Milli Məclisin Regional komitəsinin sədri Arif Rəhimzadənin “JEK”lər barədə açıqlaması Bakı və digər iri şəhərlərin icra başçılarının narahatlığına səbəb olub. Xatırladaq ki, Arif Rəhimzadə Şəhərsalma və Tikinti Məcəlləsi haqqında danışarkən orada “JEK”lər barədə heç bir qeydin olmaması bu qurumların gec-tez ləğv ediləcəyi ilə bağlıdır.
“Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada Mənzil Istismar sahələri (”JEK”lər) haqqında bir kəlmə də qeyd edilməyib. Gec-tez “JEK”lər aradan çıxacaq”. O qeyd edib ki, hələlik bölgü aparılmadığı üçün müəyyən funksiyalar “JEK”ə həvalə olunub, müəyyən məsələlərlə bələdiyyələr məşğul olur.”Buna görə də ikitirəlik yaranıb. Bu prosesin nə vaxta qədər davam edəcəyini deyə bilmərəm. Amma yerli özünü idarəetmə müəssisələri gələcəkdə mütləq problemlərini özləri həll edəcək”.
“JEK”lərin evlərdə təmizlik, təmir işlərinə baxdığı, müəyyən sənədlər verdiyini deyən komitə sədri bildirib ki, yaxın vaxtlarda onların fəaliyyəti məhdudlaşdırılacaq.
“Müəyyən sənədlərin verilməsi yaxın vaxtlarda rayonların tabeleyindəki icra nümayəndəliklərinə veriləcək ki, bununla da ”JEK”lərin fəaliyyəti məhdudlaşacaq”.
Redaksiyamıza daxil olan məlumatlara görə, Bakı və digər iri şəhərlərin icra başçıları bu açıqlamanı özlərinə zərbə hesab edirlər. Çünki “JEK”lərin ləğvi onların maraqlarına uyğun deyil. Bu qurumlar icra başçıları üçün bir növ gəlir mənbəyidir.
Məlumatda bildirilir ki, icra başçıları bu məsələnin gündəmdən çıxarılmasını istəyirlər.