İctimai fəallar məhkəmə binasının önünə axışdı; Cəmil Həsənli gənclərə dəstək oldu
“Azərbaycan hökuməti öz vətəndaşlarını həbs edərək, bunu alver predmetinə çevirir”
Bu ilin martından fəal gənclərə qarşı başlanan repressiyaların qurbanı olmuş “NIDA” Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlının, eləcə də “Azad Gənclik” təşkilatının üzvü Ilkin Rüstəmzadənin məhkəməsi dünən başladı. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə hakim Cavid Qurbanovun sədrliyilə baxılır.
“Bu gənclərin heç ”Molotov kokteyli” haqda təsəvvürü yoxdur”
Dünən bu məhkəmə binası hər tərəfdən polislərlə əhatə olunmuşdu. Ətrafda xeyli polis maşınları keşik çəkirdi. Məhkəmənin qarşısına təqsirləndirilən şəxslərin yaxınları, jurnalistlər, diplomatik korpusun nümayəndələrilə yanaşı, 100-dən artıq tanınmış ictimai-siyasi xadimlər, fəal gənclər də toplaşmışdı. Məhkəmə prosesini izləməyə gələnlər arasında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də var idi. O, hələ məhkəmə başlamamışdan jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, məhkəmə qarşısına çıxarılan gənclərin günahsız olduğuna əmindir: “Mən bu gənclərin doğum tarixinə baxmışam. Təsəvvür edin, doğum tarixi 1995-ci il olan adam məhkəmə qarşısında dayanıb. Günahı da odur ki, konstitusion hüququndan yararlanaraq, aksiyada iştirak edib. ”Molotov kokteyli” o qədər köhnəlmiş ittihamdır ki… O, vaxtilə PKK-nın arsenalında primitiv bir sursat olub. Bu gənclərin heç “Molotov kokteyli” haqda təsəvvürü yoxdur. Əminəm ki, ittihamı verənlər də “Molotov”un nə olduğunu bilmirlər. Sadəcə, Azərbaycanda narkotik ittihamı o qədər kütləvi xarakter alıb ki, görünür, bu uşaqları narkotika ilə şərləməyə utanıblar. Ona görə Vyaçeslav Mixayloviç Molotov yada düşüb”.
Cəmil Həsənli onu da qeyd etdi ki, Azərbaycan hakimiyyəti öz vətəndaşlarını həbs edərək, bunu beynəlxalq aləmlə siyasi alver predmetinə çevirir: “Başqa dövlətlər xarici vətəndaşı tutub saxlayır, onunla alver edir, bizimkilər isə öz vətəndaşlarını həbsxanaya salıb, demokratiya tələb edən beynəlxalq aləmlə alver predmetinə çevirir”.
Prosesi izləməyə gələnlərin məhkəmə zalına daxil olmasında ciddi narazılıq yarandı. Məhkəmə zalına sığmadığından yüzə yaxın adam prosesi izləyə bilmədi. Bu da hətta məhkəmə iclası başlayandan sonra da xeyli müddət zaldan kənarda səs-küyə səbəb oldu.
Hamısı təhsilli gənclərdir…
Hakim Cavid Hüseynov əvvəlcə gənclərin anket məlumatlarını dəqiqləşdirdi:
1. Bəxtiyar Quliyev – 1993-cü il təvəllüdlü, Bakı Peşə Litseyinin III kurs tələbəsi;
2. Şahin Novruzlu – 1995-ci il təvəllüdlü, Odlar Yurdu Universitetinin I kurs tələbəsi;
3. Məmməd Əzizov – 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi;
4. Rəşad Həsənov – 1985-ci il təvəllüdlü, Ankarada Orta Doğu Universitetinin məzunu;
5. Üzeyir Məmmədli – 1987-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu;
6. Rəşadət Axundov – 1984-cü il təvəllüdlü, Azərbaycan Dövlət Iqtisad Universitetinin (bakalavr) və Macarıstanda Mərkəzi Avropa Universitetinin (magistr) məzunu;
7. Zaur Qurbanlı – 1987-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu;
8. Ilkin Rüstəmzadə – 1992-ci il təvəllüdlü, Azərbaycan Dövlət Iqtisad Universitetinin IV kurs tələbəsi.
Gənclər dəmir barmaqlıqlardan çıxarılsın!
