Gənc xanım müəllimə onkoloji xəstələrə olan diqqətsizlikdən nalə çəkir
Azərbaycan səhiyyəsinin ən müxtəlif sahəsini biz davamlı olaraq tənqid etməkdəyik. Səhiyyəyə olan tənqidlər çox vacibdir, çünki bu sahədə olan çatışmazlığın əvəzini vətəndaşlarımız canları və sağlamlıqları bahasına ödəyirlər.
“Azadlıq”ın bu məqalədə təqdim etdikləri nəzəri tənqidi mülahizələr deyil. Bu, vətəndaş naləsidir, fəryadıdır.
Ümid edirik, gözəl və işıqlı kabinetdə oturan səhiyyənin səlahiyyətlilərinə Suadə Qəhrəmanova adlı vətəndaşımızın məktubu təsirli xitab olacaqdır.
“Bu yazını yazmağa məni vadar edən birinci səbəb, ölkədə onkoloji xətələrə olan diqqətsizlik, haqsızlıqdır. Anam onkoloji xəstəlikdən əziyyət çəkir. Bildiyimiz kimi bu xəstəlikdən əziyyət çəkənlər Respublikamizda kifayət qədər çoxdur, ona görə düşünürəm ki, yazdıqlarım fərdi problem deyil, həm də o insanların, onların yaxınlarının naləsidir.
Anamın vəziyyətinə görə yanvarda Onkologiya instituna müraciət etdik. Yeddi günlük analizlər heç bir nəticə vermədi. Həkimlər diaqnoz qoya bilmədilər. Anamı Irana aparmağa məcbur olduq. Ilk analizdən diaqnoz müəyyənləşdi (süd vəzisi xərçəngi, bədxassəli).
Əməliyyat vacib bilindiyindən dərhal əməliyyat olundu. Beş ay Irana kimyaterapiya almaq üçün gedib-gəlməli olduq. Ancaq son zamanlar sərhəddə problemlər yarandığından gediş-gəliş çətinləşdi. Nəticədə Milli Onkologiya Mərkəzinə üz tutmağa məcbur olduq. Mərkəzdə rastlaşdığım qanunsuzluqlar və haqsızlıqlar məni dəhşətə gətirdi.
Onkoloji xəstələrin dövlət nəzarətindən bu qədər kənarda qalması dəhşətli mənzərədi.
Xəstələr dövlət qeydiyyatına alınmağına alınırlar, ancaq onlara heç bir güzəşt olunmur. Bunun şahidi özüməm.
Mənə ən təəccüblü gələn epizod odur ki, mərkəzdə belə bir qaydadır; imkansız şəxslər baş həkimə müraciət etdikdə xəstələrə müəyyən müayinələrdə güzəşt və endirim edilir.
Sual yaranır: Niyə xəstələr, ümumiyyətlə, ödənişlərdən azad olunmur?
Maddi tərəf qalsın bir yana, insana ən çox təsir edən həkimlərin və tibb personalının xəstələrə olan laqeydliyi idi. Halbuki bu cür xəstələrə tam həssaslıqla, diqqətlə yanaşılmalıdır.
Anam 40 ilin muəlliməsidir. Həyatını körpələrə həsr etdi, bu yolda özünü fəda etdi. Bu şərəfli adı sona kimi qorudu. Bu sahədə çox uğurlar qazandı. Bu qədər xidmətin qarşısında Azərbaycan müəlliminə, insanına olan diqqətsizlik, ona çox pis təsir etdi. Anamın davamçısı kimi deyim ki, belə haqsızlıqlar və laqeyd münasibət məndə sənətimə qarşı ruh düşgünlüyü yaratdı.
Fikrimi nə dərəcədə düzgün çatdırdım, bilmirəm, ancaq bu problem tək mənim yox, bütün əhalinin problemidir. Bu cür haqsızlıqlara göz yumduqca vəziyyət daha da ağırlaşır”.