O, ölümündən bir saat əvvəl qardaşı ilə danışıbmış
Martın 20-də Azərbaycan kriminal aləminin xaç atası, bu aləmdə “Masallı Mamed” kimi tanınan Məmməd Isgəndər oğlu Hüseynov 1 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi. Gələn xəbərlərə görə, dustaqlar həmin gün bayram tədbirinə hazırlaşırmışlar. Saat təxminən 12 radələrində Mamedin halı qəfil pisləşib. Onu Penitensiar Xidmətin xəstəxanasına çatdırıblar. Həkimlər nə qədər çalışsalar da, irəliləyişə nail ola bilməyiblər. Bundan sonra qərara gəlinib ki, Mamedi Mərkəzi Klinik Xəstəxanaya çatdırsınlar. Amma artıq gec olub, onun həyatını xilas etmək mümkün olmayıb.
“Masallı Mamed”in ölüm səbəbi kimi rəsmi diaqnoz beyninə qan sızması göstərilib. Yaxınları hələlik hər hansı qəsd versiyası barədə iddia irəli sürməyib. Lakin o da məlum olub ki, “qanuni oğru” ölümündən bir gün əvvəl və öldüyü gün yaxınları ilə telefonla danışıb, onlarla bayramlaşıb. Son olaraq ölümündən bir neçə saat əvvəl, 20 mart, saat 11 radələrində qardaşı ilə danışıb. Rəsmi versiyaya görə, o, şəkər xəstəliyindən və qara ciyər serrozundan əziyyət çəkirmiş. Xatırladaq ki, mətbuatda bir neçə dəfə həbsxanada onun ölüm ayağında olması ilə bağlı xəbərlər gedib. O zaman mərhumun yaxınları bildirmişdilər ki, “qanuni oğru” xəstə-filan deyil, bu xəbəri qəsdən yayırlar və bunun arxasında ona sui-qəsd niyyəti dayana bilər.
Masallıda fövqəladə vəziyyət
Mərhumun nəşi martın 20-dən 21-ə keçən gecə yaxınlarına verilib. Bundan sonra böyük bir kortejin müşayiəti ilə onun meyiti doğulduğu Masallı şəhərinə gətirilib. Mamedin ölümündən xəbər tutan kimi yüzlərlə adam onun ata yurduna axışıb. Evin yerləşdiyi Füzuli küçəsini isə tezliklə polis mühasirəyə alıb. Polislər heç bir maneə törətməsələr də gecə və bütün gün ərzində ərazidə olublar. Rayon polisi dəfndə dünyanın bir çox ölkələrindən tanınmış “qanuni oğru”ların Masallıya gələcəyini ehtimal edərək təhlükəsizlik tədbirlərini gücləndiriblər. Hətta belə bir məlumat da var ki, səhər saatlarından etibarən rayonun əsas mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Elə də olub. Səhər tezdən rayon mərkəzinin Heydər Əliyev prospektində, ümumiyyətlə, hərəkətə qadağa qoyulub. Füzuli küçəsində “Masallı Mamed”in doğulduğu ata evinin qarşısında uzunluğu 150 metrə yaxın yas çadırı qurulub. Gələn qonaqların sayı isə kifayət qədər çox olub. 21-i səhər tezdən Rusiya və digər MDB dövlətlərindən də yas məclisinə baş çəkmək üçün gəlməyə başlayıblar. Onların arasında tanınmış şəxslərin olub-olmadığı dəqiqləşdirilməyib. Lakin güman edilir ki, gələnlər arasında tanınmış avtoritetlər də var.
Həmin gün məlumat yayılıb ki, rayon Polis Şöbəsi qonşu rayonlardan da əlavə qüvvə istəyib. Polis şöbəsinin rəisi Əkbər Yusifov öz işçilərinə tapşırıb ki, istənilən halda Masallıda hər hansı bir “ÇP” qeydə alınmamalıdır.
Bundan başqa, “Masallı Mamed”in dünyasını dəyişməsi ilə əlaqədar rayonunun mərkəzi küçələrinə qırmızı qərənfillər düzülüb.
Həmin gün günorta saat 14 radələrində minlərlə insanın müşayiəti ilə Mamed şəhər qəbiristanlığına aparılıb. Bu vaxt Masallıda görünməmiş izdiham yaranıb. Ətraf qərənfil yağışına bürünüb. Şəhərin mərkəzi küçələri, mərhumun evindən qəbiristanlığa aparan bütün yollar al rəngə boyanıb. Qəbiristanlığa doğru insan axınının ard-arası kəsilməyib. Saat 15 radələrində mərhum torpağa tapşırılandan sonra insan seli Mamedin ata evinə axışmağa başlayıb. Yas çadırı insanları tutmadığından adamlar onun ətrafına, yaxın ərazilərə yığışıblar. Adətən, üç nəfərin bir yerə yığışdığını görən kimi “dağıl” əmri verən polis bu dəfə özünü sakit aparıb.
