Naxçıvan qruplaşması 3 yerə bölünüb; Qərbi Azərbaycan klanı pərakəndə vəziyyətdədir; Paşayevlər təşəbbüsü ələ almaq istəyir
Azərbaycan hakimiyyəti dərin böhran keçirir. Bu, hakimiyyət daxilində klanların sayının artması ilə bağlıdır. Heydər Əliyevin hakimiyyəti dövründə iqtidar daxilində yalnız iki klan – Naxçıvan və Qərbi Azərbaycan qruplaşması var idi. Və bu qruplar hakimiyyətdə bərabər təsir imkanlarına malik idilər. Yəni, Heydər Əliyev Naxçıvan və Qərbi Azərbaycan klanları arasında balans yarada bilmişdi.
ilham Əliyev hakimiyyətə gəldikdən sonra isə bu balans pozulub. Bunun nəticəsi olaraq hakimiyyətdə başqa qruplar da meydana gəlib. Hakimiyyətdaxili mənbələr bildirir ki, indi hətta Naxçıvan klanının özü 3 qrupa bölünüb. Bunlardan birinə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, digərinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, üçüncüsünə isə Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov rəhbərlik edir. Bəylər Əyyubovun qruplaşması “kürd qruplaşması” da adlandırılır. Lakin hər halda bu qrup Naxçıvan klanından qopmadır. Hər üç qrup hakimiyyətdə ciddi təsir rıçaqlarına malikdir. Bununla belə hakimiyyətə daha çox nəzarət etmək uğrunda aralarında amansız savaş gedir. Bu savaş “antikorrupsiya şousu” çərçivəsində açıq müstəviyə keçib. Məsələn, bir müddət əvvəl “Muray” şirkətinin himayədarı hesab edilən Qalib Məmmədbəyli həbs olundu. Bu şəxs PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin bacanağı olmaqla yanaşı Kəmaləddin Heydərovun da yaxın qohumudur. Və çox güman ki, onun həbsində məhz bu amil böyük rol oynayıb. Qalib Məmmədbəylinin ardınca Bəylər Əyyubovun yaxın çevrəsinə daxil olan Abşeronun icra başçısı Zakir Fərəcovun yaxın qohumu Şamaxının bələdiyyə sədri Mürvət Zeynalov həbs edildi.
Qarşı tərəf də Ramiz Mehdiyevin açdığı “atəşləri” cavabsız qoymadı. Kəmaləddin Heydərova yaxın partiya rəhbərlərindən biri Ramiz Mehdiyevin ünvanına sərt ittihamlar səsləndirdi. Onu Ilham Əliyevi devirməyə cəhd göstərməkdə suçladı.
Qərbi Azərbaycan qruplaşmasına gəlincə, 2005-ci ildə sabiq səhiyyə naziri Əli Insanovun həbsindən və Cəlal Əliyevin təcrid olunmasından sonra bu qrup xeyli zəifləyib. Indi Qərbi Azərbaycan qruplaşmasını təhsil naziri Misir Mərdanov, spiker Oqtay Əsədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov təmsil edir. Bu adamların timsalında Qərbi Azərbaycan qruplaşması Naxçıvan qruplaşması ilə müqayisədə xeyli cəsarətsiz və iddiasız qrupdur. Daha doğrusu, pərakəndə vəziyyətdə başqa qrupların təsiri altındadır.
ilham Əliyevin dövründə hakimiyyətdə yaranan qruplardan isə Paşayevləri xüsusi qeyd etmək olar. Heydər Əliyevin dövründə bu qrup kölgəyə çəkilmişdi. Idarəçilikdə heç bir təsirə malik deyildi. Lakin indi Paşayevlər kifayət qədər önə çıxıb. Bu qrup hətta Ramiz Mehdiyevin oğlunu işdən çıxarmaq qədər güclənib. PA rəhbərinin oğlu Teymur Mehdiyev Idman və Turizm Nazirliyində müavin vəzifəsində çalışırdı. Bu günlərdə Paşayevlər qrupuna daxil olan nazir Əbülfəs Qarayev onu işdən çıxarıb. Doğrudur, Teymur Mehdiyev işsiz qalmayıb. Onu miqrasiya xidmətinin rəis müavini təyin ediblər. Amma Teymur Mehdiyevin Idman və Turizm Nazirliyindən uzaqlaşdırılması atasının rəhbərlik etdiyi Naxçıvan klanının turizm biznesindən təcrid edilməsi anlamına gəlməlidir. Hakimiyyətdaxili mənbələr də bildirir ki, Paşayevlər bu sahədə heç kimə güzəşt etmək niyyətində deyil. Həmçinin bildirilir ki, indiki halda bu qrup hakimiyyətə tam nəzarəti ələ keçirməyə can atır. Bu da təbii ki, digər qruplarla toqquşmanı şərtləndirir.
Yeni qruplardan biri də Şirvan qruplaşmasıdır. Bildirilir ki, bu qrupun rəhbəri nəqliyyat naziri Ziya Məmmədovdur. Ziya Məmmədovun qrupu digər qruplara nisbətən bir qədər kölgəyə çəkilib. Görünür, bu, nəqliyyat naziri və oğlu Anar Məmmədovla bağlı kompromatların daha çox olması ilə bağlıdır. Amma hər halda Ziya Məmmədov da hakimiyyətə daha çox təsir imkanı əldə etmək iddiasındadır.
Beləliklə, üzdə bütöv görünən hakimiyyət komandası əslində bir-birilə qarşıdurmada olan sadaladığımız qruplara bölünüb. Və iqtidarda dərin çat yaranıb. “Antikorrupsiya şousu” çərçivəsində bu çatın daha da dərinləşdiyi müşahidə olunur.
Vidadi