“Bu, qəzetə qarşı yeni təzyiq dalğasının başlanması deməkdir”
Bildiyiniz kimi, Binə ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanıın iddiası üzrə Yasamal rayon məhkəməsi “Azadlıq” qəzetinin 30000, qəzetin əməkdaşı Ramin Dekonun 2000 manat məbləğində cərimələnməsi haqda qərar çıxarılıb. Daha sonra Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə də aşağı instansiya məhkəmələrinin qərarın qüvvədə saxlayıb.
Bu gün Yasamal rayon məhkəməsindən “Azadlıq” qəzetinə məktub daxil olub. Məktubda bildirilir ki, qəzet 10 gün ərzində 32000 manat məbləğində olan vəsaiti ödəməsə qəzetin bank hesabı bağlanacaq.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev yaranmış vəziyyətə münasibət bildirib: “Azərbaycan hakimiyyətinin söz və mətbuat azadlığı ilə bağlı ölkədə probelmlərin olamaması haqda bəyanatlarının həqiqətə daban-dabana zidd olduğu bir daha sübut olunur. “Binə” ticarət mərkəzinin rəhbərinin iddiası üzrə qəzetin 32000 manat məbləğində cərimələnməsi və vəsaitin 10 gün ərzində ödənilməsinin ultimativ formada tələb olunması qəzetə qarşı yeni təzyiq dalğasının başlanması deməkdir. Bir tərəfdən “Qasid” firmasının qəzetə olan 45000 manatdan artıq borcunu ödəməməsi, digər tərəfdən bunun nəticəsində qəzetin Nəşriyyata 20000 manatdan artıq borcunun olması onsuz da maliyyə vəziyyətinin ağır olmasının göstəricisidir. Hakimityyət strukturlarının “Azadlıq”ın problemlərindən yaxşı xəbərdar olmalarına baxmayaraq, belə böyük vəsaitin tələb olunması qəzeti daha da ağır vəziyyətə salmaq məqsədi güdür. Bu vəziyyətdən çıxmaq üçün qəzetin fədakar kollektivinin səylərinin yetməyəcəyini nəzərə alıb, ölkənin demokratik ictimaiyyətini qəzetə dəstək olmağa çağırırıq. Azərbaycan hakimiyyəti öz növbəsində “Azadlıq” qəzetinə qarşı olan təzyiq siyasətini dayandırmalıdır”.