Milis aksiyanın təşkilatçılarına asayişi pozmamaq xəbərdarlığı edib
Oktyabrın 10-da Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsindən sonra Rusiyada miqrantlara, xüsusən də qafqazlılara qarşı təqib və zorakılıqlar ara vermir. Rusiyada 14 yaşlı əlil azərbaycanlının avtobusda vəhşicəsinə döyülməsindən heç bir gün ötmədi ki, daha bir soydaşımızla bağlı acı xəbər xəldi.
“Soydaşımızın cansız bədəni bir saat yolun ortasında qalıb”
Belə ki, Rusiyanın paytaxtında adi mübahisə yaşlı azərbaycanlı kişinin ölümü ilə nəticələnib. Mübahisə “VAZ 2107″nin sürücüsünün gümüşü rəngli xarici avtomobili ötməsi ilə başlayıb. Insident onlarla insanın gözü qarşısında baş verib. Slavyan mənşəli cüssəli kişi 59 yaşlı azərbaycanlı Ifraim Liviyevi döyməyə başlayıb. Şahidlərin sözlərinə görə, mayor rütbəli polisin yumruqlayıb təpikləməklə ürəyi soyumayıb. O, yaşlı kişinin başını səkinin kənarına çırpıb. 10 ildən artıqdır Rusiyada yaşayan Ifraim heç bir müqavimət göstərməyib və hətta onu döyəndən üzr də istəyib. Amma onun üzrxahlığı gözü qızmış polisə təsir etməyib və mayor arıq kişini ölənə qədər döyüb. Azərbaycanlının cansız bədəni bir saat yolun ortasında uzanmış vəziyyətdə qalıb. Bir müddət sonra məlum olub ki, qatil polis mayoru Dmitri Verijnikovdur. O, özünə haqq qazandırmaq üçün azərbaycanlının bıçaqla hücum etdiyini bildirib. Şahidlər isə zərərçəkmişin əlində bıçaq olmadığını, həmin bıçağın Ifraimin avtomobilinin altına sonradan atıldığını deyiblər.
Səfirlik hadisəni araşdırır
Azərbaycanın Rusiyadakı səfirliyi həmyerlimizin ölümü ilə bağlı informasiyanı araşdırır. Səfirlikdən bildiriblər ki, məlumatın yeni, yaxud köhnə olması bu gün bəlli olacaq(anspress).
Rusiyanın Zelenoqrad şəhərində 12 yaşlı əlil azərbaycanlının avtobusda rus şovinisti tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı yeni məqamlar üzə çıxıb(APA). Xatırladaq ki, azərbaycanlı məktəblinin qeyri-slavyan xarici görünüşünü ələ salan xuliqan miqrantların ünvanına təhqiramiz söyüşlər söyməyə başlayıb. Daha sonra müdafiəsiz vəziyyətdə olan azərbaycanlıya zərbələr endirib. Şahidlərin sözlərinə görə, məktəbli qan içində olub, rus şovinisti isə dayanmadan onun başına və qarın nahiyəsinə yumruq və təpiklə vurmaqda davam edib. Qadın sərnişinlərdən biri əlil azərbaycanlını rusun əlindən almağa çalışsa da, buna nail ola bilməyib. Insidentin qarşısı yalnız avtobus dayanacağında növbə çəkən polislər işə qarışdıqdan sonra alınıb. 10 ildir Zelenoqradda yaşayan əlil azərbaycanlı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona kəllə beyin travması və göz nahiyəsinin ciddi zədələnməsi diaqnozu qoyulub. Xuliqanı isə polis saxlayıb.
