzindir, bizdə isə hökumət indi-indi Avro-3-ə keçəcəyini deyir”.
Vüqar Bayramov: “Qiymət artımları üçün iqtisadi əsas tapmaq mümkün deyil”
Iqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov da hazırda benzinin qiymətinin artırılmasının iqtisadi bazasının olmadığını deyir: “Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir. Benzinin pərakəndə qiymətində Xəzəryanı regionda yalnız Rusiyaya uduzuruq: Rusiyada benzin Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Bununla belə, ölkəmizdə müqayisə edilən benzinin qiymətinin 77 sent olduğunu nəzərə aldıqda oxşar benzin Qazaxıstanda 71, Türkmənistanda 22 sentə təklif edilir. Iranda isə əvvəllər 9,7 sentə təklif edilən benzinin 1 litrinin qiyməti sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də, yeni qiymət də bizdəkindən 38 faiz ucuzdur. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır.
Ikincisi, Azərbaycan benzinin 1 litri 77 sentə təklif edildiyi halda Amerika Birləşmiş Ştatlarında bu göstərici cəmi 75 sentdır. Nefti idxal edən və orta aylıq əmək haqqı Azərbaycan ilə müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox çətindir.
Üçüncüsü, faktiki olaraq, hazırda ölkəmizdə benzin istehsalı və satışı subsidiya almayan sektordur. Bu isə o deməkdir ki, benzinin satış qiyməti onun istehsal xərcindən çoxdur. Bu isə indiki qiymətlər ilə benzin satışının mənfəətli olmasına imkan verir. Ona görə də tənzimlənən qiymətlər siyahısına daxil edilən benzinin satışı gəlirli olduğu üçün qiymət artımı ümumiyyətlə məqsədə uyğun deyil.
Dördüncüsü, benzinin istehsal xərclərində hər hansı və eləcə də neftin dünya bazar qiymətində kəskin dəyişikliklər olmadığı halda qiymət artımları üçün iqtisadi əsas tapmaq mümkün deyil.
Beşincisi, benzinin pərakəndə qiymətinin sadəcə neft ölkələri ilə müqayisəsi göstərir ki, biz heç də hətta indiki qiymətlər ilə benzini ucuz qiymətə satmırıq. Təbii ki, Venesuelada benzinin 1 litrinin 1 sentə satılması heç də doğru təcrübə olmasa belə, Səudiyyə Ərəbistanının da benzinin qiymətinin 16, Birləşmiş Ərəb Əmirliyində 44 və hətta Misirdə 46 sent olduğunu da müqayisə üçün nəzərə almalıyıq.
Altıncısı, Azərbaycanda benzinin qiymətinin Avropa ölkələri ilə müqayisə edilməsi iqtisadi baxımdan uğurlu deyil. Çünki benzinin qiymətinin müqayisəsi ilə yanaşı, benzin xərclərinin əhalinin gündəlik və illik xərclərindəki payına diqqət yetirmək lazımdır. Məsələn, litri 2,15 dollara satılan Italiyada benzinin əhalinin illik gəlirində payı cəmi 1,65 faizdir. Və ya Fransa üçün uyğun göstəricilər 2.03 dollar və 0,85 faizdir. Əgər əksər Avropa ölkələrində benzin xərcləri əhalinin gəlirlərinin 2 faizindən aşağıdırsa, o zaman bunun sosial təsirləri hiss ediləcək dərəcədə deyil. Qeyd edim ki, bu göstərici Azərbaycan üçün 3,72 faizdir.
Nəhayət, əgər Azərbaycan “Avro 2″ standartlarına uyğun benzin təklif edirsə, inkişaf etmiş ölkələrdə ”Avro 5″ standartlarına uyğun benzin satılır. Bu halda hətta mövcud keyfiyyətlər də qiymətlərin inkişaf etmiş ölkələr üzrə tam müqayisəsinə imkan vermir. Deməli, bu gün benzinin qiymətinin artırılmasına deyil, onun keyfiyyətinin yüksəldilməsinə diqqət ayırmaq lazımdır”.
