Həsən Kərimov: «Etiraz aksiyaları keçirməkdə məqsədimiz Mübariz Qurbanlının təmsil olunduğu rejimdən xalqı qurtarmaqdır»
İctimai Palatanın aprelin 2-nə təyin etdiyi aksiya ərəfəsində hakimiyyət funksionerləri yenə demokratik düşərgəyə qarşı ittihamlara başlayıblar. YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı milli.az saytına müsahibəsində deyib ki, Müsavat Partiyasının martın 12-də keçirdiyi etiraz aksiyası sosial dayağı olmayan bir ovuc radikal insanın bir araya toplaşması idi. M.Qurbanlının sözlərinə görə, müxalifətin məqsədi Azərbaycanda iğtişaşlar törətmək, Bakı şəhərində qanunsuzluqlar etməkdir:
“Martın 12-də onların Fəvvarələr meydanındakı hərəkəti sadəcə təxribatdan başqa bir şey deyildi. 25-30 nəfərdən ibarət bir ovuc qaragüruhçu insanların azad, sərbəst gəzişdiyi bağa daxil olaraq orada həyasızcasına müxtəlif şüarlar qışqırırdılar. Heç kimə Bakı şəhərində ictimai asayişi pozmağa imkan verilməyəcək. Mən özüm də həmin vaxt Fəvvarələr bağında idim. Orada müşahidə edərək gördüm ki, vətəndaşlar bundan çox narazıdır”. M.Qurbanlı hesab edir ki, müxalifətin məqsədi mitinq yolu ilə qrant almaqdır. Bəs görəsən, müxalifət partiyalarının təmsilçiləri IP-nin aksiyası ərəfəsində hakimiyyət nümayəndəsinin açıqlamasını necə qiymətləndirirlər?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov söylədi ki, M.Qurbanlının cəmiyyətdə baş verənlərlə bağlı obyektiv mövqedən çıxış edəcəyini gözləmək absurddur. H.Kərimov hesab edir ki, əgər iqtidar müxalifətin tam gücünü görmək istəyirsə, o zaman aprelin 2-dəki aksiyaya istənilən meydanda razılıq versin: “Mübariz Qurbanlı bundan artıq nə söyləyə bilər? Hakimiyyət müxalifətin gücü ilə bağlı narahat olmasın. Cəmiyyətdəki narazılığın artan xətlə yüksəlməsi müxalifətin gücünü göstərir. Sadəcə olaraq hakimiyyət cəmiyyətdəki fəallıqdan, keçirilən son icazəsiz aksiyalardan narahatdır. Aprelin 2-dəki aksiyanın məqsədi Mübariz Qurbanlının təmsil olunduğu rejimdən xalqı qurtarmaqdır”. Müxalifətin bu cür aksiyaları beynəlxalq təşkilatlardan qrant almaq məqsədilə keçirdiyi ilə bağlı M.Qurbanlının söylədiklərinə gəlincə, H.Kərimov vurğuladı ki, aksiyalar cəmiyyətin sifarişinə uyğun olaraq keçirilir, mitinqə görə heç bir təşkilat qrant vermir.
Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirdi ki, M.Qurbanlının açıqlaması hakimiyyətin cəmiyyətdəki aktivlikdən narahatlığının göstəricisidir: “Mübariz Qurbanlı martın 12-dəki aksiyanın şahidi olduğundan xalqın bu hakimiyyət barəsində nə düşündüyünü gözəl bilir. O, məhz öz gözləri ilə aksiyanın izdihamlığının şahidi olub və hazırkı aktivlikdən narahatdır. Düşünürəm ki, cəmiyyətdəki narazılıqlara adekvat olaraq Ictimai Palatanın keçirəcəyi aksiyalar artan xətlə davam edəcək. Hakimiyyət sadəcə olaraq yaranmış vəziyyətdə cəmiyyətin ondan narazılığını pərdələməyə çalışır”.
Xəyal