Avropa komissarı Yaponiya ilə bağlı həyəcan təbili çaldı
4 aylıq körpə dağıntılar altından sağ çıxdı
Dünən Yaponiyada növbəti dəfə zəlzələ baş verib. Zəlzələnin ocağı paytaxt Tokiodan 10 kilometr uzaqlıqda olub. Yeraltı təkanlar Xonsü adasında qeydə alınıb və Rixter cədvəli ilə 6.1 bal gücündə olub. Təkanların 30 saniyə davam etdiyi bildirilir. Dağıntı və tələfat olmayıb, sunami təhlükəsi də yoxdur.
Məktəblərdən morq kimi istifadə olunur
Xilasetmə işləri başlayandan bu günədək 26 min nəfəri xilas etmək mümkün olub. Axtarış-xilasetmə işlərinə 80 minədək adam cəlb edilib. Dünən xilasedicilər möcüzə ilə qarşılaşıblar. Miyaqi perefekturunda dağıntılar altından 4 aylıq körpə tapılıb. Körpə günlərlə dağıntılar altında ac və susuz qala bilib. Xilasedicilər uşağı dərhal yaxınlıqdakı xəstəxanaya göndəriblər. Lakin onun səhhəti ilə bağlı ciddi problemi olmadığı müəyyən edilib. Xilasedicilərin sözlərinə görə, bu hadisə onların daha həvəslə işləmələrinə stimul verib.
Müvəqqəti sığınacaqlarda 500 min nəfər yerləşdirilib. “Fukusima” prefekturasında yerləşən nüvə obyektləri yaxınlığında yaşayanların evakuasiyası dünən də davam etdirilib. Koriyama rayonunda əyləncə mərkəzləri və təhsil müəssisələri sığınacaq kimi istifadə edilir.
Yaponiyanın şimal-şərq regionunda, xüsusilə də Miyaqi prefekturasında müvəqqəti morqlar yaradılıb. Qismən dağılmış tikili və orta məktəblərin idman zalları bu məqsədlə istifadə edilir. Ivate prefektruasında havanın soyuması və qarın yağması dağıntılar altından kiminsə sağ çıxarılması ehtimalını azaldıb. Dünən Yaponiyanın Özünümüdafiə Qüvvələrinin hərbçiləri də xilasetmə işlərinə qoşulub.
Onlara məxsus helikopter “Fukusima” Day-Içi nüvə kompleksində qəza vəziyyətində olan reaktorlara su səpmək üçün havaya qalxıb. “Fukusima-1″ atom-elektrik stansiyasında radiasiyanın səviyyəsinin kəskin artması ilə əlaqədar stansiyanın bütün işçiləri evakuasiya edilib. Bir qədər sonra vəziyyətin normallaşdığı və personalın iş başına qayıtdığı bildirilir.
Yaponiya imperatoru xalqa müraciət etdi
Dünən Yaponiya imperatoru Akixito xalqa müraciət edib. Imperator zəlzələ və sunami nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və əhalini yaranmış vəziyyətdə ruhdan düşməməyə çağırıb: “Biz təbii fəlakət qurbanlarının dəqiq sayını bilmirik, amma mən hələ xilas edə biləcəyimiz adamlar üçün dua edirəm”.
Öz növbəsində Yaponiya hökuməti xalqa müraciət edərək ölkə əhalisini, xüsusən də sahibkarları yanacaq ehtiyatı tutmamağa və enerji böhranını daha da ağırlaşdırmamağa çağırıb.
Yaponiya ilə bağlı “WikiLeaks” sənədləri
Ingiltərənin “Teleqraf” qəzeti dünənki sayında Yaponiyadakı zəlzələdən yazıb. Qəzetin yaydığı “WikiLeaks” sənədlərində göstərilir ki, hələ iki il əvvəl MAQATE Yaponiyanı ölkəsindəki atom stansiyasınının güclü zəlzələyə davamlı olmaması barədə xəbərdar edib. Bu xəbərdarlığa cavab olaraq da Yaponiya hökuməti təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirib. “WikiLeaks” sənədlərindən bəlli olur ki, stansiyanın zəlzələyə davamlı olmaması barədə narahatlıqlar ABŞ hökumətinə də ünvanlanıb. Birləşmiş Ştatların Yaponiyadakı səfirliyi rəsmi Vaşinqtonun diqqətinə çatdırıb ki, sözügedən AES 35 ildə cəmi üç dəfə yoxlamadan keçirilib.
Dünən günün sonuna yaxın dünya mediasında Yaponiya ilə bağlı həyəcanlı məlumat yayılıb. Məlumatda deyilir ki, enerji üzrə Avropa komissarı Günterbottinger Avropa Parlamenti qarşısında çıxış edərək Yaponiyada partlayış baş vermiş AES-də vəziyyətin nəzarətdən çıxdığını bildirib: “Hətta yaxın saatlarda fəlakət baş verə bilər. AES-də soyutma sistemi sıradan çıxıb. Indi biz daha böyük fəlakətlə üz-üzəyik”.
Xatırladaq ki, Yaponiyada martın 11-də 9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan sonra ölkədə sunami qasırğası başlayıb. Nəticədə minlərlə insan həlak olub, 10 mindən çox adam itkin düşüb. 3600-dən çox adamın öldüyü rəsmən təsdiqlənib, 7500-dən çox adam itkin hesab edilir. Rəsmilər ölənlərin sayının 10 mindən çox olacağını hesab edirlər. Təbii fəlakət nəticəsində 2000 nəfər də xəsarət alıb.
Təbiət hadisəsi Yaponiyaya 183 milyard dollardan artıq ziyan vurub və zərərin artacağı proqnozlaşdırılır.
Gültəkin