Avropa Parlamenti Qarabağ məsələsinin həlli yolunu göstərdi
Vəfa Quluzadə: «Avropa Birliyi Qarabağla bağlı mövqeyini bir daha ortaya qoydu və yeganə çıxış yolu bu qurumla əməkdaşlıq etməkdir»
Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada Avropa Birliyi ilə Azərbaycan arasında “Şərq Tərəfdaşlığı” çərçivəsində saziş barədə qətnamə qəbul olunub. Qətnamədə deyilir ki, Avropa Parlamenti rəsmi Bakının “Şərq Tərəfdaşlığı” ilə bağlı konkret siyasətinin olmaması səbəbindən məsələyə şübhəli yanaşır. Eyni zamanda qətnamədə 9 oktyabr seçkilərinin beynəlxalq standartlara cavab vermədiyi bəyan edilib.
Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da müddəa yer alıb. Bildirilib ki, “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsi “Şərq Tərəfdaşlığı”nın fundamental prinsip və məqsədlərinin pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həlli vacibdir.
Bildiyimiz kimi hakimiyət hər zaman Qərbi Qarabğla şantaj etməyə üstünlük verib. Bildirilib ki, Qarabağ münaqişəsində beynəlxalq aləm qərəzli mövqe tutur, qəbul edilmiş qətnamələrə əməl etmir. PA rəsmisi Novruz Məmmədov isə “Avropa bizə nə verib” deyə üsyan qoparırdı.
Ancaq Avropa Parlamentinin məlum qətnaməsi hakimiyyətin bu bəhansini də əlindən aldı. Yəni hakimiyyətə mesaj verildi ki, bizimlə addımlayan ölkənin torpağı işğalda qala bilməz və BMT-nin qətnamələrinə mütləq əməl edilməlidir.
Bundan sonra seçim Azərbaycan hakimiyyətinindir. Ya Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılmalıdı, ya da rejimin şəxsi maraqları önə çıxmalıdır.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın yeganə çıxış yolu Avropa Birliyi ilə əməkdaşlıqdır və Qarabağ münaqişəsinin həlli də bu əməkdaşlıqdan keçir: “Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın heç vaxt uğuru olmayıb. BMT-nin 4 qətnaməsi Ermənistanın işğalının əleyhinədir. Eyni zamanda dünyada keçirilən bütün sammitlər, o cümlədən ATƏT-in sammitləri, Budapeşt sammiti, Lissabon sammiti Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bu yaxınlarda keçirilən NATO-nun sammitində, ABŞ da keçirilən sammitdə də Azərbaycanın ərazi bütövlüyü tanınıb. Ermənistanın siyasətini Rusiya təyin etdiyinə görə, bu ölkənin siyasi iradəsi yoxdur. Avropa Parlamenti də Qarabağ məsələsindəki əvvəlki mövqeyini bir daha təsdiqlədi və bildirdi ki, Ermənistan işğalçı dövlətdir, bu işğal davam etdiyi müddətdə onunla heç bir əməkdaşlıq olmayacaq. Ona görə də Azərbaycan tənqidlərə, iradlara baxmayaraq Avropa Birliyi ilə əməkdaşlıq etməli, ”Şərq Tərəfdaşlığı” çərçivəsində müqavilələrə imza atmalıdır. Hər şey açıq-aydın ortadadır və çıxış yolu budur. Rusiya ilə məsələ də aydındır və bu ölkənin mövqeyi bəllidir. Ona görə də yeganə yol Avropaya inteqrasiyadır”.
Ilham Hüseyn