Səfir Rusiyada döyülən azərbaycanlının ailəsi ilə görüşdü
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva vilayətinin Zelenoqrad şəhərində rus millətçisi tərəfindən vəhşicəsinə döyülən 14 yaşlı Rövşən Kazımovun anası Ağgün Kazımova ilə görüşüb. Səfirlikdə baş tutan görüş zamanı hadisə günü avtobusda olan sərnişinə və Rövşən Kazımova yardım edən yeganə şəxs Tatyana Aqofonova da iştirak edib. Polad Bülbüloğlu bütün azərbaycanlılar adından Tatyana Aqofonovaya göstərdiyi cəsarətə görə təşəkkürünü bildirib: “Əgər bütün insanlar bir-birilərinə qarşı belə hörmətlə və diqqətlə yanaşsaydılar, bu cür hadisələr baş verməzdi. Təəssüflər olsun ki, biz bu gün hələ də milli zəmində baş verən konfliktlərin şahidi oluruq. Bu böyük xoşbəxtlikdir ki, Rusiyada sizin kimi haqqı və ədaləti dəstəkləyən cəsarətli qadınlar var”.
Rövşən Kazımova vəkil tutulub
Səfir Rövşən Kazımovun işləri ilə məşğul olacaq vəkilin artıq tutulduğunu söyləyib. Onun sözlərinə görə, baş vermiş məlum hadisə qanun çərçivəsində öz həllini tapmalıdır: “Biz 200 ildən çoxdur ki, bir yerdə yaşayırıq. Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti intellektual əməklə məşğul olur. Onlar arasında tanınmış həkimlər, professorlar, elm adamları var. Bütün bu şəxslər Rusiyanın xeyrinə çalışırlar”. Diplomat yeniyetmənin anası Ağgün Kazımovaya baş vermiş hadisənin Azərbaycanın Daxili Işlər Nazirliyinin nəzarətində olduğunu, səfirlik tərəfindən bütün yardımların ediləcəyini söyləyib. A.Kazımova Polad Bülbüloğluna Azərbaycanın Rusiyadakı səfirliyi adından Morozovski xəstəxanasında müalicə alan oğluna göstərdiyi yardım və dəstəyə görə təşəkkürünü bildirib.
Tatyana Aqofonova isə hadisəyə etinasız yanaşa bilmədiyini bildirib: “Mən oğlanı görən kimi bildim ki, o tərbiyəli ev uşağıdır. O, çox səliqəli və təmiz görünürdü. Bundan başqa onun əlil olduğu da nəzərə çarpırdı. Bu hadisə zamanı mən soyuqqanlı davrana bilməzdim. Əminəm ki, mənim yerimdə olan hər hansı bir normal insan da bu cür addım atardı”.
Görüşdə Rövşən Kazımovun işi ilə məşğul olacaq vəkil kontorunun nümayəndələri də iştirak ediblər. Səfir onlara baş vermiş hadisənin Rusiya prezidenti yanında uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi, uşaq ombudsmanı Pavel Astaxovun diqqətində olduğunu bildirib. Səfirin sözlərinə görə, P. Astaxovun adından Rusiyanın baş prokuroru Yuri Çaykaya və daxili işlər naziri Vladimir Kolokoltsevə məlum hadisə ilə bağlı müraciət ünvanlanıb(APA).ÿ
“Domodedovo”da azərbaycanlılara qarşı təhqir
Moskvanın “Domodedovo” hava limanında Bakı-Moskva reysindən düşən sərnişinlərə qarşı qeyri-qanuni hərəkətlər edilib(milli.az). 40 nəfər azərbaycanlını hava limanının 30 kvadrat metr sahəsi olan bir otağına salaraq gözlədiblər. Həmin azərbaycanlıların görüntüləri “Youtube”da yerləşdirilib. Videonu yayanlar deyirlər ki, hazırda Rusiyada azərbaycanlıların vəziyyəti faşist Almaniyasındakı yəhudilərin vəziyyəti ilə müqayisə olunacaq dərəcədə pisdir. Hər addımda müxtəlif bəhanələrlə təzyiqlər olunur. Insanlar qeyri-qanuni şəkildə deportasiya edilirlər. Videonu paylaşan şəxslər Moskvaya getməyi planlaşdıran vətəndaşlarımıza bəzi məsləhətlər də veriblər ki, təhqiramiz hallarla qarşılaşmasınlar: “Azərbaycanla Rusiya sərhədini keçərkən diqqətli olun! Hazırda bu ölkədə bütün xarici vətəndaşların pasportlarını diqqətlə oxuyurlar, insanları qorxutmaq üçün nalayiq suallar verirlər. Azərbaycan vətəndaşlarını isə məxsusi olaraq daha təhqiramiz şəraitdə saxlayırlar. Sərhəd xidmətinin əməkdaşları Azərbaycan vətəndaşlarının miqrasiya kartlarını və pasportlarını yoxlamaq adı ilə toplayır. Sonra isə onları bir otağa salaraq 2 gündən 20 günə qədər heç bir səbəb göstərmədən nalayiq şərtlər altında saxlayırlar. Moskva hava limanında görsəniz ki, sərhəd xidmətinin əməkdaşı telefonla çağırır, deməli, sizi alçaltmağa hazırlaşırlar. Aşağıdakı kimi davranın: 1.