Avropaya inteqrasiya PA rəhbəri ilə bağlı problemin həllini zərurətə çevirib
“Dünən prezidentin sərəncamı ilə iki müavin vəzifəsindən azad edilib. Bunlar Aslan Aslanov və Bəhram Əliyevdir”. Modern.az-a istinadən xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı nazirinin 3 müavinindən biri Ilham Quliyev hələlik vəzifəsini icra edir: “Kadr dəyişikləri bizim hədəfimizdə deyil. Bizim məqsədimiz mövcud potensialdan səmərəli istifadə etməkdir. Amma zərurət yaranarsa, indiki tələbata uyğun olmayan kadrlar işdən çıxarılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb”.
Işdən azad edilən Aslan Aslanov keçmiş müdafiə naziri Səfər Əbiyevin kirvəsidir. Elə buna görə Aslan Aslanov hərbi komissarlıqlar Müdafiə Nazirliyinə tabe olanda bu qurumlara təyinatlara müdaxilə edə bilirdi.
Kənd Təsərrüfatı Nazirliyində (KTN) Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlar çoxluq təşkil edir. Yeni nazir Heydər Əsədovun kollektivə Ramiz Mehdiyev tərəfindən təqdim edilməsi də bununla izah edilir. Lakin məlumatlara görə, KTN-də başlayan kadr dəyişiklikləri Ramiz Mehdiyevə yaxın şəxslərdən də yan keçməyəcək. Ümumiyyətlə isə görünən odur ki, seçkidən sonra mövqelərini bərkitməyə başlayan Ramiz Mehdiyev yenidən zərbələrə tuş gələ bilər.
Əgər seçkidən sonrakı ilk günlərdə hakimiyyət Qərbə savaş açmışdısa, artıq gərginlik səngiyib. Hakimiyyətin Qərbə qarşı münasibətində əhəmiyyətli dönüş yaranıb. Iqtidaryönlü qəzetlərdə ABŞ və Avropa əleyhinə kampaniya azalıb. Hətta ABŞ və Avropanı tərif edən materialların tirajlanmasına start verilib.
Görünür, hakimiyyət anlayır ki, Qərbə inteqrasiya ən doğru yoldur. Bu halda isə anti-Qərb mövqeyi ilə tanınan, hakimiyyətdəki rusiyapərəsət qüvvələrin başında dayandığı iddia edilən Ramiz Mehdiyev probleminin həlli zərurətə çevrilir. Prosesə isə PA rəhbərinin hakimiyyətdəki kadrlarının təmizlənməsindən başlanıla bilər. Yeri gəlmişkən, Ramiz Mehdiyev hələki Məleykə Abbaszadəni də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri postuna təsdiq etdirə bilməyib.
Hikmət