Nurəddin İsmayıl
«İndi dünyanın təvəccöh nöqtəsi Iranədir,
Afərinim himməti-valayi-Səttarxanədir»
M.Ə.Sabir
1905-1911-ci il Məşrutə inqilabının baş qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Səttar xan haqında hələ sağ ikən dünyanın bir sıra siyasi xadimləri tərəfindən dəyərli fikirlər səslənib və haqlı olaraq onu Yaxın və Orta Şərqdə demokratiyanın ilk bayraqdarı adlandırıblar.
Səttarxan, eyni dövrdə sonradan nəticəsi milyonlarla insan qırğınına səbəb olan Avropa imperialistlərinin başlatdığı və birinci dünya müharibəsi ilə sonuclandığı millətçi hərəkatın, Rusiyada proletar diktaturasına söykənən sosialist inqilabının əksinə olaraq ilk dəfə bu iki hərəkata alternativ olaraq “dünya siyasi xəritəsini dəyişdirə biləcək” ümum demokratik hərəkat nümunəsini ortaya qoydu və qısa zaman kəsiyində bütün Iran xalqını bu demokratik hərəkat ətrafında birləşdirə bildi. Hansı ki, Avropa və Rusiya çox sonralar Səttarxan hərəkatının ruhuna uyğun mübarizə yoluna girişmişlər. Elə bu səbəbə görədir ki, o zamanın qərb və rus mətbuatı Səttar xanı Hannibal, Puqaçov və Haribaldi ilə müqayisə edərək onu Iran xalqlarının azadlığı uğrunda döyüşə atılan və monarxist Iran rejiminə qarşı demokratik tələblərlə mücadilə aparan tarixi siyasi şəxsiyyət kimi səciyyələndirmişdir.
Bəlli olduğu kimi XX əsrin əvvəlləri Iran Ingiltərə və Rusiya imperiyalarının yarımmüstəmləkəsi idi və bu ərazidə yaşayan xalqlar həm şah rejimi, həm də yadelli dövlətlərin iki qat zülmü altında inləyirdi. Yüzillərlə davam edən monarxist quruluş Azərbaycan türkləri də daxil olmaqla Iran yaşayan xalqları öz zülmü altında saxlayır və onları adi insani hüquqlardan məhrum edirdi. Belə bir şəraitdə yaşamağın dözülməz olduğunu dərk edən Iranın mütərəqqi qüvvələri Səttarxan hərəkatına qoşulur və tez bir zamanda bu hərəkat Iranın bütün ərazilərinə yayılmağa başlayır. Xalqın kütləvi qəzəbindən qorxuya düşən Müzəfərəddin şah bir sıra konstitusion islahatlar keçirməyə məcbur olur və ilk dəfə olaraq monarxiyadan konstitusiyalı monarxiyaya doğru addımlar atılmağa başlanır. Lakin çox çəkmədən onun varisi Məmmədəli şah mürtəce bir üsulla bu islahatların qarşısını alır, vassalı olduğu dövlətlərin köməyi ilə şah rejimini yenidən gücləndirməyə başlayır. Amma bu cəhdlər xalqın kükrəyən qəzəbi qarşısında tab gətirə bilmir və Cənubi Azərbaycan da daxil olmaqla Iranın bütün ərazilərində reaksioner şah rejiminə qarşı inqilab dalğası genişlənməyə başlayır.
Monarxiya ilə demokratik düşüncənin qanlı savaşa qalxdığı və şah qoşunlarının Tehran məclisinə divan tutduğu bir vaxtda Səttarxan öz ətrafına topladığı mücahidlərlə meydana atılır və tez bir zamanda Məşrutə hərəkatının əsl bayraqdarına çevrilir. Əyalət əncümənləri onu Sərdari milli (millətin rəhbəri) və onun yaxın silahdaşı Bağır xanı Salari milli(millətin sərkərdəsi) adlandırır və onların qəhrəmanlıqlarını hər bir kəsə örnək göstərirdilər. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan inqilabın beşiyi olmaq rolunu öz üzərinə götürür.
Cənubi Azərbaycanın bütün ərazilərində özünü idarə etməyə əsaslanan əncümanlar yaradılır və onlar yerlərdə hakimiyyəti ələ almağa başlayır. Oyanmış Iran xalqı Tehran rejimi qarşısında bir sıra tələblər irəli sürürlər. Bu tələblər sırasına ilk növbədə ölkənin ən böyek iqtisadi sahələrinin xarici dövlətlərin konsenssiyasına verilməsinin dayandırılması, əlverişsiz konvensiyaların ləğv edilməsi, bütün sahələr üzrə əcnəbi kadrların milli qüvvələrlə əvəzlənməsi, xalqın bütün təbəqələrinin Iran Məclisində təmsil edilməsi, hakimiyyət bölgüsünün aparılması, mülkiyyət hüququnun toxunulmazlığı, qanunun aliliyinin qorunması prinsipinə əməl edilməsi, ağır iş şəraitindən 8 saatlıq iş gününə keçirilməsi və başqa tələblər daxil idi.
