İlham Əliyev Ramiz Mehdiyevi turizm biznesinə ortaq etmək niyyətində deyil
Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. T.Mehdiyev buna qədər mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Bu məsələylə bağlı qəzetimizə danışan hakimiyyətə yaxın mənbə sözügedən təyinatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Ramiz Mehdiyevin oğlunun münasibətlərilə izah edib. Mənbə deyib ki, Ə.Qarayev hakimiyyətdə ən güclü qruplaşmalardan biri olan Paşayevlərin kadrı sayılır.
“Teymur Mehdiyev Ramiz Mehdiyevin oğludur. R.Mehdiyev isə sözügedən qruplaşma ilə ciddi qarşıdurmadadır. Tamamilə ilə mümkündür ki, onlar yola getməyiblər, yaxud da, T.Mehdiyevin müavinliyi formal xarakter daşıyıb. Bunu görən R.Mehdiyev özü oğlunu vəzifəsində uzaqlaşdırıb”.
Başqa bir mənbə isə bu təyinatı tamamilə fərqli səbəblər izah edib. “Teymur Mehdiyev Əbülfəs Qarayevin turizm sahəsini kurasiya edən müavini idi. Hakim ailə turizm biznesini tam nəzarətinə götürmək niyyətindədir. Bu məqsədlə Ilham Əliyev 2011-ci ili turizim ili elan edib. Bu sahəyə böyük məbləğdə vəsaitin ayrılacağı gözlənilir. Məncə Teymur Mehdiyevin həmin vəzifədən kənarlaşdırılması da bununla bağlı ola bilər. Daha açıq danışsaq, Əliyevlər Ramiz Mehdiyevi turizm biznesinə ortaq etmək istəmir”.
İnformasiya şöbəsi