Bundan sonra vəkillər çoxsaylı vəsatətlər qaldırıblar. Məsələn, istintaqın istinad etdiyi sübutların bir çoxunun qanunsuz olduğunu əsas gətirərək, onların sübutlar siyahısından çıxarılmasını istədilər. Başqa bir vəsatət əlavə şahidlərin dindirilməsi haqda oldu. Vəkillərdən Rəşid Hacılı bu vəsatəti belə əsaslandırdı ki, iş materiallarında gənclərin fevralın 28-də “Venesiya” kafesində müzakirələr apararaq, əsgər Seymur Allahverdiyevin ölümü ilə əlaqədar martın 10-da aksiya keçirmək barədə müzakirələr apardığı yazılıb. Guya, həmin görüşdə Rəşad Həsənov dinc aksiyaların effekt vermədiyini deyib, iğtişaş yaratmaq təklifini irəli sürüb, Üzeyir Məmmədli də bu təklifi dəstəkləyib. Vəkilin sözlərinə görə, halbuki, əsgər Seymur Allahverdiyev fevralın 28-də axşam dünyasını dəyişib və bu barədə məlumat martın 1-də yayılıb. Belə olan halda, gənclər hələ fevralın 28-də bununla əlaqədar necə aksiya təyin edə bilərdi? Vəkil bu barədə yazılanların yalan olduğunu sübut etmək üçün dörd nəfər gənc fəalın – Turqut Qəmbər, Kənan Qasımlı və Orxan Muradlının məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət verdi.
Vəkillər həmçinin məhkəmə prosesinin audio və video yazısının aparılmasını istədilər. Rəşid Hacılı bildirdi ki, məhkəmədə baş verənlər protokola qeyd olunsa da, katibin bütün deyilənləri yazıb çatdıra bilməsi fiziki baxımdan qeyri-mümkündür. Üstəlik, audio və video yazılar gələcəkdə protokolla bağlı mübahisələrin ortaya çıxmaması üçün də vacibdir: “Əgər məhkəmə bu vəsatəti təmin etməsə, o zaman ciddi şəkildə əsaslandırmalıdır”.
Vəkillərin digər vəsatətləri hüquqlarını müdafiə etdikləri şəxslərin barəsində cinayət işinə xitam verilməsi, bu, təmin olunmasa, ən azı, həbs-qətimkan tədbirinin girov, ev dustaqlığı kimi qətimkan tədbirlərilə əvəz olunması haqda oldu.
Vəkillərdən Namiq Hacıyev bildirdi ki, kifayət qədər iri həcmli və bir neçə cilddən ibarət olan bu cinayət işi üzrə ittiham aktını oktyabrın 10-da tərtib olunub, elə həmin gün də baş prokuror onu imzalayıb. Bu isə o deməkdir ki, iş materiallarına, hətta nəzər salmadan ittiham aktı imzalanıb. Çünki bir günə bu həcmdə işi oxuyub başa çatdırmaq mümkün deyildi.
Müdafiəçilərdən Cavad Cavadlı isə təqsirləndirilən şəxslərin dəmir barmaqlıqlar arasında saxlanılmasının Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinə zidd olduğunu diqqətə çatdıraraq, onların qəfəsdən çıxarılıb vəkillərlə yanaşı əyləşməsi haqda vəsatət qaldırdı.
Hazırlıq iclasında iştirak etməyən üç vəkil isə vəsatətlərini növbəti iclasda təqdim edəcək. Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.
Xatırladaq ki, istintaq orqanı məhkəmə qarşısına çıxarılan gənclərin Bakıda kütləvi iğtişaşlar yaratmaq məqsədilə “Molotov kokteyli” adlanan maddə hazırladığını iddia edir. Gənclərdən bir neçəsinə qarşı narkotik ittihamı da verilib.
Aytən Məmmədova