Sən – bu ölkənin özgürlük üçün, ədalət üçün, çağdaşlıq üçün ürəyi döyünən cəsur gənci… Küçələri, meydanları “Azadlıq!” sədası ilə dolduran qorxmaz gənci… Ünvanına yağdırılan yalanlara, böhtanlara, nifrinlərə baxmadan qaranlıqları yara-yara Günəşə yürüyən mübariz gənci… Köləlik zəncirlərini qıraraq, zülm divarlarını aşaraq, nə ölümü, nə həbsi eyninə almayaraq istibdadın üstünə dimdik yeriyən qəhrəman gənci, səninlə qürur duyuram!
Sayəndə bu Vətən torpağı hər gün bir az da doğma, bir az da müqəddəs olmağa başladı. Sayəndə bu millət bu torpaqların gerçək sahibi olduğunu yenidən anlamağa başladı. Bu dövlətin, bu bayrağın onunku olduğunun yenidən fərqinə varmağa başladı. Öz məmləkətində kirayənişin kimi yaşamaqdan cana doymağa başladı. Tarix və Tanrı Sənin bu xidmətini heç vaxt unutmayacaqdır.
Öz ölkəsinə işləməyən bir hakimiyyət qoy Səni istədiyi qədər başqa ölkələrə işləməkdə suçlasın… Ruhunu pula, neftə, qaza, villalara, yaxtalara satmış bir hakimiyyət qoy Səni istədiyi qədər ermənilərə satılmaqda suçlasın… Zülmə, yalana, yaltaqlığa, talançılığa, saxtakarlığa susamış bir hakimiyyət qoy Səni istədiyi qədər susdurmağa çalışsın… Amma Sən əsla və əsla unutma: bu gözəlim Azərbaycanın tək ümidi və qurtuluşu sənsən!
Can evimiz olan bu ölkənin pəncərələrini Günəşə Sən açacaqsan. Qaranlıqları Sən qovacaqsan. Baharı Sən salamlayacaqsan. Buludları sən yaracaqsan. Tarix yaradacaqsan. Yaratmağa başladın belə. Sənə vurduqca bu zalımlar, Sən bərkiyəcəksən. Səni kiçiltməyə çalışdıqca Sən böyüyəcəksən.
Və qalib gələcəksən. Onda da bu acıları ən şirin xatirə kimi danışacaqsan övladlarına.
Sən – bu ölkənin özgürlük üçün, ədalət üçün, çağdaşlıq üçün ürəyi döyünən möhtəşəm gənci! Başımı hər zaman dik tutmağa söz vermişkən öz-özümə, ilk dəfə pozuram bu andımı və qarşında baş əyirəm.
Avtoritarizmin təbiətindən çıxarış
Hakimiyyət gecə-gündüz öz körpüləri ilə öyündüyü bir vaxtda getdi Türkiyənin hansısa şəhərində bir körpü tapdı, puldan basdı, ona Heydər Əliyevin adını verdirdi.
Böyük ehtimalla həmin körpünün tikilmə xərcini də bunlar çəkiblər. Dünyada belə ağıllı ölkələr çoxdu: harda park saldırmaq, yol çəkdirmək, artezian qazdırmaq, küçə asfaltlamaq, muzey təmir etdirmək lazımdı, ora Heydər Əliyevin adını verir, beləcə, xərci də yaptokratların boynuna qoyurlar.
Indi Türkiyədə hansısa körpüyə Heydər Əliyevin adını verdirərkən, adam düşünür ki, bunlar öz tərifli körpülərinə nə gəlib? Niyə onlardan birinə “dahi rəhbər”in adını qoymurlar. Ona görəmi ki, yanlış anlaşılacağından, “şəxsiyyətə pərəstiş” kimi yozulacağından çəkinirlər? Əlbəttə, yox. Maşallah, ölkədə yaptokratların babasının adına olmayan heç nə yoxdur.
Bəs nədir səbəb?
Səbəb çox sadədir: bunlar tikdikləri körpülərin kəramətinə, keyfiyyətinə bizdən yaxşı bələddirlər, indi onlardan hər hansı birinə “dahi rəhbər”in adını verib, sabah, birigün qəzetlərdə “Heydər Əliyev körpüsü uçdu”, “Heydər Əliyev körpüsü əyildi”, “Heydər Əliyev körpüsü çat verdi” başlıqlı xəbərlərin çıxmasından qorxurlar.
Axı onlar üçün Heydər Əliyevin adı hakimiyyətin özü ilə assosiasiya olunur, Heydər Əliyev körpüsünün çat verməsi xəbəri isə ağıllara hakimiyyətin çat verdiyini gətirə bilər.
Bu cür qorxular avtoritarizmin təbiətindədir: rejimə aid simvollar, rəmzlər, müqəddəs adlar zədələnirsə, sistemdə mənəvi travma yaradır, ona hər şeyin sonunu xatırladır.
Etiraflarım – 2
BIR: möhtəşəm bir yazı oxuduğumda müəllifi alqışlamaq, uzaqdan-uzağa da olsa bağrıma basmaq yerinə, “keşkə bunu mən yazmış olsaydım…” deyə ağzım sulanır…
IKI: tərifi də, tərifbazları da sevmirəm, amma sağlığıma içilməsi üçün ürəyim gedir…
ÜÇ: bir məclisdə sağlıq söyləndiyi zaman nə qədər darıxsam, ürəyim sıxılsa da, öz ünvanıma deyilən sağlığın uzandıqca uzanmasını istəyirəm…
DÖRD: sərxoşkən ayıq olduğumdan daha cəsarətli, daha səmimi oluram…
BEŞ: partiyalı olmaqdan ağzım yansa, bir daha partiyalı olmağa tövbə desəm də, hərdən birilərinin məni Müsavat üzvü sanması xoşuma gəlir.