Vahid Ələkbərovla İsgəndər Xəlilovun Azərbaycan hakimiyyətilə danışıqlara gəldiyi barədə iddialar var
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan sonra Diasporla Iş Üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov Kremlin miqrasiya ilə bağlı siyasətini tənqid edib. Nazim Ibrahimov APA-ya deyib ki, Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdığı problemlər olduqca narahatlıq doğurur: “Hər bir ölkə əlbəttə ki, öz qanunlarını özü müəyyən edir və bu qanunların icrasının təmin olunması da onun suveren hüququdur.
Lakin bu qanunların həyata keçirilməsi prosesinin miqrantların insan hüquq və azadlıqlarının pozulması halları ilə müşayiət edilməsi də yolverilməzdir. Təəssüf ki, indiki situasiyada biz bu cür halları tez-tez müşahidə edirik. Bu mənada Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovskiylə görüşdə söylədiyi fikirləri bölüşürük”.
Komitə sədri hesab edir ki, Rusiyada azərbaycanlı miqrantlara qarşı yol verilmiş hüquq pozuntuları ciddi araşdırılmalıdır: “Azərbaycanlılar haqqında mənfi ictimai rəyin formalaşdırılması cəhdlərinin qarşısı alınmalıdır. Azərbaycanlılar belə münasibətə layiq deyillər. Çünki Rusiyanın tarixində, müasir dövrdə iqtisadi, mədəni və ictimai-siyasi həyatında çox mühüm rol oynamış yüzlərlə azərbaycanlının adını çəkmək olar. Digər tərəfdən, azərbaycanlılara qarşı təzyiqlər həm də iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Biz qarşılıqlı şəkildə bütün məsələləri müzakirə edə, problemləri birgə aradan qaldıra bilərik. Bunun üçün hər cür imkan var”.
Nazim Ibrahimovun bu fikirləri Kremllə Bakı arasında münasibətlərin getdikcə gərginləşdiyini göstərir. Güman ki, yaxın vaxtlarda hakimiyyət düşərgəsindən Moskvanın ünvanına daha sərt tənqidlər şahidi olacağıq. Baş verənlərin səbəbinə gəlincə, ötən saylarımızda bu barədə məlumat vermişik. Bildirmişik ki, Rusiya Azərbaycanı Avrasiya Ittifaqına cəlb etmək üçün müxtəlif təzyiq formalarından istifadə edir ki, bunlardan biri də miqrantlarla bağlı yürütdüyü siyasətdir.
Rusiya-Azərbaycan münasibətlərinin getdikcə gərginləşdiyi bir ərəfədə “Milyarderlər Ittifaqı”nın iki üzvü – Vahid Ələkbərovla Isgəndər Xəlilovun Bakıya təşrif buyurması maraqlıdır. Bu şəxslərin, xüsusilə Vahid Ələkbərovun həm Rusiya, həm də Azərbaycan siyasi dairələri münasibətləri normaldır. Bəzi iddialara görə, Vladimir Putinin bu ilin avqust ayında Azərbaycana səfərində vasitəçilik edən də Vahid Ələkbərov olub.
Vahid Ələkbərovla Isgəndər Xəlilovun Bakıya gəlişi “Nikoil” bankın yeni baş ofisinin açılışı ilə izah edilir. Lakin başqa mülahizələr də var. Bəzi ehtimallara görə, adıçəkilən şəxslər Putinin tapşırığı ilə Bakıya gəlib. Onların missiyası Azərbaycan hakimiyyəti ilə Avrasiya Ittifaqı ilə bağlı danışıqlar aparmaq və Putinin layihəsinə birmənalı dəstək almaqdır. Bundan əvvəl Belorus prezidenti Aleksandr Lukaşenkonun oxşar missiya ilə Bakıya səfər etmişdi. Hər halda analitiklər hesab edir ki, Lukaşenkonun Bakı səfərinin qayəsini məhz Avrasiya Ittifaqı ilə bağlı məsələ təşkil edir.
Başqa bir versiyaya görə isə Vahid Ələkbərov və Isgəndər Xəlilov Azərbaycan hakimiyyətinin dəvətilə Bakıya gəlib. Hakimiyyət Rusiya ilə münasibətlərin tamamilə pozulması nəticəsində “Milyarderlər Ittifaqı”nın yenidən önə çıxarılmasından narahatdırlar. Vahid Ələkbərov və Isgəndər Xəlilovla da məhz “Milyarderlər Ittifaqı”ndan gözlənilən təhlükəni neytrallaşdırmaq üçün müzakirələr aparıla biləcəyi güman edilir.