Adəm Məmmədov niyə Nizaməddin Quliyevin hədəfinə gəlib?
Goranboyun icra başçısı Nizaməddin Quliyev vəkil Adəm Məmmədovu həbs etdirmək istəyir. Adəm Məmmədov Nizaməddin Quliyevin sifarişi ilə həbs olunduğunu bildirən sahibkar Müqayis Verdiyevin hüquqlarını müdafiə edir. Vəkilin bu işlə bağlı bəzi məqamlara aydınlıq gətirməsi, icra başçısının sahibkara qarşı qanunsuz əməllərilə bağlı müəyyən faktları ictimailəşdirməsi onu hədəfə gətirib.
Adəm Məmmədov “Azadlıq”a bildirib ki, Nizaməddin Quliyev artıq əməli işə başlayıb. O, Vəkillər Kollegiyasına müraciət edib: “Icra başçısı Vəkillər Kollegiyasına absurd bir məktub da göndərib. Çox qəribədir ki, başdan-ayağa mənə qarşı hədələrlə və təhqirlərlə dolu olan həmin məktubu Nizaməddin Quliyev icra hakimiyyətinə məxsus blankda yazıb və öz imzası ilə təsdiq edib. Bu isə vəkil kimi Nizaməddin Quliyevi məhkəməyə verəndə işimi xeyli asanlaşdıracaq. Çünki artıq dəlil, subut toplamağa ehtiyac yoxdur. Maraqlıdır, o boyda icra hakimiyyətində bir hüquqşunas tapılmayıb ki, Nizaməddin Quliyev hüquqi məsləhətlər versin. Icra başçısı heç olmasa, yenicə Nərimanov rayon Məhkəməsinə hakim təyin olunmuş oğlu Ramin Quliyevdən məsləhət alaydı ki, icra başçısı olaraq belə bir məktub yaza bilər, ya yox?
Əslində Nizaməddin Quliyev bu məktubu ilə Müqayis Verdiyevi nahaqdan tutdurduğunu tam subut etmiş oldu. Eyni zamanda mənim müdafiə taktikamın düzgün olduğunu özü də bilmədən təsdiq edib. Buna görə ona təşəkkür edirəm. Belə yerdə deyiblər ki, danış, sənin kim olduğunu öyrənim. Çox təəssüf edirəm ki, prezident Ilham Əliyevin ehtimadını doğrultmayan, əksinə, Goranboy əhalisini qəsdən dövlətdən narazı salan Nizami Quliyev kimi kadr hələ də vəzifə başındadır. Sonda onuda qeyd edim ki, mənim həbs olunmağımı Nizaməddin Quliyevə məsləhət verən oğlu, təzəcə hakim təyin olunmuş Ramin Quliyevdir. Əgər hakim kimi Ramin Quliyev siftəsini belə qanunsuzluqla başlayıbsa, onda gələcəyi “çox parlaqdır” və yazıqlar olsun ona işi düşən vətəndaşlara. Yəqin ki, Məhkəmə Hüquq Şurasıda gənc hakimin bu “bacarıqlı” işinə hüquqi qiymət verəcək. Nizaməddin Quliyevə məsləhət görərdim ki, gördüyü yuxulara o qədər də əhəmiyyət verməsin. Mən prinsipial bir vəkil olaraq həmişə qanunun aliliyini rəhbər tutmuşam və bu qanunlarla da müdafiə etdiyim Müqayis Verdiyevin həbsdən azad edilməsinə nail olacağam, həmçinin bu işdə günahı olanların da cəzalandırılmasına var qüvvəmlə çalışacağam”.
Məsələ ilə bağlı Nizaməddin Quliyevin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Bununla belə onun da fikirlərini dərc etməyə hazırıq.