Məhkəmədə qalmaqal yaşandı; tanınmış vəkil Aslan İsmayılov zaldan çıxarıldı
Bu ilin martından gənclərə qarşı başlanmış repressiyaların qurbanı olan “NIDA” Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlının, eləcə də “Azad Gənclik” təşkilatının üzvü Ilkin Rüstəmzadənin işi üzrə məhkəmənin hazırlıq iclası dünən də davam etdirildi.
Hakim Cavid Hüseynovun sədrliyilə keçirilən məhkəmədə əvvəlki hazırlıq iclaslarında vəkillərin qaldırdığı vəsatətlər müzakirə olunmalı idi. Amma müzakirələrə keçməmişdən əvvəl məlum oldu ki, vəkillərin veriləsi başqa vəsatətləri də var.
Vəkil Xalid Bağırov Ilkin Rüstəmzadənin azadlığa buraxılması haqda vəsatət qaldırdı. Bildirdi ki, I.Rüstəmzadənin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti noyabrın 17-də başa çatıb: “Bu isə o deməkdir ki, artıq 4 gündür, Ilkin məhkəmə qərarı olmadan qanunsuz həbsdə saxlanılır. Bu isə qanunsuzluq, insan haqlarının kobud şəkildə pozulmasıdır. Siz Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin 3-cü bəndinə istinad edərək deyə bilərsiz ki, cinayət işi məhkəməyə göndəriləndə həbs qətimkan tədbirinə xitam verilmiş olur. Amma onu da deyim ki, Konstitusiya Məhkəməsi bu hüquqi normanın Konstitusiyaya zidd olduğunu mübahisələndirib. Avropa Məhkəməsi ”Fərhad Əliyev Azərbaycana qarşı” iş üzrə qərarında da bu cür halı Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin birinci bəndinin pozuntusu kimi qiymətləndirib. Yerli qanunlarla Konstitusiya arasında ziddiyyət yarandıqda Konstitusiya üstün tutulur. Həmçinin yerli qanunvericiliklə beynəlxalq sənədlər arasında hər hansı ziddiyyət olduqda beynəlxalq hüquq normalarına üstünlük verilir. Odur ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarını, Avropa Konvensiyasını və Avropa Məhkəməsinin qərarını əsas gətirərək, Ilkin Rüstəmzadənin dərhal, elə indicə azadlığa buraxılmasını tələb edirik”.
Xalid Bağırov ötən iclasda təqsirləndirilən şəxslərin dəmir barmaqlıqlar arasından çıxarılaraq müdafiəçilərilə yanaşı əyləşməsi barədə vəsatət qaldırmışdı. Vəkil onların qəfəsdə saxlanılmasını ləyaqəti alçaldan rəftar kimi qiymətləndirməklə yanaşı, həm də gənclərin müdafiəçilərilə lazımi anda məsləhətləşə bilməməsilə izah etmişdi. Xalid Bağırov həmin vəsatətini əsaslandırmaq üçün məhkəməyə Norveçdə 77 nəfəri qətlə yetirmiş Breyvikin məhkəməsində çəkilmiş fotolarını təqdim etdi: “Fotolardan göründüyü kimi, 77 nəfəri öldürən şəxs vəkilinin yanında oturduğu halda, bu günahsız gənclər qəfəsə salınıb”.
Vəkil Elton Quliyev da həmkarının fikirlərilə razılaşaraq bildirdi ki, Ilkin Rüstəmzadənin azadlığa buraxılması barədə vəsatətin müzakirəsinə ehtiyac yoxdur. Çünki söhbət 4 gündür heç bir qərar olmadan şəxsin qanunsuz həbsdə saxlanılmasından gedir və o, dərhal azad edilməlidir.
Daha sonra prokuror hazırlıq iclaslarında vəkillərin qaldırdıqları vəsatətlərə münasibət bildirdi. Dövlət ittihamçısının yekun fikri belə oldu ki, vəsatətlərin heç biri təmin olunmamalıdır.
Ilkin Rüstəmzadə prokurorun çıxış zamanı onunla bağlı səsləndirdiyi fikirlərə etiraz etdi: “Harlem-Shake” rəqsinə görə adam tutursunuzsa, onda “Irəli”dən Rauf Mərdiyevi də tutun da…”
Icazəsiz danışdığına görə hakim Ilkin Rüstəmzadəyə xəbərdarlıq etdi. O da öz növbəsində məhkəməyə etirazını bildirdi: “Məhkəmənin əvvəlində dedim ki, ağrıdan dayana bilmirəm. Həkim gəlib iynə vursaydı, sonra məhkəməyə çıxsaydım, dünya dağılmayacaqdı ki?”
Vəsatətlərdən biri də işin ibtidai istintaqa qaytarılması haqda idi. Vəsatət belə əsaslandırılmışdı ki, Zaur Qurbanlının vəkili Aslan Ismayılova iş materialları ilə tanış olmağa imkan verilməyib. Qanuna görə, bu hal işin ibtidai istintaqa qaytarılması üçün əsasdır. Bu vəsatətin də təmin olunmamasını istəyən prokuror fikrini əsaslandırarkən dedi ki, Aslan Ismayılova işlə tanış olmaq imkanı yaradılıb, sadəcə, müəyyən edilən 4 gündə o, gəlməyib.
