Bir qrup jurnalistdən dostluq mükafatı alan ölkə başçısı mediaya qarşı heç bir ayrı-seçkilik olmadığını deyib
“RUH” Jurnalistləri Müdafiə Komitəsi bununla ikinci dəfədir ki, ölkə başçısı Ilham Əliyevi jcurnalistlərin dostu elan edir. Təşkilatın yaydığı məlumata görə, sorğuda iştirak edənlərin 89 faizi məhz Ilham Əliyevi “Jurnalistlərin dostu” kimi görüb.
İlham Əliyev Azərbaycanda azad media olduğunu deyir
Ötən gün sözügedən mükafatın təqdimat mərasimi keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında sorğunun keçirilmə prinsipləri barədə məlumat verib, ölkə başçısını bu nominasiyada qalib olduğu üçün təbrik edib. O, Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb, bugünkü bəzi problemlərə toxunub.
Ölkə başçısı isə çıxışında ölkədə görülən işlərdən, aparılan islahatlardan danışıb. Ölkə başçısı Azərbaycanda demokratik dəyərlərin, azad söz və medianın mövcud olduğunu qeyd edib. Prezident medianın siyasi qütbləşmədən və xarici dəstəkdən asılı olmaması üçün dövlətin addımlar atmağa hazır olduğunu da bildirib: “Azərbaycanda azad media var. Biz onun daha da inkişaf etməsində maraqlıyıq”.
Mətbuatla bağlı çıxışlarda səsləndirilmiş problemlərə münasibət bildirən ölkə başçısı Azərbaycanda mediaya qarşı siyasi ayrı-seçkiliyin olmadığını deyib: “Mediaya qarşı heç bir ayrı-seçkilik yoxdur. Ola da bilməz. Qəzet satışı ilə bağlı da heç bir məhdudiyyət yoxdur. Azərbaycanda azad internet məkanı var, bütün ölkə boyu genişzolaqlı internet xətləri çəkilir, insanlar azad şəkildə internetdən istifadə edirlər. Belə olan halda qəzet satışının məhdudlaşdırılmasından söhbət gedə bilməz”.
“Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın”
Tədbirdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun musavat.com-a verdiyi məlumata görə, Ilham Əliyev bildirib ki, jurnalistlərin dostu seçilmək onun üçün şərəfdir. “Mən dostluğa sadiqəm”, – deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan mətbuatı xarici təsirlərdən azad olmalıdır və dövlət bunun üçün hər şeyi etməyə hazırdır.
Rauf Arifoğlu çıxışında Azərbaycan mətbuatının problemlərinə də toxunub, qəzetlərin yayımına yaradılan əngəllərlə bağlı Ilham Əliyevə məlumat verib. Ölkə başçısının məsələyə reaksiyası sərt olub. “Kim qəzet satışını məhdudlaşdırırsa, bu, dözülməz haldır”, – deyən Ilham Əliyev məsələnin həllinə göstəriş verib.
Qafqazinfo.az-ın xəbərinə görə, Ilham Əliyev paytaxtda quraşdırılan yeni köşklərdən də danışıb: “Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdim. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır”.
“Bir qrup jurnalistlə görüşüb” – Ifadə kökündən yanlışdır”
Tədbirlə bağlı fotolar, xəbərlər mediada yayılandan sonra sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Ictimai-siyasi fəalların əksəriyyəti Ilham Əliyevin jurnalistlərin dostu elan edilməsinin düzgün olmadığını yazıb. “Facebook”da mediaya olan basqılara, qəzet satışına yaradılan əngəllərə, reklam bazarının olmamasına, jurnalistlərin həbs edilməsinə görə ölkə başçısını günahlandırıb.
Araşdırmaçı-jurnalist Xədicə Ismayıl “Facebook” səhifəsində yazıb: “”Bir qrup jurnalistlə görüşüb” – Ifadə kökündən yanlışdır. Jurnalisti hədəfə çevirən adama mükafat təqdim edənlərə jurnalist deməzlər. Bir qrup opportunist yaltaqla görüşüb bəlkə?”.
Daha sonra əlavə edib: “Röya Rəfiyeva o gün təəccüblənibmiş Əflatun Amaşov ”Yeni Müsavat”a gələndə. Gəlib Rauf Arifoğlunu Ilham Əliyevin təltif olunmasına çəpik çalmağa dəvət edirmiş yəqin”.