Əgər sərhəd xidmətinin əməkdaşı sizin sənədinizi çağırdığı başqa şəxsə vermək istəyirsə, buna imkan verməyin 2. Sizə deyəcəklər ki, ”Sənədləri ver”. Deyin ki, öz sənədinizi heç kimə verməyə borclu deyilsiniz. 3. Desələr ki, “bizimlə gəlin”, onda cavab verin ki, durduğunuz yerdən heç yerə getmək niyyətində deyilsiniz. Ya məni Moskvaya buraxacaqsınız, ya da eyni təyyarə reysi ilə geri deportasiya edəcəksiniz. 4. Sizdən sənəd tələb edirlərsə, pasportunuzu öz əlinizdə açıq halda göstərin. 5. Əgər sizi deportasiya edirlərsə, deportasiyanın səbəbini soruşun. Deyəcəklər ki, “Rusiya Federasiyasının miqrasiya haqqında federal qanununun 27-ci maddəsinə əsasən siz deportasiya olunursunuz”. Belə halda soruşun ki, həmin qanunu hansı halda pozmusunuz”. Bu zaman bilmədiklərini, məsələni Rusiyanın Azərbaycandakı səfirliyində dəqiqləşdirə biləcəyinizi bildirəcəklər. Bu avantüraya getməyin. Əsaslı sənədlər tələb edin. Elə edin ki, sizi həmin onlarla adamın yığıldığı dar otağa salıb günlərlə saxlamasınlar. Əgər geri qayıtmalırsınızsa, mütləq elə getdiyiniz reyslə də geri qayıtmağa çalışın.
Hamilə miqrantı doğum evinə qəbul etmədilər
Vladivostokda doğum evinin əməkdaşları hamilə Özbəkistan vətəndaşını sənədləri olmadığı üçün qəbul etməkdən imtina ediblər. Doğuş sancıları başlayan qadın övladını xəstəxananın yanında dünyaya gətirməyə başlayıb. Bu barədə dərhal polisə məlumat verilib. Araşdırma aparan polis xəstəxananın xəstəni qəbul etməkdən imtina etməsinin səbəbini müəyyənləşdirib. Bəlli olub ki, qadının nə şəxsiyyətini təsdiq edən sənədi, nə də tibbi sığorta sənədi var. Polis təcili yardımın köməyi ilə qadını xəstəxanaya çatdırıb və uşaq xəstəxana dünyaya gəlib. Polisin araşdırmasının nəticələri müvafiq qərarın qəbul olunması üçün istintaq orqanına təqdim olunub.
Rusiyadakı miqrantların sayı açıqlanıb
Rusiyadakı əmək miqrantlarının sayı açıqlanıb. Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin ölkədə 6 milyona qədər xarici ölkə vətəndaşının əmək fəaliyyəti ilə məşğul olduğunu söyləyib. Maksim Topilin bu miqrantlardan 2 milyonunun leqal əmək fəaliyyəti ilə məşğul olduğunu söyləyib. 4 milyon miqrant isə ya qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olur, ya da patent əsasında çalışır. Patent sistemi Rusiyada 2010-cu ildən tətbiq olunub. Patent miqrantlara evlərdə qulluqçu, dayə kimi çalışmaq hüququ verir. Qeyd edək ki, Rusiyada qeyri-leqal əmək miqrantları ilə bağlı məsələ Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun qətlə yetirilməsindən sonra aktuallaşıb. Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalov təqsirləndirilir.
Biryulevo polisləri yenidən attestasiyadan keçəcək
Qərbi Biryulevdə baş verən hadisələrdən sonra paytaxt polisinin rəhbərliyi yenidən atestasiyadan keçə bilər(anspress). Bu barədə Rusiya Daxili Nazirliyinin Baş idarəsinin rəhbəri Anatoli Yakunin məlumat verib. O, qeyd edib ki, lı məsələ ilə barayon şöbəsinin rəisinə dəstək veriləcək: “O hər bir rəhbəri və əməkdaşını yenidən nəzərdən keçirməlidir. Ilk növbədə sahəsi üzrə səlahiyyətli şəxsləri nəzərdən keçirməlidir. Ola bilsin, elə bir addım atdıq ki, Qərbi Biryulevda yenidən atestasiya keçirdik”.
Qeyd edək ki, Yeqor Şerbakovun qətlindən sonra yerli polis bölməsinin rəhbəri Qenadiy Kaverin vəzifəsindən azad edilib.