«Kütləvi qayıdış olmayacaq. Çünki Rusiyada yaradılan şərait Azərbaycanla müqayisədə daha yaxşıdır»
Əlövsət Əliyev: «Azərbaycan hökumətinin qayıdan miqrantlarla bağlı müvafiq tədbirlər planı hazırlanmaması təəssüf doğurur»
Rusiyadan qətldə ittiham olunan Azərbaycan vətəndaşının adı ilə bağlı olaylar və bu ölkədəki əmək miqrantlarına qarşı olan münasibət ölkəmizdə də diqqətlə izlənilir. Çünki miqrantlarla bağlı yaranacaq hər hansı problem Rusiyada yüz minlərlə vətəndaşının çalışdığı Azərbaycana bilavasitə təsir edəcək. Hər il Azərbaycana 3 mlrd dollara yaxın vəsait göndərən miqrantların ölkəyə qayıtması ciddi problemlərə səbəb olacaq.
Artıq rəsmilər də bununla bağlı narahatlıqlarını dilə gətirir. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, Vahid Əhmədov ANS telekanalına açıqlamasında vətənə qayıdacaq azərbaycanlı miqrantların sayının 500-600 min, bəlkə də milyona çata biləcəyini deyib. Qısa müddətdə qazancını itirmiş bu qədər şəxsin ölkəyə qayıtması təkcə miqrantların deyil, onların ailələrinin də ciddi problemlərlə üzləşməsi deməkdir.
Bəs Azərbaycan nə qədər vətəndaşını problemsiz qəbul etmək imkanındadır?
“Azərbaycan Miqrasiya Mərkəzi” Ictimai Birliyinin rəhbəri Əlövsət Əliyev miqrantların inteqrasiyası deyilən bir prosesin olduğunu deyir. Dünyanın əksər ölkələrində bununla bağlı proqram mövcuddur. Azərbaycanda da ölkəyə qayıdan miqrantlarla bağlı xüsusi proqramın hazırlanması ilə bağlı təkliflər edilsə də, belə bir sənəd hazırlanmayıb: “Qayıdan miqrantların yerli şəraitə uyğunlaşdırılması, əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı proseslərin həyata keçirilməsi üçün proqram hazırlanmalıdır. Azərbaycan hökuməti belə bir təklif alanda müxtəlif bəhanələr gətirirək bu cür proqramlara qoşulmaqdan yayınır”.
Ekspertin sözlərinə görə, əslində Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı qaçqın və məcburi köçkün problemi ilə eyniləşdirilə bilməz. Çünki bu şəxslər öz evlərinə qayıdır, Azərbaycan onlara yaşayış yeri verməli deyil. Amma qaçqın və məcburi köçkünlərdən fərqli olaraq bunlar potensial işçi qüvvələridir. Hər biri öz ətrafında bir neçə nəfərə maliyyə ayırır. Bunlar Azərbaycan iqtisadiyyatını inkişaf etdirən şəxslərdir. Bu baxımdan Azərbaycan hökumətinin qayıdan miqrantlarla bağlı müvafiq tədbirlər planı hazırlanmaması təəssüf doğurur.
Bununla belə ekspert ölkəyə qayıdacaq miqrantların sayının çox olmayacağını deyir. Çünki Rusiyada yaşayan azərbaycanlıların böyük əksəriyyətinin ya vətəndaşlığı, ya da miqrant statusu var. Miqrant statusu olan şəxslər məhkəmənin qərarı olmadan ölkədən çıxarıla bilməz. Rusiyada miqrantlarla bağlı belə vəziyyətin yaranmasının başqa bir mənfi tərəfi isə Azərbaycandan ora getmək istəyənlərin qarşısının alınması olacaq. Amma hər bir halda kütləvi qayıdış olmayacaq. Çünki Rusiyada insan hüquq və azadlıqları sahəsində ciddi problemlər olsa da, orda azərbaycanlı sahibkarların mülkiyyət hüquqlarına ziyan vurulsa da, əmlakları məhv edilsə də, yenə də onlar üçün Rusiyada yaradılan şərait Azərbaycanla müqayisədə daha yaxşıdır. Rusiyada sahibkarlıq fəaliyyəti, adicə taksi sürücülüyü ilə məşğul olmaq Azərbaycandan daha rahat və faydalıdır. Qayıdışın kütləvi olmaması həm də Rusiya ilə müqayisədə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması baxımından daha mürtəce bir rejimin mövcudluğudur.
Fizzə