Yolum şəhərin bu hissəsinə çox nadir hallarda düşür. Hər dəfə həmin dayanacağın yanından keçməli oluram. Bu dayanacağı görəndə yadıma bir əhvalat düşür. 36 il əvvəl, 1977-ci ildə baş vermiş əhvalat.
Ali məktəbə qəbul olunmağa gəlmişdim. Bakıya ilk gəlişim idi. Sözsüz ki, üz-gözümdən, əyin-başımdan kənddən gəldiyim dərhal hiss olunurdu. Buna görə də bir az sıxılırdım. Amma gözəl qızlara altdan-altdan, oğrun-oğrun baxmağımdan qalmırdım.
Bir gün avtobusla əmimgilə gedirdim. Qızmar yay, iş günü və günorta olduğundan avtobusda o qədər də basabas deyildi. Sarı, üçqapılı və təptəzə “Ikarus”un arxa pəncərəsinin qabağında dayanmışdım. Üzü arxaya baxan oturacaqlarda oturmuş sərnişinlərdən biri olduqca gözəl bir xanım idi. 24-25 yaşlı gəlin olardı. O qədər gözəl idi ki, ona baxmamaq mümkün deyildi. Düşündüm ki, şairlər belələrinə baxıb dünyadan əl götürürlər, gözəllər haqda şedevrlər yazırlar.
Çalışırdım ki, ona baxdığımı sezməsin. Mənə elə gəlirdi ki, baxdığımı başa düşür, amma vecinə almır. Növbəti dəfə oğrun-oğrun baxanda xanım mənə sarı gülümsədi və əl çantasından bir gediş talonu çıxarıb komposterdə qeyd etməyə uzatdı. Inanın ki, özümü itirdim. Sanki xanım mənə sevgi məktubu uzatmışdı. Heç bilmirəm talonu ondan necə aldım, komposterdə necə qeyd elədim. Bircə o yadımdadır ki, utandığımdan elə tərləmişdim ki, hətta talon da nəmlənmişdi. Ona kiçicik xidmət göstərmiş 16 yaşlı kəndli oğlanın nə vəziyyətə düşdüyünü lap yaxşı anlayan xanım talonu götürəndə çox ləzzətlə qımışdı.
Elə bu anda sürücü avtobusu növbəti dayanacaqda saxladı. Zalım balası elə tormoz verdi ki? Onsuz da xanımın qarşısında müvazinətimi itimişdim, bu yandan da tormoz. Avtobusun orta meydançasında kök rus arvada kəllə vurmasaydım, bəlkə də qabaq şüşədən bayıra uçardım. Həm pərtlikdən, həm də “Vay, mamoçka” deyib qəzəblə qışqırmış rus arvadın qorxusundan bir göz qırpımında özümü əvvəlki yerimə atdım.
Dayanacaqda durmuş avtobusun bütün qapıları taybatay açılmışdı. Arxa qapıdan bir “alkaş” güc-bəla ilə özünü içəri saldı. O, heç pilləkəni axıra qədər qalxa bilmədi. Birtəhər çevrilib üzü qapıya tərəf pilləkəndə oturdu. Pırtlaşıq saçlı, üzü tüklü, sifətini yara basmış, şalvarını islatmış və bir ayağı yalın bu “alkaş”dan dəhşətli üfunət iyi gəlirdi. Ona iyrənmədən baxmaq mümkün deyildi. Işə bax ki, bu “alkaş” həmin xanımın düz qabağında oturmuşdu. Gördüyü mənzərərdən və üfunətdən dəhşətə gəlmiş xanım cəld yerindən durdu və arxa pəncərənin yanına gəldi. Düz mənim yanımda dayandı. Mən bir kənara çəkilib “alkaş”dan ən uzaq məsafədəki yerimi xanıma güzəşt etdim və hiss etdim ki, bu jestim xanımın xoşuna gəldi. Bu gözəl xanım indi düz yanımda dayanmışdı. Elə buna görə də daha oğrun-oğrun baxmaq imkanı yox idi. Çünki istər-istəməz üzümü ona tərəf çevirməliydim ki, bunu da edə bilməzdim.
Beləcə bir azdan avtobus növbəti dayanacağa çatdı və qədeş sürücü bayaqkı kimi saxladı. Bu dəfə tormoz qəşəng xanımı qəfil yaxaladı. Əgər o anda qeyri-ixtiyari onun qolundan tutmasaydım, bəlkə də yıxılacaqdı. Xanım özünü tarazlayan kimi qorxu içində tez əlimi çəkdim. Gözləmədiyim halda mənə təşəkkür etdi. Sanki yenə bir sevgi məktubu uzatdı. Bu dayanacaqda da düşənlər düşdü, minənlər mindi və qədeş sürücü avtobusu yerindən tərpətdi. Amma sürücü qapıları hələ bağlamamışdı. Avtobus təzəcə tərpənmişdi ki, birdən “alkaş”ın ağlına nə gəldisə düşməyə qərar verdi. O ayağa qalxıb yalın ayağını bayıra uzatdı, bədənini də avtobusdan çıxarmaq istəyirdi ki, qapılar şappıltı ilə bağlandı. Avtobusun arxa hissəsində olan sərnişinlərin hamısının diqqəti “alkaş”daydı. Əgər qapılar bağlanmasaydı, “alkaş” artıq hərəkətdə olan avtobusdan üzü üstə yerə dəyəcəkdi ki, bunun nə ilə qurtaracağını bir Allah bilirdi. Qapılar şappıltı ilə bağlanan anda gözü “alkaş”da olan bir yaşlı arvad “Saxla, yıxıldı” deyib qıyya çəkdi. Elə o anda da tormoz verməkdə xususi məharəti olan sürücü dərhal maşını saxladı. Həmin arvad “Arxa qapını aç” deyə ucadan sürücüyə səsləndi. “Alkaş” birtəhər sürüşüb maşından düşdü.
Xilaskar xala təhlükənin sovuşmasından xeyli rahatlandı və üzünü salondakılara tutub dedi: “Az qalmışdı kişi ölsun”. Bax, elə bu anda bayaqdan sizə demək istədiyim əsas məqam baş verdi. Yaşlı arvad “alkaş” haqqında “Az qalmışdı ki, kişi ölsün” deyəndən sonra qəşəng xanımın mənim üzümə baxıb azacıq gülümsəyərək “Kişi aaa…” deməsi indiyədək qulaqlarımdan getməyib. O, bu kinayəli ifadəni elə qəribə və mənalı tələffüz etdi ki, mən indi onu sözlə ifadə edə bilmirəm. Qəşəng xanım növbəti dayanacaqda düşdü…
1993-cü ildən bu yana artıq sayını itirdiyim qədər hakim qarşısına çıxmışam. Mübarizə dostlarımın bitib-tükənməyən məhkəmələrində iştirak etmişəm. Nigarın məhkəmələrini də bura qatıram. Məhkəmə iclası başlayanda məhkəmə heyəti təqdim edilir. Hər dəfə “hakim” sözünü eşidən kimi, içimdən “Hakim aaa” deyə bir səs gəlir. Eynən həmin o dünya gözəli xanımın “Kişi aaa” dediyi kimi. Yuxarıların tapşırığı ilə ağına-bozuna baxmadan günahsız adamları cəzalandıran, zindana atan və azadlıqdan məhrum edən bu insanlar mənim gözümdə ən keyfiyyətsiz insanlardır. “Alkaş” nə edir özünə edir, heç kəsə bir pisliyi dəymir. Amma bunlar varlı, harın, tox yaşamaq üçün başqalarını bədbəxt etməkdən həzz alırlar…
Tofiq Yaqublu