Cəsur Sümərənli: «Biz bu məlumatları müxtəlif hərbi mənbələrə istinad edərək yayımlamışıq»
Almaniya və Fransa müdafiə nazirlikləri nümayəndə heyətlərinin bu ilin sonuna qədər Azərbaycana edilməsi planlaşdırılan səfərlərinin təxirə salınması barədə mətbuatda gedən məlumatlara MN mətbuat xidmətinin rəisi, polkonik Eldar Sabiroğlu münasibət bildirib.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq Eldar Sabiroğlu qeyd edib ki, bu, yerli-dibli cəfəng və uydurma bir məlumatdır. “Daha doğrusu, qəsdən ortaya atılmış dezinformasiyadır ki, onu da şişirtməyə çalışırlar. Bu xəbəri buraxan adamda zərrəcə məsuliyyət hissi yoxdur. Elə bilir ki, bu cür yalançılıqla illərlə içərisində saxladığı hansısa arzusu həyata keçmiş olacaq. Əli hər şeydən üzülüb, indi də bu yolla diqqəti cəlb etməyə çalışır. Soruşmaq lazımdır, yaydığın məlumatın kökü varmı və onu haradan götürmüsən?
Yüzdə yüz əminəm ki, bu suala cavab verərkən dili hökmən topuq vuracaq. Çünki belə bir şey yoxdur. Ancaq təəssüf ki, yalançının yedəyində gedənlər də oldu. Bildirirəm ki, adları çəkilən ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin ilin sonunadək Azərbaycana hər hansı səfərləri, ümumiyyətlə, nəzərdə tutulmayıb. Yaxşı olardı ki, hörmətli mətbuat nümayəndələrimiz bu cür dezinformasiyaları tirajlayarkən “mənbənin” ciddiliyinə diqqət yetirsinlər”- deyə Eldar Sabiroğlu bildirib.
Xatırladaq ki, bu məsələ ilə bağlı məlumatları mətbuata “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi vermişdi.
Eldar Sabiroğlunun fikirlərinə mərkəzin direktoru Cəsur Sümərinli də münasibət bidirib: “Eldar Sabiroğlunun açıqlaması ilə tanış oldum. Hesab edirəm ki, bu tip açıqlama, orada insanı təhqir etmək cəhdləri bu gün Azərbaycanın Müdafiə Nazirliyində məsul vəsifə tutan şəxslərin hansı mədəniyyətə sahib olduqlarının aşkar göstəricisidir. Təəssüf edirəm ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi bu tip insanların idarəetməsinə buraxılıb. Xarici diplomatların etimadından sui-istifadə edərək gizli audio yazıları gerçəkləşdirən Səfər Əbiyev və onun komandasından nə istəsəniz gözləmək olar. Əgər xəbəri təkzib etmək fikirləri varsa, bunu adam kimi, müasir qaydalara uyğun təkzib etsinlər, yoxsa QHT təmsilçilərini təhqir etmək üçün Müdafiə Nazirliyinin hansısa nümayəndəsinə əlahiddə hüquq verilməyib. Açsınlar NATO ölkələrinin Silahlı Qüvvələrində ictimai əlaqələrə dair təlimatlarla tanış olsunlar. Istəsələr onları bu istiqamətdə ”Doktrina” JHAM-ın xüsusi təliminə dəvət edə bilərik. Bildirim ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı həmin məlumat havadan götürülməyib, müxtəlif hərbi mənbələrə istinad edilərək yayımlanıb. Bilirik ki, bu gün Səfər Əbiyevin həmin o audio yazıdan yana narahat günləridir, amma biz də jurnalist mərkəzi olaraq öz işimizi dayandıra bilmərik. Bu istiqmaətdə “Doktrina” JHAM-a əlavə məlumatlar gəlməkdədir və onları media və ictimaiyyətlə bölüşməkdə davam edəcəyik.
Ilham Hüseyn