Bu statusa Rauf Arifoğlunun cavabı belə olub: “Xədicə xanım, məni Amaşov dəvət etmədi bu tədbirə. Amaşov gələn gün bizim qəzetin qonşuluğunda redaktorların icra başçısı ilə görüşü vardı. Oradakıların hamısını qəzetə dəvət etdim, təkcə Amaşov gəlməyə ürək etdi. Bugünkü tədbirə isə dəvəti dünən Əli Həsənovdan aldım. 1 aydır telefonlarıma cavab verməyən hörmətli Əli Həsənov şəxsən zəng edərək, məni dəvət etdi. Mənim üçün bir fürsət idi, buraxmazdım. Getdim, sözümü də dedim. Prezident mükafat alanda isə əllərim məşğul idi, içəri keçirdiyim telefonla musavat.com üçün şəkil çəkirdim. Bu səbəbdən, həmin anda əl çala bilməzdim. Mənə diqqət ayırıb, adımı çəkdiyiniz üçün xüsusi təşəkkür edirəm”.
Xədicə Ismayılın da cavabı çox gecikməyib: “Rauf bəy, mən isə sizə təşəkkür etmirəm, ”jurnalistlərin dostu” fırıldağına legitimlik qazandırmaq cəhdlərində iştirakınıza görə”.
AXCP sədri Əli Kərimli də səhifəsində bu barədə status yazıb: “Nə olsun ki, dünyada mətbuat azadlığı indeksinə görə Azərbaycan 156-cı (157-ci Belarusdur) yerdədir? Əsas odur ki, bu ölkənin dövlət başçısına ”mətbuatın dostu” mükafatı verilib. Bununla da Ilham Əliyev “mətbuatı dostluğa məcbur etmə” əməliyyatını uğurla başa çatdırıb”.
“Mən onların ”kontrol”unda deyiləm”
Maraqlı məqamlardan biri isə tədbirə dəvət almayan müstəqil jurnalistlərdir.
Tanınmış jurnalist, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev mərasimə dəvət olunmamasını belə aydınlıq gətirdi: “Çünki mən onların ”kontrol”unda deyiləm”.
Ölkə başçısının yeni köşklərlə bağlı dediklərinə gəlincə, Mehman Əliyev bir ildən çoxdur bu barədə yazdığını, danışdığını deyir: “Hacıbala Abutalıbovu məhkəməyə vermişəm. Məhkəmə yoluyla sorğuma cavab istəyirəm. Köşklər kimə məxsusdur, köşklərdə niyə başqa məhsullar satılır və bu kimi başqa suallara cavab axtarıram. Indi iş Apelyasiya Məhkəməsindən Ali Məhkəməyə gedir. Bir ildən artıqdır ki, mən bu suallara cavab ala bilmirəm. Orada həqiqətən də belədir ki, əsasən ”Azadlıq”, “Yeni Müsavat” və başqa bir neçə qəzet var ki, onların birbaşa satışı ya açıq şəkildə qadağadır, ya da məhdud miqdarda, 4-5 dənədən artıq olmayaraq qəzet satılır. Ancaq bu vaxta qədər heç nə həll olunmayıb, dəyişməyib. Indi prezident deyibsə, olacaq, baxarıq da. Vaxt gələr görərik nə baş verəcək”.
Supermarket olan “Kiosk Pressa”lar…
Ilham Əliyevin Bakıda quraşdırılan yeni “Kiosk Pressa” ilə bağlı dedikləri həqiqətdir. Yaşıl günbəzli bu köşklər mini supermarketlərdir. Burada tum, saqqız, pivə, şokolad, siqaret, peçenye və başqa şirniyyat və min bir xırdavat məhsulları satılır.
Köşklərin qapısında quraşdırılan vitrinlərdə daha çox dövlət və hökumətyönlü qəzetlər satılır. Müstəqil və müxalifyönlü qəzetlər köşklərə az verilməklə yanaşı, həm də satıcılar bunları içəridə, görünməyən bir yerə qoyurlar. Vitrində “Azadlıq”, “Yeni Müsavat” və başqa qəzetləri görməyən alıcılar təbii ki, çıxıb gedirlər. Səbəbini satıcılardan soruşanda belə cavab verdilər: “Qəzet az gəlir, ən çox tələb olunan da müxalifət qəzetləridir. Bizim daimi müştərilərimiz olduğu üçün bu qəzetləri onlar üçün saxlayırıq”.
“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin həftənin bazar və bazar ertəsi günləri çap olunan nüsxələri verilmir. Halbuki hər iki qəzet həftənin bütün günləri satışda olur.
Söhbət etdiyimiz köşk sahibləri deyirlər ki, onlar müxalifət qəzetlərindən hər gün ən azı 20-25 nüsxə sata bilərlər: “Dəfələrlə demişik ki, bizə verilən qəzetlərin sayını artırın, ancaq etmirlər”.
Ramin DEKO