O, Prezident Administrasiyasına təbrik məktubu göndərib
Seçkilərin nəticələri rəsmən elan edilməmiş sizi təbrik edənlərə qoşulmaq istəyirəm. Siz, artıq rəsmən saxta prezidentsiniz və bütün dünya da sizi belə qəbul edir. Bu saxta rəhbərlik sizin sülalə uğurunuzdur və hələ 70-ci illərdə də saxta raportlarla birincilik iddialarını göylərə qaldıran mərhum birinci Əliyev də bu saxta raportların ağrı-acısını Azərbaycan xalqına yaşatmaqda idi.
Bizi həmin zamanlardan 30-40 il ayırır, amma əslində, sanki heç nə dəyşiməyib. O zamankı təsərrüfat briqadirlərinin əli ilə törədilın saxtakarlıqlar bu gün rəzil günə salınmış müəllimlər, məmur ordusu tərəfindən törədilir. Və mən sizi qınamıram, çünki siz məhz bu ənənələrin təsiri ilə böyümüsünüz. Buna görə də sizin səlahiyyət sahibi etdiyiniz məmurlar ağzı köpüklənə-köpüklənə bütün dünyaya Azərbaycandakı hansısa azadlıqlar barədə danışanda sizdən və sizin əhatənizdə olanlardan başqa hər kəs utanır.
Hesab edək ki, siz “uddunuz”. Daha 5 il Azərbaycanı talamaq, soymaq üçün şans artıq ayaqlarınız altındadır və buna görə də sizi təbrik etməyə dəyər. Bu “qələbədən” nə çatsa yalnız sizə çatır və Azərbaycana heç nə çatmır. Əlbəttə, varlı bir ölkəni qazanmaq, əldə etmək böyük bir qələbədir və nəyə görə də sizi təbrik etməyək ki…
Ailənin büdcəsinə sel kimi axacaq əlavə milyardlar, neft pulları, bütöv bir ölkənin sərvətləri “qələbə” demək deyilmi? Əlbəttə, qələbədir. 40 ildir ki, bu, belədir. Heç nə dəyişmir. Son seçkiləri isə yalnız biz müşahidə etmədik, dünya baxdı bu seçkilərə. Bizi müşahidə edən dünya Azərbaycan haqqında, nəhəng tarixi, böyük mədəniyyəti, incəsənəti olan Azərbaycan xalqı haqqında nə düşünəcək, buna orada, sənin ətrafında tüpürmək istəyən belə yoxdur. Amma hər halda, biz də buna dözməyəcəyik və Azərbaycan xalqı qalib gələnə qədər bu mübarizəni aparacağıq.
Bu dəfə də siz “qalib” gəldiniz və sözün həqiqi mənasında “saxta prezident” titulunu bir daha haqq etdiniz. Bir daha haqq etdiniz. Bundan əvvəlki dəfələrdə isə Azərbaycanı bir neçə on illik geriyə atmağa nail olmuşdunuz. Bu dəfəki “qələbəni” də buna sərf etmək niyyətindəsiniz və bu niyyəti gerçəkləşdirmək üçün əldə edə bildiyiniz imkanlara görə sizi təbrik etməyə dəyər.
Siz bütün dünyaya göstərdiniz ki, Azərbaycan baş tutmamış dövlətdir və onun xalqı da dəyişikliklərə hazır olan bir xalq deyil. Bütün dünyaya göstərdiniz ki, Azərbaycanda onu sivil dünyaya qovuşduracaq heç bir qayda, qanun, norma yoxdur. Siz bütün dünyaya göstərdiniz ki, Dağlıq Qarabağ ermənilərinin də Azərbaycandakı rejimi əsas gətirərək sülh danışıqlarını rədd etməsində məntiq var. Amma hakimiyyət ehtirası sizə imkan vermir ki, bu siyasətinizin nəticələrini dərk edə, onun ölkə üçün hansı fəlakətləri doğurduğunu dəyərləndirə biləsiniz. Sizi əmin edirəm ki, Azərbaycana qarşı bu siyasəti onun ən qəddar düşmənləri də yürüdə bilməzdi, buna cəsarət etməzdi. Bu sizdə alınır və buna görə sizi təbrik etməyə dəyər.
Siz tam inamla bütün dünyaya sübut edirsiz ki, Azərbaycan xalqı savadsız, siyasi mədəniyyətdən məhrum, zəif bir orqanizmdir. Buna inanmaq istəməyənləri isə sizin pullarınız inandırır. Seçkiləri müşahidə üçün ordan-burdan sürüyüb gətirdiyiniz müşahidəçilərin verdiyi rəyə baxanda da əmin olmaq mümkündür ki, siz Azərbaycanı rüşvət diyarı və korrupsiya ölkəsi kimi tanıtdırmaq üçün əlinizdən gələni edirsiniz. Əlbəttə, çoxları sizin pullarınızı avtoritetli mənbə hesab edir. Avropada da belələri çoxdur. Amma hamı yox. Hamını və hər kəsi pulla ələ almaq olmur. Sizi bu zamana qədər pulla ələ ala bildiklərinizin kəmiyyətinə görə də təbrik etməyə dəyər.
Amma hər şey təbriklərdə ifadə olunmur. Xəbərdarlıqlar da var. Xalq sizin bu zorakılıqlarınızı sonuna qədər həzm etməyəcək. Professor Cəmil Həsənli cəmi 54 dəqiqə ərzində sizin bütün mahiyyətinizi ifşa edib Azərbaycan xalqının etimadını qazandı. Siz bu dəfə onun qələbəsini öz adınıza saxtalaşdırdınız. Sizin bu “uğurlarınız” hər dəfə on minlərlə, yüz minlərlə insanın nifrətini qazandırır. (Şəxsən mən, 12 ildir mühacirətdə yaşayan bir azərbaycanlı olaraq sizə hədsiz nifrət edirəm). Və mütləq qeyd etməliyəm ki, bu qədər insanın nifrətini qazanaraq, mövcud olmaq, üstəlik həmin insanların, həmin xalqın prezidenti adına iddia edərək mövcud olmaq da böyük bir qabiliyyətdir, uğurdur və buna görə də sizi təbrik etməyə dəyər.