Əvvəldən hər şey aydın idi. Məlum idi ki, NATO, eləcə də digər güc mərkəzi sayılan dövlətlər M.Qəzzafini devirmək fürsətini əldən verməyəcəklər və bu ölkəyə hərbi müdaxilə edəcəklər. Hələ prosesin lap başlanğıcında bir qəzetə müsahibə verərkən demişdim ki, M.Qəzzafini də S.Hüseynin taleyi gözləyir, çünki özünün dinc vətəndaşlarına qarşı nizami ordudan, aviasiya da daxil olmaqla ən müasir hərbi texnikadan istifadə edən diktator cavabını almalı idi. Mən bu sətirləri yazanda proses davam edirdi. Ona hər an nöqtə qoyula bilər, təbii ki, bu nöqtə ancaq Qəzzafinin tam məğlubiyyəti ola bilər.
Itirilmiş günah hissi
Bu günlərdə bir fikir adamının maraqlı tezisinə rast gəldim. O deyirdi ki, son illərin ən pis cəhəti günah hissinin itirilməsidir… Diktaturalarda bu problem daha qabarıq yaşanır. Bu rejimlərin yuxarı elitasında günah hissi olmur və hər şey icazəli hesab edilir. Çox maraqlıdır. Əks tezisə mən bir dəfə V.Putin cənablarının çıxışında da rast gəlmişdim. O deyirdi ki, bizlərə günah hissini aşılamaq istəyirlər və biz bu hissdən qaçmalıyıq! Bəli, günah hissi müəyyən mənada tərəddüdə yol açır, insan bir əməli etməmişdən qabaq onun mənası və mahiyyəti haqda düşünür, özünün nə qədər haqlı-haqsız olduğunu bir anlığa götür-qoy edir. Təbii ki, belə “yumruqlar” diktaturalara və diktator zümrəsinə lazım deyil, onlara heç bir vicdan əzabı çəkmədən vuran, əzə bilən “yumruqlar” lazımdır. M.Qəzzafi indi nə düşünür? O öz vicdanının səsini 40 il bundan əvvəl batırıb, yoxdur belə səs! Qəlbində bir sükut var. Bu sükutu ancaq onun “eqo”sunun monoton çağırışları pozur: “Öldür, əmr verəndə qoy əllərin, səsin titrəməsin, çünki sən haqlısan, sən onlardan biri deyilsən, sən onları idarə etmək üçün yaranmısan, onlar həmişə sənə minnətdar və it kimi sadiq olmalıdırlar, onlar əhdi pozublar, sənə qarşı qiyam ediblər, öldür və zərrə qədər də olsa vicdan əzabı çəkmə!”. O da öldürməkdə davam edir.
Düzdür, burada başqa bir detal da var. Bəziləri, Liviyaya hərbi müdaxiləni düzgün saymırlar. Amma başqa nə etmək olardı? Nəinki reallıq hissini, hətta bəlkə ağlını itirmiş bir despot insanları qırır, hakimiyyətdən getmək və ya islahat aparmaq istəmir! Belə halda hərbi müdaxilədən savayı başqa bir addım atmaq olardımı? Bu bəlkə də ən ideal variant deyildi, amma mümkün variantların ən düzgünü idi.
Ərəb ölkələri yenə biri-birinə dəydi
Suriya, Yəmən… Hamısı təzədən qarışıb. Bu Yəmən prezidenti lap qəribə bir adam imiş. Bir az sıxışdıran tək qayıdır ki, hakimiyyətdən getməyə hazıram. Amma nə vaxt? Ilin axırında!.. Heç dəxli var?! Indi getsən, guya dünya taran olacaq?.. Bu zəncirdə ən maraqlı həlqələrdən biri də Suriyadır. Suriya həm hərbi baxımdan güclü dövlətdir (bəzi ərəb rejimləri ilə müqayisədə), həm də canlı antidemokratiya presedentidir. Varis planlarından biri bu ölkədə baş tutdu, B.Əsəd atasından sonra prezident oldu. Indi fikrimizcə, neomonarx üsul-idarəsinə zərbə vurulur, despotları bu tendensiyadan çəkindirməyə cəhd göstərilir. Bəli, əsl dərsdir. Təbii ki, dərs götürənlər üçün.
Putin yenə də aləmi qarışdırdı
Bu qovğada təkcə M.Qəzzafinin başı ağrımadı, D.Medvedev də azacıq da olsa narahat anlar yaşadı. Səbəb də heç cür baş nazir statusuna sığmayan V.Putin oldu. BMT-də Rusiya bitərəf qaldı. Bundan sonra Medvedev bir söz, Putin isə tamam başqa söz dedi. Amma Medvedev nə etməli idi ki? Hə, prinsipcə, Rusiya veto hüququndan istifadə edə bilərdi. Amma etmədi. Çox da düzgün etdi. Bir də son on ildə Rusiya nə vaxt ABŞ-ın iradəsinin ziddinə gedib?.. Bəli, Medvedev düzgün addım atdı. Nə vaxta qədər Rusiya Liviya, Şimali Koreya və s. rejimlərin himayəçisi rolunda çıxış edəcək? Artıq bu rol cazibəsini itirib, nəinki alqışlar və dəstək, əksinə utanc gətirir…
Kiçik sözardı
Bəli, adam var ki, ancaq yumruq tanıyır. M.Qəzzafi də belələrindəndir. Qırx il söz dedilər, anlamadı, axırda yumruq göstərdilər. Görən, diktatorlara bir-bir yurmuq göstərmək lazımdır, yoxsa birinə göstərmək kifayətdir ki, hamı üçün dərs olsun?