Azər Mehdiyev: “Real addımlar atılmadan həyata keçirilən hər çür qiymət artımı tənqid olunmalıdır”
Iqtisadi Təşəbbüslərə Dəstək Mərkəzinin sədri Azər Mehdiyev də benzinin qiymətinin 30 faiz qaldırılması ilə bağlı qərarın heç bir iqtisadi əsasın olmadığını deyir.
Ekspertin sözlərinə görə, əgər kimlərsə benzinin maya dəyərini əsas gətürürsə, bu tamamilə yersiz arqumentdir: “Ona görə ki, bizdə neft emalı müəssisələrinin (eynilə kommunal müəssisələrin) xərcləri qəsdən şişirdilir, rəqabət olmadığından onlar xərcləri istədikləri qədər artıra bilirlər. Bir azdan eyni arqumentlə kommunal xidmətlərin qiymətini qaldıracaqlar. Bu müəssisələrin xərclərinin formalaşmasında şəffaflığı təmin etmədən və xərclərin azaldılması üçün real addımlar atılmadan həyata keçirilən hər çür qiymət artımı tənqid olunmalıdır”.
Ekspert benzinin bahalaşmasının Dövlət Neft Şirkətinin müraciəti əsasında həyata keçirilsə də, əslində şirkət bu artımdan qazanc götürmədiyini də qeyd edib: “Tarif Şurasının qərarı ilə tanış olanda aydınlaşır ki, əslində qiymət artımının Dövlət Neft Şirkəti ilə heç bir əlaqəsi yoxdur. Şirkət bu qiymət artımından heç nə qazanmır. Qiymət artımı tamamilə aksizlərin artırılması hesabına baş verib. Belə ki, aksiz dərəcəsi AI-95 benzini üzrə 101.0 faizdən 159.0 faizə, AI-92 benzini üzrə 92.0 faizdən 134.0 faizə, AI-80 benzini üzrə 93.0 faizdən 134.0 faizə, dizel yanacağı üzrə 57.0 faizdən 77.59 faizə qaldırılıb. Yəni hökumət aksizlər üzrə vergi dərəcələrini artırıb”.
Vahid Məhərrəmov: “Kənd təsərrüfatı məhsullarının qiymətində artım olacaq”
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov yanacağın qiymətinin artmasının kənd təsərrüfatı məhsulunun istehsalına birbaşa təsir edəcəyini deyir. Bu həm istehsal olunan məhsulun bazara daşınmasına, həm də satış qiymətlərinə təsir edəcək. Bu mənada yanacağın qiymətinin bahalaşması kənd təsərrüfatı məhsullarının, o cümlədən çörəyin qiymətində 20 faizə qədər artıma səbəb olacaq: “Ola bilsin hökumət bir müddət hər hansı təzyiqlə çörək və çörək məhsullarının qiymətini nisbətən stabil saxlaya bildi. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Ona görə ki, çörəyin daşınmasında avtomobillərdən istifadə olunur. Bu avtomobillər də yanacaq işlədir. Benzinin qiymətinin qalxması çörəyin maya dəyərinin artmasına gətirib çıxaracaq. Bu da çörəyin satışına mütləq öz təsirini göstərəcək”.
Redaksiyamıza daxil olan məlumatlara görə, yanvar ayında bahalaşmanın yeni dalğası ola bilər. Həmin məlumatda bildirilir ki, əslində hökumət benzinin qiymətini 1 manata qədər artırmaq istəyib. Lakin qiymətlərin birdən-birə 50 faiz artırılmasının sosial partlayışa səbəb olacağı düşünülüb. Qərara alınıb ki, hələlik artım 25-30 faiz olsun. Bu həm də nəbz yoxlanışı sayıla bilər. Əgər cəmiyyət bu dəfəki qiymət artımını da sükutla qarşılasa, o zaman yeni ildə benzinin qiymətində növbəti artımın olacağı gözləniləndir.
Fizzə