Azərbaycan Qərb üçün enerji təminatçısından daha çox geosiyasi risk zonasına çevrilib
Azərbaycan hakimiyyəti nəhayət, mahiyyətindəki kini ortaya qoydu. Avropa Parlamentinin Azərbaycanda hakimiyyətin seçkiləri saxtalaşdırdığını açıq bəyan edərək, ATƏT-in rəyini dəstəkləməsi rəsmi Bakını içini ortaya qoymağa məcbur elədi.
Ilham Əliyevin üçüncü dönəm namizəd olmasının qanunsuzluğu müzakirə olunarkən onun bu azmış kimi, üstəlik, yenidən seçkiləri saxtalaşdırması Avropa Parlamentinin qərarına təsir göstərməyə bilməzdi. Azərbaycan hakimiyyəti isə Avropa Parlamentinin nəzdində fəaliyyət göstərən “AvroNest”dən imtina etmək qərarını açıqlayıb: “Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin, öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı ”AvroNest” Parlament Assambleyasında fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”.
Bu açıqlama əslində, o deməkdir ki, Azərbaycan hakimiyyətinin bu günə qədər oxuduğu “Qərblə əməkdaşlıq” təranələri blef olub. Hakimiyyət hər zaman Ilham Əliyevin kürsüsünü qorumaq məqsədilə tərəfləri narazı salmamaq üçün balans saxlamağa, yeri gələndə meylli qüvvələrə rüşvət verməklə, iqtidarda qalmağa cəhd edib. Amma prinsipial an yetişib və indi Qərb dairələri anlayır ki, Rusiyadan qorxan hakimiyyətlərə etibar etmək olmaz, onlar istənilən an Putinin drektivlərinə uya bilərlər.
Demokratiya əsas ölçüdür
Başqa halda isə demokratiyaya əsaslanmayan hakimiyyətlərin dövlət deyil, qrup maraqlarına istinad etməsi də faktdır. Buna görə də Əliyevlər hakimiyyəti davam etdikcə Azərbaycan risk zonası olaraq qalır. Buna görə də Avropa Parlamenti 23 oktyabrda prinsipial olaraq, belə bir qətnamə ilə çıxış edib: “Avropa Parlamenti oktyabrın 23-də Strasburqda keçirilən plenar sessiyanın qəbul etdiyi yekun qətnamədə ATƏT-in uzunmüddətli seçki missiyasının nəticələrinə istinadən Azərbaycandakı seçkilərin növbəti dəfə ATƏT standartlarına uyğun gəlməməsilə bağlı təəssüfünü ifadə edir. Bildirilir ki, yekun sənəd Avropa Parlamentinin Azərbaycandakı prezident seçkiləri müşahidə qrupunun əvvəlki bəyanatının nəticələrindən üstündür. Avropa Parlamenti ”Avropa Qonşuluq Siyasəti” proqramında iştirak etmək üçün Azərbaycan rəsmilərinə tövsiyə edir ki, prezident seçkilərilə bağlı tənqidlər nəzərə alınaraq, irəli sürülən təkliflər həyata keçirilsin”.
Bu sənəddən aydın görünür ki, nəticələrinin 58 faizi saxtalaşdırılmış seçkinin yenidən keçirilməsi tələbinə eyham vurulur və bunu Azərbaycan xalqı kimi, hakimiyyət də hiss edir. Hakimiyyət başa düşür ki, Avropa Parlamenti artıq yeni seçkilərin keçirilməsi məsələsini qoymağa hazırlaşır. Təbii ki, bu məsələnin reallaşması üçün xalq etirazının genişlənməsi vacibdir. Ölkə xaricində elə bir ciddi dövlət və təşkilat yoxdur ki, son seçki ilə bağlı ATƏT-in yekun rəyini dəstəkləməsin.
Nəhayət, Ilham Əliyevin Avropadan üz döndərmək haqqında qərarı təkcə blef bəyanat, şantaj olmaya da bilər. Görünür ki, Rusiya da bu həssas məqamdan istifadə edib Əliyevin hakimiyyəti itirmək qorxusu üzərində oyun qurur. Amma bu, nəhayət, elə Əliyevin itirməsilə nəticələnə bilər. Demokratiyadan uzaq bir Azərbaycan daha təhlükəli olar, problemlərin həllində proqressiv metodları istisna edər.
Anlaqsız reaksiya
Mübariz Qurbanlının bu məsələyə münasibəti isə aydın göstərir ki, hakimiyyət artıq baş verənlərə anlaqlı münasibət bildirə bilmir. O deyir: “Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Bu təşkilatın yaydığı sənədlər deklorativ xarakter daşıyır”.
Görünən odur ki, Azərbaycan hakimiyyəti hələ də hiss etmir ki, bəyanatlar dövrü keçib. Indi balansı da, siyasi xətti də ifadə etməyin yolu konkret addımlardır. Azərbaycan hakimiyyəti isə Avropa Parlamenti kimi qurumun qərarına belə reaksiya verməklə, ola bilsin ki, daxildə bu işdən anlamayan tərəfdarlarına təskinlik verir. Amma fakt budur ki, Avropa Birliyi bu bölgədə iqtisadiyyatın və siyasətin əsas təşkilatçılarındandır. Bu bəyanat isə təşkilatçının üzünün Azərbaycan hakimiyyətindən dönməsinin yaratdığı isterikadır.