Mamedin ömür yolu
Mərhum Mamedin keçdiyi ömür yolu həm keşməkeşli, həm də əzablı olub. Amma o, tutduğu yola və ideyaya həmişə sadiqliyi ilə seçilib. Məmməd Isgəndər oğlu Hüseynov 1960-cı ildə Masallı şəhərində anadan olub. Atası Isgəndər kişi rayonun imkanlı kişilərindən, mağaza müdiri olub. Böyük bir parça mağazasının müdiri olan Isgəndər kişinin evində Məmməddən başqa daha dörd qardaş və iki bacı böyüyüb. Mərhum evin böyüyü olub. Uşaqlıqda çox davakar imiş. Özündən yaşlılarla belə dalaşmaqdan çəkinmirmiş. Məhz bu səbəbdən 10 illik təhsil dövründə bir neçə məktəb dəyişməli olub.
“Sentral”da “polojeniya”…
Məmməd Hüseynov ilk cinayətini 1978-ci ildə törədib. Bəzilərinin dediyinə görə, Azərbaycan Xalq Təsərrüfatı Institutuna imtahan verib Masallıya qayıdan Məmməd rayona getdiyi “Ikarus” markalı avtobusda cavan qıza sataşan bir nəfərlə mübahisə edib. Qıza qarşı təhqirlərə yol verən həmin şəxsi bıçaqlayan Məmməd həbs edilib. Amma onu yaxından tanıyanların dediyinə görə, 1978-ci ildə, 18 yaşı təzəcə tamam olmuş Məmməd Masallıda milis işçisini vurub. Məhkəmə onu bir neçə il müddətinə azadlıqdan məhrum edib və cəzasını çəkmək üçün Şuşada yerləşən qapalı tipli həbsxanaya göndərib. Burada Mamed ikinci cinayətini törədib. “Işverən” dustaqlardan birini öldürüb. Həmin vaxt, sən demə, ona güllələnmə cəzası da verə bilərmişlər. Deyilənə görə, imkanlı atası bütün vasitələrdən istifadə edib, oğlunu ən ağır cəzadan xilas edə bilir.
Mamed növbəti cəzasını Qroznıda çəkir. Orada “dağlı Cavanşir”lə tanış olur.
SSRI-nin süqutuna yaxın, 1990-cı ildə azadlığa çıxan Mamed Rusiyaya gedir. Burada isə onu tamam başqa macəralar gözləyəcəkdi. Amma artıq Masallılı bu cavan özünü tanıtdıra bilmişdi. 90-cı illərin əvvəllərində o, hələ “qanuni oğru” olmasa da, kriminal aləmdə “yaxşı oğlanlar”dan biri, nüfuz sahibi kimi tanınırdı.
1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Mamed cəzasını Vladimir şəhərindəki “Sentral” adlı müvəqqəti saxlama təcridxanasında çəkməli olur. Məhz “Sentral”da yatarkən diqqət çəkməyə başlayır. Belə ki, bu təcridxanada indiyədək “oğru qanunları” işləmirmiş. Mamedin səyləri nəticəsində tezliklə burada “polojeniya” yaradılır. Məhz bu xidməti sonradan onun “qanuni oğru” adı almasına səbəb olur.
Çox keçmir ki, Mamed azadlığa çıxır. Amma məşhur “Matrosskaya tişina”dan. Çünki onu məhz “Sentral”dan “Matrosskaya tişina”ya göndərmişdilər.
“Qanuni oğru” adını isə, o, 1995-ci ildə alır. Həmin il Sabirabadda böyük toy məclisi olacaqdı… “O dövrün ən nüfuzlu ”qanuni oğrularından” olan Sabirabadlı Hikmətin toyuna Rusiyadan, Gürcüstandan belə nüfuzlu “oğru”lar yığışmışdı. Həmin vaxt mərhum Lotu Bəxtiyar təklif edir ki, məhz Hikmətin toyu günü həm Mamedi, həm də dağlı Cavanşiri “korenavat” edib “qanuni oğru” adı verilsin. Təklifi bütün “qardaşlar” qəbul edir. Amma Cavanşir “böyük qardaş” Bəxtiyara deyir ki, əvvəlcə adı Mamedə versinlər. Çünki o, onun üçün böyük qardaşdır. Bəxtiyar razılaşır. Toydan bir neçə gün sonra Bakıda əvvəl Mamed, sonra isə Cavanşir “qanuni oğru” adı alır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, Hikmət, Mirseymur, Çingiz kimi “qanuni oğrular” da iştirak edir. Heç iki gün keçmir ki, iki azərbaycanlı “qanuni oğru”nun “korenavat” olması barədə xəbər Bakıdan tutmuş Vladivostoka kimi bütün cəzaçəkmə müəssisələrinə yayılır”.