Xuliqan işi ört-basdır etmək üçün polisə rüşvət təklif edib
Dünən məlum olub ki, azərbaycanlını döyən şəxs milli zəmində cinayət törətdiyini anlayaraq polisə rüşvət təklif edib, lakin onun cəhdi uğursuz nəticələnib. Hazırda polis hadisənin şahidlərini axtarmaqdadır. Yerli kütləvi informasiya vasitələrində yerləşdirilən elanlarda hadisə zamanı avtobusda olanlardan polisə ifadə vermələri xahiş edilir. Azərbaycanın Rusiyadakı səfirliyi dünən Zelenoqrad şəhərində 12 yaşlı əlil məktəblinin döyülməsi faktı ilə bağlı məlumat yayıb. Səfirliyin mətbuat xidmətindən “anspress”ə daxil olan məlumatda 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun noyabrın 1-də 12 nömrəli sərnişin avtobusunda qəddarcasına döyüldüyü bildirilir. Qeyd olunur ki, avtobusun sərnişinlərindən biri yeniyetmənin ünvanına onun qeyri-slavyan görkəmli olması ilə bağlı təhqiredici ifadələr səsləndirib: “Bu zaman fiziki cəhətdən məhdud imkanları olan yeniyetmə ona cavab qaytarıb. Həmin sərnişin yeniyetməni döyməyə başlayıb və onun başına və bədəninə zərbələr endirib. Bu zaman avtobusda olan sərnişinlərdən yalnız Aqafonova Tatyana Anatoliyevna yeniyetmənin döyülməsinə reaksiya verib. Qalan sərnişinlər isə bu hadisəni görməməzlikdən gəliblər. Tatyana sərnişinləri yeniyetməni xuliqanın əlindən almağa köməyə çağırsa da, heç kəs köməyə gəlməyib. Tatyana qışqırmağa və polisi yeniyetmənin müdafiəsinə çağırmağa başlayanda, xuliqan yeniyetməni vurmağı dayandırıb. Xoşbəxtlikdən sürücü avtobusu düz polislərin yanında saxlayıb və polislər hadisəyə müdaxilə ediblər”. Hadisədən xəbər tutan səfirlik əməkdaşları noyabrın 2-də həmyerlimizi Morozovski uşaq xəstəxanasında tapıblar: “Müəyyən olunub ki, Kazımov Rövşən Müzəffər oğlu məlum hadisə nəticəsində kəllə beyin və göz travması alaraq həmin xəstəxanaya yerləşdirilib. Onun gözdən əlil olduğu və gözdən əlillər üçün xüsusi məktəbdə təhsil aldığı da məlum olub. Səfirliyin əməkdaşı yeniyetmə ilə söhbət edib, hadisənin təfərrüatları barədə məlumat əldə edib. Yeniyetmənin anası Kazımova Aygün Yusif qızı ilə söhbət zamanı onların 10 ilə yaxın müddətdə Zelenoqrad şəhərində yaşadıqları və məlum hadisə nəticəsində onun görmə qüsurlu olan oğlunun görmə qabiliyyətinin başından aldığı çoxsaylı zərbələr nəticəsində 1 faizə düşdüyü məlum olub. Anası oğlunun görmə qabiliyyətini tamamilə itirdiyini bildirib”.
Məlumata görə, Azərbaycanın Rusiyadakı səfirinin tapşırığı ilə Azərbaycan Daxili Işlər Nazirliyinin nümayəndəsi Rusiya DIN-dən olan həmkarları ilə əlaqə yaradıb və məlum hadisə barədə onları məlumatlandıraraq hadisənin səfirliyin nəzarətində olduğunu bildirir: “Rövşən Kazımov həkimlərin icazəsi ilə Zelenoqrad şəhərinin Matuşkini və Savelki rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şəbəsinin müfəttişlərinə ifadə verib. Faktla bağlı araşdırmalar aparılır. Azərbaycanın Rusiyadakı səfirliyi məlum hadisəni nəzarətdə saxlayır. Azərbaycan DIN-in nümayəndəsi Rusiya DIN-dən olan həmkarları ilə daim əlaqədədir”.
“Rus marşı” necə keçəcək?
Bu gün Moskvanın Maryino rayonunda milliyyətçilərin “Rus marşı” adı altında mitinq-yürüşü keçiriləcək. Milli Birlik Gününə həsr olunan bu aksiyaya minlərlə insanın qatılacağı gözlənilir. Ümumilikdə isə, noyabrın 4-də Moskva ərazisində 10 müxtəlif tədbirin keçirilməsi planlaşdırılır. Həmin gün Jirinovskinin sədri olduğu LDPR Puşkin meydanında 5 min nəfərin iştirakı ilə mitinq keçirəcəyini elan edib. Gün ərzində metronun “2 Oktyabr meydanı” stansiyasının qarşısında Romanovlar sülaləsinin 400 illiyi ilə də bağlı aksiya təşkil olunacaq.
Rusiya Prokurorluğu “Rus marşı”nın əsas təşkilatçısı olan “Ruslar” Birliyinin lideri Dmitri Dyomuşkinə xəbərdarlıq məktubu göndərərək aksiyanın əvvəlcədən planlaşdırılmış şərtlər çərçivəsində təşkil olunmasını tələb edib. Mövcud qanunvericiliyin və ictimai asayişin pozulmaması məqsədilə D.Dyomuşkina əvvəlcədən xəbərdarlıq edilib. Milliyyətçilər “Rus marşı”na 30 min insan cəlb etmək niyyətindədirlər. Lakin hakimiyyət aksiya iştirakçılarının 15 mini keçməməsini tələb edir.ÿDmitri Demuşkin isə bu tələbə cavab olaraq bildirib ki, təşkilatçı kimi, cərimələnsə belə, insanların aksiyaya buraxılmamasına yol verməyəcək. ÿ
Moskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları noyabrın 4-də mümkün qədər küçələrə çıxmamağa çağırıb. “Rus marşı”ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları belə halların olmaması üçün soydaşlarımıza müraciət ediblər.
Rusiyada vəziyyət paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsindən sonra gərginləşib. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed” Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. Iğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov isə oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmədə bu ifadəni təzyiq altında verdiyini bildirib və ittihamları rədd edib. Bir neçə gün əvvəl isə vəkili onun günahını qismən etiraf etdiyini bildirib. Vəkil deyib ki, müdafiəçisi olduğu şəxs bunu qətl saymır, sadəcə olaraq O.Zeynalov hadisə zamanı özünü müdafiə edib.