Əlbəttə, bu inqilabi tələblər istər şah rejimini, istərsə də onun müdafiəsinə qalxan və Iranın sərvətlərini dədə malı kimi bölüşdürən Ingiltərə və çar Rusiyasını narahat etməyə bilməzdi. Onlar Səttarxanın getdikcə artan nüfuzundan əndişələr keçirir və hər bir vəchlə onun faliyyətini əngəlləməyə çalışırdılar. Nəticədə bu dövlətlərin təhriki ilə Səttarxan və onun yaxın silahdaşı Bağırxan da daxil olmaqla bir çox qəhrəman mücahidlər Tehrana göndərilir. Tehran öz qəhrəmanlarını böyük alqışlarla qarşılasa da çox çəkmədən onların yerləşdiyi Atabəy parkı rus-kazak dəstələri və Iranın mürtəce qüvvələri tərəfindən topa-gülləyə tutulur. Böyük itkilər verən mücahidlər bu basqılara tab gətirmir və onlar xarici dövlətlərin yaxından himayə etdiyi Iran rejimi tərəfindən məğlubiyyətə düçar olurlar. Lakin bütün bunlara baxmayaraq Səttarxanın başladığı hərəkat artıq tarixdə öz sözünü demiş və bu Məşrutə hərəkatı xalqın beyninə hopmuşdur.
Məhz sonradan Iranda başlayan Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri hərəkatı, eynilə Şimali Azərbaycanda başlnanan müsavatçılıq hərəkatı Səttarxan hərəkatından güc almış və inqilabi ideyalarını Məşrutə inqilabından götürmüşdür. Illər keçəcək və ustad Şəhriyar bu hərəkatın bayraqdarı Səttarxanı vəsf etdiyi bir şerində üzünü Iran şahına tutaraq Təbrizin daim azadlıq meydanı olduğunu ona xatırladacaq.
Padişah, diqqətlə bax, tufan dolu Təbrizdi bu,
Keçmişindən boylanır yüz qəhrəman, min qəhrəman.
Bu həmən torpaqdır ki, meydan açıb azadlığa
Nəğməsiylə, nərəsilə od saçıb Səttərxan.
Illər keçəcək, böyük şairimiz Sabir türkün qəhrəman oğlu Səttarxanın azdlıq və demokratiya uğrunda başlatdığı mübarizənin şanlı səhifələrini əks etdirən “Səttərxana” adlı mənzuməsini millətimizə ərməğan edəcək. Sabirin qələmə aldığı bu şeirin mətnini oxucuların diqqətinə çatdırmazdan öncə qeyd edilməlidir ki, 1908-ci ildə qələmə alınan bu şeir çap olunarkən çar senzurası “Səttarxan” adının nəşrinə icazə veməmiş və “Hopopnamə”nin 1922-ci il çapına qədər adın yerinə nöqtələr qoyulmuşdur. Bu, əlbəttə, Səttarxan hərəkatının Istər Iranda, istərsə də Azərbaycanda geniş yayılmasının qarşısını almağa yönələn cəhdlər idi. Şeirin tam mətnini dərc etməklə bərabər şeirdə ərəb və fars tərkibli sözlərini çoxluğunu nəzərə alaraq və oxuculara anlaqlı olsun deyə hər bəndin qısa şərhini verməyi özümüzə borc bilirik.
Şair birinci bənddə öxucunu özünün cəzbedici halını görüb ona divanə kimi baxmamağı və Səttarxan haqda yazdıqlarının bir əfasənə olmadığını diqqətə çatdırır. Ardınca təbinin dəniz, şeirinin təzə-tər və dürdanə olduğunu dilə gətirən şair bütün sevincinin, şadlığının, vəcdə gəlməsinin səbəbini hürrriyyətə candan bağlanması ilə əlaqələndir və dilindən qopan bütün afərinlərin, alqışların himməti ucadan uca olan Səttarxana aid olduğunu bildirir.
Ikinci bənddə şair şah rejimi tərəfindən Tehran məclisinin vəhşicəsinə dağıdılmasını, Azərbaycan türklərinin Səttarxanla əhdü-peyman etməsini, zülm və istibidada qarşı nifrətin son həddə çatmasını, qəhrəmanların millət yolunda can qurban etdiyini və bu qurbanın “böyük kəsim” adlanan Ismayıl qurbanı kimi ilahi niyyətli olduğunu bildirir və yenə də himməti uca Səttərxana şükranlarını çatdırır.
Üçüncü bənddə şair haqqın Azərbaycan türklərinə mədədkar olduğunu, onların Qacarlar sülaləsinin Zohhakı(çiyinlərində ilan bəsləyən və hər gün iki cavanın beynini bu ilanlara yem edən qəddar Iran şahı) olan Məmmədəli şaha etirazını təqdir edir və azadlıq yolunda qanları Tehran və Təbriz torpağına tökülən şəhidlərin ruhuna salamlar söyləyir, himməti uca olan Səttarxanla bərabər onların yerinin cənnət olduğunu diqqətə çatdırır.
Dördüncü bənddə şair artıq Səttarxanın öz məqsədinə çatdığına işarətlər verir, öz qəhrəmanlığı ilə nəinki Iranı, hətta bütün dünyanı mat etdiyini bildirir, irzi-islamı, vətən namusunu, millətin heysiyyətini yüz qat göylərə qaldırmasını diqqətə çatdırır və dünyanın gözünün himməti uca olan Səttarxana dikildiyini bəyan edir.
Beşinci bənddə şair Səttarxan başda olmaqla türklərin Iranı oyatdığını, rəşadət və hünər göstərdiyini və Eynüddövlə adlı reaksioner baş naziri dünyada rüsvay etdiyini bildirir və himməti uca olan Səttarxanın millət, vətən və demokratiya yolunda odda yanmaqdan belə çəkinmədiyini diqqətə çatdırır.
Son altıncı bənddə şair öz qəhrəmanı ilə əhdü-peymana sadiq olduqlarına görə Təbriz əhlini təbrik edir, Səttarxana çox yaşamaq arzusunu bildirir və onun bu xidnmətlərinin bütün islamə, bütün insanlığa aid olmasına görə peyğəmbər əfəndimizin ona cənnəti əlada dua edəcəyi qənaətinə gəlir və himməti uca olan Səttarxana bir daha afərin və şükranlığını çatdırır.