İcra başçısının oğlunun xilası
Masallı Mamed Azərbaycana nadir hallarda gəlirdi. Amma vətənlə əlaqələrini də itirmirdi. Məsələn, onun 90-cı illərin ortalarında Lənkəran Rayon Icra Hakimiyyətinin başçısı Dilrubə Camalovanın oğurlanan oğlunun azad edilməsində köməkçi olması barədə də söz-söhbət gəzir. Deyilənə görə, D.Camalova hüquq-mühafizə orqanlarının bu işdə aciz olduğunu başa düşdükdən sonra kömək üçün məhz “Masallı Mamed”ə müraciət edib. Mamedin köməkliyindən sonra Camalovanın oğlu sağ-salamat geri qaytarılıb.
O vaxtdan bəri Rusiyada yaşayan “Masallı Mamed” 2006-cı ildə Sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlib. Amma, deyilənə görə, o zaman Moskvadan dəfnə gələn kriminal avtoritetlərə mərhum Hikmətin 7 mərasimini gözləməyə də imkan verilməyib. Həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması gündəmə gətirilib.
Rusiyada məskunlaşan Azərbaycan kriminal qruplaşma arasında Hikmətin ölümündən sonra çat yaranır. Bu vaxt məhz Mamed böyük qardaş funksiyasını üzərinə götürərək onları toparlaya bilir. Bundan başqa, o, digər milli kriminal qruplaşmalarla da münasibətləri düzəldə bilib.
2006-cı ildə Azərbaycan Daxili Işlər Nazirliyi (DIN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Masallı Mamed” yenidən həbs edilir. M.Hüseynovun üzərindən “Makarov” tipli tapança çıxır və o, üç il müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.
“Yaponçik”lə əlaqə
Cəzasını çəkəndən sonra yenidən Rusiyaya qayıdır. Çox keçmir ki, Rusiya kriminalitetinin “xaç atalarından” sayılan “Yaponçik” – Vyaçeslav Ivankov güllələnir. Dəfndə iştirak edən Mamed onun məzarına “Ot Azerbaydjanskoy bratvı” adından çələng də qoyur. Dəfndən bir gün sonra Azərbaycan kriminal qruplaşmasının lideri kimi “Ded Xasan”ın başçılığı ilə keçirilən toplantıya qatılır. Həmin vaxt Rusiya hüquq-mühafizə orqanlarının kriminalitetə basqısı və bundan sonra Moskvada milli qruplaşmalar arasında müharibəyə son qoyulması müzakirə olunur.
Burda bir məqama xüsusi diqqət çəkmək lazımdır. Söhbət “Yaponçik”lə münasibətdən gedir. Rusiya mətbuatının yazdığına inansaq, 90-cı illərin əvvəllərində “Yaponçik” azərbaycanlı və gürcü qruplaşmalarla əlaqə yaradaraq Sergey Timofeyevə (məşhur “Silvestr”) qarşı birləşir. “Yaponçik”i Assuriya qruplaşması da dəstəkləyirdi. Olduqca amansız olan Silvestr hər anda Ivankovdan qisas almaq istəyirmiş. Bu fakt olduqca maraqlıdır. 90-cı illərin əvvəllərində Bakıda, bəli, məhz Bakıda “Yaponçik”in assur həyat yoldaşından olan Ada adlı qızı və nəvələri yaşayırmış. “Yaponçik” onların həyatına təhlükədən xəbər tutan kimi azərbaycanlılarla əlaqə saxlayır. Məhz Mamedin və adı bəlli olmayan daha iki nəfərin köməkliyi ilə Ada və iki övladı gizli şəkildə Bakıdan çıxarılır və Odessaya aparılır…
Mamed sonuncu dəfə 2009-cu ildə yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gəlir. Amma çox keçməmiş o, narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayondaca saxlanılır. Ötən ilin sentyabrında isə 3 il müddətinə azadlıqdan məhrum edilir. Üstündən 6 ay keçməmiş isə 51 yaşında 1 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişir.
Dünən bu yazını bitirəndə aldığımız məlumata görə, Bakının və ümumiyyətlə, Azərbaycanın bütün cəzaçəkmə müəssisələrində Masallı Mamed üçün ehsan mərasimləri keçirilib. “Bratva” Azərbaycanın tanınmış heykəltəraşlarından biri ilə onun qəbirüstü abidəsini hazırlamaq barədə danışıqlar aparıb və müsbət cavab alıb.
“Azadlıq”