Əlövsət Əliyev: «Vətəndaşlarımızın Rusiyadan çıxarılması bu formada davam edərsə, ölkəmiz ciddi problemlərlə qarşılaşacaq»
Rusiyada miqrasiya sahəsində həyata keçiriliən sərt tədbirlər davam edir. Bir müddət əvvəl miqrasiya siyasətində ciddi dəyişikliyə start verən Rusiya dövləti uzun illər ölkədə çalışmış miqrantların bir hissəsin artıq deportasiya edib.
Rusiyadan miqrasiya qanunlarını pozan 380 mindən çox əcnəbiyə ölkəyə giriş qadağan olunub. ANS PRESS-in məlumatına görə, bu barədə “Interfax”a Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Radomodanovski məlumat verib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən əcnəbi qanun pozanlara ölkəyə giriş qadağan edilib. K.Radomodanovski bildirib ki, bu, miqrasiya qaydalarını pozan xarici vətəndaşlarla bağlı zəruri tədbirdir.
Qeyd edək ki, Rusiyada 2 milyondan çox Azərbaycan vətəndaşı fəaliyyət göstərir və bunların müəyyən hissəsi qanunsuz fəaliyyətlə məşğuldur.
Ancaq Azərbaycan tərəfi Rusiyadan ölkəyə qayıdan vətəndaşlar haqqında məlumat vermir, bu barədə statistika açıqlanmır. Hətta əldə olunan məlumalara görə, qanuni şəkildə Rusiyada fəaliyyət göstərən şəxslər, tələbələr, iş adamları da müəyyən çətinliklərlə üzləşir.
Ümumiyyətlə, ölkəyə deportasiya olunan vətəndaşların sayı nə qədərdir, bunun qeydiyyatı aparılmır, baş verən hallarla bağlı vətəndaşlarımız hansı addımı atmalıdır?
Miqrasiya Mərkəzi Ictimai Birliyininin rəhbəri Əlövsət Əliyev bildirdi ki, vətəndaşlarmızın üzləşdiyi problemlərlə bağlı konkret məlumatlar verilmir və hökumət təcili qayıdış proqramı hazırlamalıdır: “Biz Disaspor Komitəsinə və XIN-ə müraciət etmişik ki, Rusiyada yaşayan vətəndaşlarımızın məlumatlandırılması üçün pulsuz ”qaynar xətt” yaradılsın. Bu günə qədər Rusiyadan deportasiya olunan, barəsində cinayət işi açılan, təqib olunan, qanunsuz saxlanılan və digər sahədə hüquqları pozulan vətəndaşlarımız haqqında konkret məlumat yoxdur. Rusiyanın verdiyi informasiyalar isə, konkret azərbaycanlılar barədə deyil, Rusiyada yaşayan ümumi əcnəbilər barəsindədir. Rusiya rəsmiləri bunu inkar etsələr də, Azərbaycan vətəndaşlarına qarşı Rusiyada ayrı-seçkilik var və faktlar da bunu təsdiq edir. Hesab edirəm ki, Rusiyadan vətəndaşlarımızın çıxarılması bu formada davam edərsə, Azərbaycan üçün ciddi sosial-iqtisadi problemlər yarana bilər. Əksər ölkələrdə “qayıdış” proqramları hazırlanır və bu proqramlar ölkəyə qayıdışla bağlı münasibətləri tənzimləməyə xidmət edir. Azərbaycanda yaranmış ağır vəziyyətlə bağlı olaraq vətəndaşlarımız ölkəni tərk edib. Bu adamların ölkəyə qayıdışını təmin etmək üçün məqsədyönlü fəaliyyət göstərmək lazımıdr. Bu adamlar dövlətin dəstəyini, himayəsini hiss etməlidir və dövlət bu prosesə hazır olmalıdır”.
Ilham Hüseyn