Zahid Oruc: «Rusiya Azərbaycanı hansısa siyasi planlarına qoşmaq üçün Qarabağdan təzyiq aləti kimi istifadə edir»
“Rusiya Dağlıq Qarabağ konfliktilə bağlı xüsusi plan hazırlayır. Bu plan Dağlıq Qarabağın əvvəllər fəaliyyət göstərmiş Arkadi Volski komitəsi kimi yeni bir qurumun yenidən gündəmə gətirilməsilə ola bilər”.
Bunu “Azadlıq”a açıqlamasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, artıq buna oxşar planlar Rusiya prezidenti Vladimir Putinə yaxın olan çevrələr tərəfindən işlənir. Plan isə ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağda idarəetməni itirdikdə və əldə saxlaya bilmədikdə Rusiya prosesin məsuliyyətini bütövlükdə üzərinə götürmək adı altında öz niyyətini həyata keçirə bilər: “Mümkündür ki, 2014-cü ildə ATƏT-in Minsk Qrupunda Rusiya çox da fəallıq göstərməsin. Medvedevin təşəbbüsü ilə keçən danışıqlar Kazan zirvə toplatısında tamamilə iflasa uğradı. Bəlli oldu ki, tərəfləri Rusiya planı ilə sülh müqaviləsinə razı salmaq mümkün olmayacaq. Ehtimal etmək olar ki, həmin müqavilələrlə Kremlin maraqları üstün götürülüb və Azərbaycan tərəfi də bunu məqbul saymayıb”.
Qərbin Qarabağla təşəbbüskar mövqeyinin görünmədiyini deyən Zahid Orucun fikrincə, bu fonda Rusiya Qarabağla bağlı müəyyən məsələləri təkbaşına apara bilər: “Ortada Arkadi Volski nümunəsi qalıb. 1991-ci ilin əvvəllərində Rusiyanın birbaşa Qarabağa idarəçiliyini təmin etmək üçün həmin model seçildi. Azərbaycanın Qarabağdan əlini çəkməsi, həmin ərazinin ermənilərə verilməsi üçün proses xeyli müddət məhz bunun sayəsində getdi”.
Deputat istisna etmir ki, Rusiya “Gülüstan”, “Türkmənçay” müqavilələri üzərində manipulyasiya edərək, məsələni bir az da dərinləşdirə bilər. Konkret olaraq, prosesə elm ictimaiyyətini, tarixçiləri qoşaraq, Azərbaycana müəyyən siqnallar verə bilər: “O siqnalı ki, Qarabağa münasibətdə biz Osetiya, Abxaziyaya bərabər müstəqillik kartını işlətmirik, ancaq bizim əlimizdədir. Yəni, Azərbaycanın onların hansısa siyasi planlarına, layihələrinə, strateji bəlli ittifaq modellərinə qoşulması üçün Qarabağdan mühüm bir təzyiq aləti kimi istifadə edirlər”.
Ramin DEKO