Hökumətin M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyinin keçirilməsi haqqında qərarını eşidəndə əvvəl elə bildim ki, səhv eşitmişəm.
Sonra bir daha dəqiqləşdirdim. Məlum oldu ki, yox, yanılmamışam, elə belədir ki, var.
Mən nədən təəccübləndim? Məsələ bundadır ki, Əliyevlərin vaxtında M.Ə.Rəsulzadəyə qarşı hücumlar, təpkilər o qədər çox olub ki, elə bil bu hakimiyyətin müxalifəti biz yox, elə M.Ə.Rəsulzadə özü olub.
Bəlkə də diri, sağ olan müxalif düşüncəli insanların heç biri M.Ə.Rəsulzadə qədər bu hakimiyyətdən təpki görməyib.
Onu əbədiləşdirən, bilavasitə onunla bağlı olan, onu xatırladan nə vardısa, hamısı bu ölkədən yığışdırılıb. Bircə insanların ürəyinə müdaxilə edə bilməyiblər – onu ananlar, onu yaşadanlar hələ çoxdur bu ölkədə.
Həm də bunlar başa düşmür ki, M.Ə.Rəsulzadəni əbədiləşdirən heç də hansısa heykəl, barelyef deyil, bu dövlətin özüdür, onun himni və bayrağıdır.
Ola bilsin, burada kiçik bir xatırlatma yerinə düşməyəcək, çünki M.Ə.Rəsulzadə elə bir adam idi ki, onun adı gələndə gərəkdir hər şey milliləşsin.
Amma o, şovinist millətçi də deyildi. Elə bu səbəbdən mənim bir sitatım o qədər də qəribə görünməz. A.Puşkin deyirdi ki, mən özümə elə bir heykəl ucaltmışam ki…
Indi M.Ə.Rəsulzadə də özünə elə bir heykəl ucaldıb ki, nə hökumət, nə hansısa partiya, nə də hansısa siyasi sistem onu sarsıda bilməz.
O heykəl ürəklərdədir – sənin, mənim, bizim hamımızın ürəyində! Təbii ki, hökumətin qərarında bir sünilik, hətta bir riya da var və mən bunu qeyd etməyə bilmərəm.
Amma onun qərarında bir acizlik də var – M.Ə.Rəsulzadənin böyüklyü qarşısında bir acizlik…
Bu haqda çox danışa, çox yaza bilərəm. Amma lazımdırmı? Indiyə qədər M.Ə.Rəsulzadəyə qarşı ögey münasibətlə bağlı bəlkə də onlarla ehtimal söylənib.
Amma bu, işıqla qaranlığın, nurla zülmətin çarpışmasına bənzəyir. Ən əsası isə bilirsiniz nədir? Hətta ən qatı zülmət belə işığın qarşısında acizdir, onu büsbütün örtə bilmir.
Bir ehtimal da olub, onu da gərək mütləq qeyd edim. Rəsulzadəyə qarşı kinli münasibətin səbəbini müxalifətin ona olan çox isti münasibətilə izah edənlər də olub.
Nə demək olar? Təbii ki, bu, bir bəhanədir, bir az əvvəldə dedim ki, bu, zülmətlə nurun, işıqla qaranlığın çarpışmasıdır.
Amma yenə də, əgər belə bir şey varsa, biz, necə deyərlər, bir kənara çəkilə bilərik. Təki Rəsulzadəyə qarşı münasibət dəyişsin.
Amma dəyişəcəkmi? Inanmıram. Yubiley sərəncamları bu ölkədə çox olub.
Amma həmişə tək bir adamın yubileyi keçirilib, bir adam anılıb – o da H.Əliyev olub. Qalan bütün yubileylər formal xarakter daşıyıb. Indi ola bilsin, M.Ə.Rəsulzadə ilə bağlı də bir-iki formal tədbir keçiriləcək. Bunun hanısa mənası varmı?
Deyilənə görə, Rəsulzadə çox prinsipial adam olub, nə özünü, nə də başqalarını heç vaxt bağışlamırmış. Bəlkə ona indiki hökuməti görmək qismət olsaydı o, bu hökumtə qarşı ən böyük müxalifətçi olardı!
Bəlkə də o, heç istəməzdi ki, belə hakimiyyətin dövründə anılsın, qiymətləndirilsin.
Ona görə də onu bütlər siyahısında görməyəndə bir o qədər də pəjmürdə olmayın. O, özü belə bir siyahıda olmaq istərdimi? Əsla!
Amma onun zamanı gələcək. Buna heç şübhəniz olmasın. Əslində o heç yerə getməyib də, minlərlə insanın ürəyində olub və indi də var.
Hətta bu hakimiyyətin qərarını da bir məcburiyyət kimi qəbul etmək, əvvəldə dediyim kimi, bunu onların M.Ə.Rəsulzadə böyüklüyü qarşısındakı acizliyi kimi başa düşmək lazımdır.
Bəlkə də elə bir vaxt gələcək indinin məmurları (mən onları siyasətçi kimi deyil, ən yaxşı halda bir məmur kimi qəbul edirəm!) məhz bu sərəncama görə yada düşəcəklər.
Ona görə də özləri maraqlı olmalıdırlar ki, bu tədbirlər necə var keçsin. Əslində yubiley M.Ə.Rəsulzadəyə deyil, onlara lazımdır ki, günahlarının bir hissəsi bağşlanılsın.
Ağıllı adamlar həmişə özlərini keçmişə, zamanın sınağından çıxmış etibarlı tarixi simvollara proyeksiya edirlər ki, özləri də yaxşı qəbul olunsunlar.
Keçmişsiz hər şey kökündən qoparılmış ağac kimidir. Onu uzağı bir gün, bir həftə bir bəzək kimi, küknar ağacı kimi istifadə etmək, sonra da odun kimi yandırmaq olar.
Bu yaxınlarda mənə bizim sovet şairlərindən birinin vaxtilə M.Ə.Rəsulzadəyə yazdığı “şeir”i oxudular. Həmin “şeir”də deyilir ki, sənin üçrəngli bayrağın da özün kimi torpağa gömüləcək!…
Təsəvvür edirsinizmi?.. Amma nə oldu? Üçrəngli bayraq torpağa gömülmədi! O indi hər yerdə, ən uca nöqtələrdə dalğalanır, hətta onun kölgəsinə bu hakimiyyətin adamları da toplaşırlar.
Nə qədər ki, həmin bayraq dalğalanacaq, M.Ə.Rəsulzadə də yaşayacaq, anılacaq, xatırlanacaq və əzizlənəcək!