Aslan Ismayılov prokurorun bu fikrinə etiraz etdi. Bu zaman hakim ona danışmağa imkan vermədi:
– Otur aşağı.
– Bu nə məhkəmə aparmaq qaydasıdır? “Oturun aşağı”, “oturun aşağı”… Bura məhkəmədir, yoxsa küçədir?
– Çıxarın bayıra…
– Gedib o barmağını evində silkələyərsən…
Aslan Ismayılov məhkəmə zalını tərk elədi.
Daha sonra hakim işin məhkəmə baxışına verilməsi barədə tərəflərin fikrini öyrəndi. Vəkillərdən Fariz Namazlı bildirdi ki, onlar bu cinayət işinə xitam verilməsini tələb edirlərsə, bu şəkildə məhkəmə baxışına verilməsinə necə tərəfdar ola bilərlər?
Xalid Bağırov da Ilkin Rüstəmzadənin üzərində xuliqanlıq ittihamı ilə işin məhkəmə baxışına verilməsinin mümkünsüzlüyünü bildirdi. Dedi ki, prokuror Ilkinin azadlığa buraxılması, xuliqanlıq ittihamına xitam verilməsi haqda vəsatətlərə qarşı çıxsa da, fikrini əsaslandırmadı.
Bu yerdə hakimlə vəkil arasında polemika yaşandı.
Hakim:
– Prokuror savadı, qabiliyyəti çatan qədər bu məsələyə münasibət bildirib.
– Demək istəyirsiz ki, prokurorun savadı çatmır?
– Mən elə söz demirəm. Indi biz neyləməliyik? Bir məsələ ilə bağlı bütün günü müzakirə açmalıyıq?
Vəkil Cavad Cavadlı gənclərin qəfəsdən çıxarılmasının əleyhinə olan prokurorun dediklərinə münasibət bildirdi: “Prokuror deyir ki, qəfəsdə saxlanma ləyaqəti alçaldan rəftar deyil. Biz isə bu vəsatəti verərkən təkcə pis rəftarı yox, həm də məhkəmədə tərəflərin bərabərliyi məsələsini əsas gətirmişik. Tərəflərə eyni imkan yaradılmalıdır”.
Digər vəkil Elton Quliyev məhkəmədən heç olmasa, əlavə şahidlərin dindirilməsilə bağlı vəsatətin təmin olunmasını istədi: “Prokurorun dediklərinin heç olmasa, biri ilə razılaşmayın”.
Bu zaman məhkəmə zalında işıqlar söndü. Axşam saat 6 radələri olduğundan zal tamamilə qaranlıq oldu və orada göz-gözü görmürdü. Buna baxmayaraq, proses davam etdirildi.
Zaur Qurbanlı qəfəsdə saxlanılmalarına münasibət bildirdi: “Bayaq dəmir barmaqlıqdan vəkilimə vermək istədiyim kağızı məhkəmə nəzarətçisi aldı, oxudu. Dedim ki, vəkilimə ver, vermədi. Dedi, hakimə verəcəm. Məhkəmənin əsas prinsipi çəkişmədir. Çəkişmədə də bərabərlik olmalıdır. Bu necə bərabərlikdir ki, bizi ittiham edən tərəf oturub orada, biz isə dəmir barmaqlıqlar arxasında?”
Zaur Qurbanlı həmçinin vəkili Aslan Ismayılovla bağlı məsələyə də münasibət bildirdi: “Prokurorun burada dedikləri həqiqətə uyğun deyil. Aslan Ismayılova iş materialları ilə tanış olmağa imkan verilməyib”.
Ilkin Rüstəmzadə də prokurorun çıxışına etiraz etdi. Prokuror bildirmişdi ki, Ilkinin əxlaqsız hərəkətlərlə xuliqanlıq etdiyi barədə etiraf xarakterli ifadəsi və yazışmaları var. Ilkin Rüstəmzadə prokurorun bu haqda dediyinin həqiqətə uyğun olmadığını bildirdi: “Prokuror olmayan şeyləri danışır. Mənə hələ də çatmır ki, niyə xulqanlıq maddəsi üzrə ittiham olunuram? O videonu çəkən deyir, mən çəkmişəm. Internetə yerləşdirən deyir, mən yerləşdirmişəm. Bəs onda məni niyə tutmusuz? Kütləvi iğtişaş, silah-sursat ittihamı ilə bağlı mənə qarşı nə bir ifadə, nə də sübut var. Istintaqın axırında dedilər ki, buna da 228 və 29.220-ci maddələr verilməlidir”.
Prosesin gərgin polemika şəraitində keçdiyini görən hakim qəfil müşavirəyə getdi. Az sonra elan olundu ki, məhkəmə prosesi bu günə qədər təxirə salınıb.
Xatırladaq ki, məhkəmə qarşısına çıxarılan gənclərə qarşı iğtişaş törətməyə cəhd, silah-sursat saxlama, narkotik kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bu ittihamların saxta olduğunu bəyan edərək, həbs olunan gəncləri “vicdan məhbusu” elan edib.
Aytən Məmmədova