Milli öndərin yubileyi ilə bağlı prezident sərəncamını bu kanal «unutdu»
AzTV-nin dünən saat 20.00-da efirə gedən “Xəbərlər” proqramında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” dövlət başçısının 22 noyabr 2013-cü il tarixli sərəncamı barədə məlumat verilməməsi təəccüb doğurub.
Maraqlıdır ki, AzərTAc-ın saytında bu sərəncam saat 18.15-də, yəni “Xəbərlər”dən 1 saat 85 dəqiqə əvvəl yerləşdirilsə də AzTV bu haqda susub.
AzTV-nin “Xəbərlər”i adətən prezident sərəncamlarının oxunması ilə başlayır, sonra isə dövlət başçısının iştirak etdiyi tədbirlərdən reportajlar verilir. “Xəbərlər”in budəfəki buraxılışı isə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam oxunmadan, birbaşa prezidentin Zambiya və Qvineya respublikalarının ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etməsi, eləcə də Bakının Səbail Rayon Icra Hakimiyyətinin binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmasını əks etdirən süjetlərlə başlayıb.
Bu fakt bir daha hakimiyyətin Cümhuriyyət qurucularına münasibətinin səmimi olmadığını ortaya qoydu.
Onu da qeyd edək ki, “Xəbərlər”in həmin buraxılışında Azərbaycan prezidentinin Latviya prezidenti Andris Berzinşə Riqa şəhərindəki ticarət mərkəzində baş vermiş çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı teleqramı da oxunmayıb. Görünür, bu da hakimiyyətin ənənəvi “balans” siyasətindən irəli gəlib…