Qərb ölkələrini söyərək NATO-nu fəallaşmağa çağırmağın nəticələri barədə…
Parlamentin vitse-spikeri Ziyafət Əsgərov yenidən qəzəblənib. Ötən günlərdə mediaya açıqlamasında deyib ki, NATO Qarabağ probleminin həlli məsələsində kənarda dayanmamalıdır. Onun bu fikri daha çox “qarşı tərəfi ittiham etməklə suyu bulandırmaq cəhdi” kimi qiymətləndirilə bilər. Ona görə ki, hazırkı durumda Azərbaycan hökumətinin NATO-nu Qarabağ münaqişəsinin həllində aktivliyə çağırması anlaşılan deyil. Görünür, Ilham Əliyevin sözçüsü funksiyasını yerinə yetirən Ziyafət Əsgərov unudur ki, NATO da Yer planetində yerləşir və konkret ölkələrin şəxslərinin iradəsilə fəaliyyət göstərən bir təşkilatdır.
Azərbaycan hakimiyyəti isə bütün dünyaya müharibə elan edib, hamını əxlaqsızlıqda, məişət pozğunluğunda ittiham edəndən sonra onların assosiativ təşkilatından yardım istəyir. Daha doğrusu, fəal mövqe…
ABŞ-la düşməniksə…
Əlbəttə, biz ABŞ-la münasibətlərimizi gözdən keçirib NATO-ya olan iradlarımızı korrektə etməliyik. NATO-nun ən aparıcı ölkəsi ABŞ-dır və Azərbaycanda bu ölkəyə qarşı rəsmi düşmənçilik mövqeyi var. Rəsmi mətbuatda və hakimiyyət təmsilçilərinin, tərəfdarlarının ritorikalarında aydın şəkildə bu düşmənçilik ifadə olunur. Baxmayaraq ki, NATO dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və Ermənistanı da buna hörmət etməyə çağırıb… Azərbaycan hökuməti isə bütün bunları görməzdən gəlib və sadəcə, ABŞ-a öz kürsüsünə təhlükə mənbəyi kimi baxıb. Indi isə sadəcə, daxili ictimai rəyi yönləndirmək üçün belə saxta vətənpərvərlik nümayiş etdirir.
İngilis barmağını sındıranlar…
Üstündən heç on gün ötməyib – “Azərbaycan” qəzetində Ingiltərə dövlətinin daşı daş üstündə qalmamışdı. Ingiltərənin bütün dövlət adamlarını – müqəddəslərindən nökərlərinə kimi hər kəsi təhqir etməmişdimi Azərbaycan hakimiyyəti?
Ingiltərə NATO-nun ikinci böyük dövlətidir. Azərbaycan hökumətinin bu ölkə ilə münasibətləri bu cür mənəvi-psixoloji gərginlik içərisində olduğu halda, NATO fəallaşsa nə etməlidir? Yoxsa, bütün bu söyüş və təhqirlərdən sonra sizə kömək etməlidirlər?!
Türkiyə ilə yalançı qardaşlıq
ABŞ diplomatlarının “WikiLeaks”də yayılan teleqramları sayəsində Ilham Əliyevin bir sıra gizli söhbətlərinin də üstü açıldı. Ilham Əliyev ABŞ diplomatlarıyla söhbətlərinin birində açıq şəkildə demişdi ki, Türkiyənin bölgədə enerji mərkəzi olmasını istəmir. Ona görə də qazı Rusiyaya satır. Türkiyə isə NATO-nun ən güclü üçüncüsüdür…
Yeri gəlmişkən, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da bir müddət öncə demişdi ki, “bizim üçün Türkiyə sadəcə, NATO ölkəsidir”.
Indi Ziyafət Əsgərov bilmirmi ki, NATO səhərdən axşama kimi küçə söyüşlərilə təhqir etdikləri bu ölkələrdən, onların diplomat və hərbçilərindən ibarətdir? Bu münasibətlərlə NATO-nu fəallaşmağa çağırmaq sadəcə, Ermənistana dəstək məqsədi güdmüş olmasın?! Çünki bu münasibətlər sistemində NATO-dan bizə hər hansı dəstək olacağı heç inandırıcı deyil.
Seymur Həzi